Xəbərlər

Yeni zooloji parkın yaradılması layihəsi üzrə mövcud vəziyyət

19 İyun 2017, 00:00

  “Zooloji Parkın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası məqsədilə ilkin olaraq Zooloji Parkın yerləşdirilməsi üçün Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Abşeron rayonunun Qobu qəsəbəsində 55 hektar ərazi ayrılıb, lakin ərazinin əsas təbii göstəricilərinin qeyri-qənaətbəxş olması səbəbindən (su mənbəyinin olmaması, torpağın qeyri-münbit və şoranlığı , yol infrastrukturunun inkişaf etməməsi və s.) aparılmış monitorinqlərin nəticələri əsas götürülərək onun münasib ərazi ilə dəyişdirilməsi təklif edilib. 

   Zooloji Parkın dizayn, tikinti və inkişaf planı layihəsi “Ekodenge Engineering and Consultancy Ltd” şirkəti tərəfindən 2012-ci ildə hazırlanıb.
Nazirlik öz növbəsində Ceyranbatan gölünün yaxınlığında yerləşən, Qumyataq gölünün sahilində olan meşə fondu torpaqlarının bu məqsədlə ayrılması üçün təşəbbüs irəli sürüb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən Zooloji Parkın yerləşdirilməsi üçün Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisindən 55 hektar torpaq sahəsi ayrılıb.
Parkın layihə-dizayn sənədləri işlənilərkən yeni ayrılmış ərazinin təbii göstəriciləri nəzərə alınmaqla və onların təbii xüsusiyyətlərindən (Qumyataq gölünün suyundan, bitən ağac və kollardan, təbii relyefdən) istifadə etməklə safari-park konsepsiyası əsasında hazırlanıb.
Layihə -dizayn işlərinin aparılmasına son illər dünyanın bir sıra ölkələrində (Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Sinqapur) yaradılan yeni zooloji parkların layihəsini hazırlayan şotlandiyalı, yeni zellandiyalı, sinqapurlu mütəxəssislər cəlb olunub. Yeni Zooloji Parkın layihə sənədlərinə əsasən, Azərbaycan Zooloji Parkında müvafiq olaraq 9 əsas sərgi zonası, 80 əsas (elementar) sərgi sahəsi, 224 müxtəlif növ və 1518 heyvan fərdinin nümayiş etdirilməsi nəzərdə tutulub.
   Layihə əvvəlcədən müəyyən olunmuş vaxtda tam hazır edilərək aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb və bütünlüklə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə təqdim olunub, burada 29 noyabr 2013-cü il tarixində ekspertizadan keçdikdən sonra təsdiq olunaraq, inşaat üçün tam hazır vəziyyətə gətirilib.
Nəzərə alsaq ki, 55 hektar ərazisi olan Zooloji Park üçün tələb olunan qapalı kanalizasiya sisteminin qurulması, etibarlı enerji şəbəkəsinin, su rezervuarlarının yaradılması, qaz təchizatı və digər məsələlər külli miqdarda vəsait tələb edir, zooloji parkın xarici kommunikasiya vasitələri ilə təminatı üçün zəruri vəsait ödənildikdən sonra inşaat işlərinin başlanılmasına yetərli olmayacağı nəzərə alınaraq, zooloji parkın tikintisi üçün vəsaitin ayrılması barədə Hökumət qarşısında məsələ qaldırılıb.
   Həmin dövrdə iqtisadiyyatda gedən proseslərlə bağlı daha vacib məsələlərin ortaya çıxması səbəbindən yeni zooloji parkın tikintisi gələcək vaxta keçirilib və ayrılan vəsaitin büdcəyə qaytarılması tam şəkildə təmin edilib.
Məlumat üçün bildiririk ki, hazırda fəaliyyət göstərən Bakı Heyvanat Parkı Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyindədir. Son illərdə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın şəxsi təşəbbüsü və dəstəyi ilə Bakı Heyvanat Parkında saxlanılan bir sıra növlərin saxlanma şəraiti xeyli dərəcədə yaxşılaşdırılıb və onların saxlandığı qəfəslərin sahəsi bir neçə dəfə genişləndirilib.
Bir daha qeyd etməyi lazım bilirik ki, yeni zooloji parkın müasir standartlar əsasında işlənilmiş və qanunvericiliyə uyğun qaydada təsdiq olunmuş layihəsi tam hazırdır və Hökumət tərəfindən tələb olunan maliyyələşmənin ayrılacağı və müvafiq qurumlar tərəfindən yeni zooloji parkın tikintisi işlərinin aparılması mümkündür.
   Eyni zamanda yeni zooloji parkın Bakı şəhərinin yaxınlığında yerləşən Şirvan və Altıağac milli parklarının ərazisində bölmələrinin yaradılması və burada əsasən Azərbaycan təbiətinə məxsus vəhşi heyvan və quş növlərinin turistlər üçün sərgilənməsi və safari –park konsepsiyası əsasında fəaliyyət göstərməsi nəzərdə tutulur.