Xəbərlər

Respublika ərazisində mövcud olan sürüşmə sahələrində monitorinq aparılıb

08 Noyabr 2016, 00:00

2016-ci ilin noyabr ayında Bakı və Abşeron yarımadasında, həmçinin ölkənin rayonlarında ekzogen geoloji proseslərin dinamikasında müşahidələr davam etdirilib. Aparılan müşahidələr nəticəsində Bakı şəhəri və Abşeron yarımadasının mövcud sürüşmə yerlərinin bir çoxunda  stabillik qeydə alıınsa da, Badamdar, Əhmədli-Günəşli arası sahədə və Zığ-1 ərazisində sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Binəqədi 1-ci mədən yerində, Binəqədi qəsəbəsi Məlik Aslanov küçəsi boyunca,  Maştağa-Zabrat,  Şuşa şəhərciyi və  Daş Karxanası yaşayış sahələrində atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsinin qalxması və ətraf ərazilərin su ilə basılması müşahidə edilib.  

Abşeron rayonunun Masazır sürüşmə sahəsinin bir yerində çatların nisbi genişlənməsi, digər hissədə atmosfer yağıntılarının təsirindən 25-30 metr məsafədə uçqun prosesi qeydə alınıb. Ay ərzində Astaranın 5, Lerikin 4, Lənkəranın 3, Masallının 2, Cəlilabadın 2 sürüşmə sahəsində aktivləşmə müşahidə olunub.

Qərb bölgəsi istiqamətində daha çox Gədəbəy rayonu ərazisindəki sürüşmə ocaqları dəyişikliyə məruz qalıb. 4 sürüşmə sahəsinin hər birində aktivlik olub. Şimal rayonlarında Şabran istisna olmaqla Qubadakı 4 sürüşmə yerində, Qusarda 3 sahədən ikisində, Xızı və Siyəzəndəki bir sürüşmə zonasnda aktivlik qeydə alınıb. Sürüşmə ocaqlarının daha çox olduğu Şamaxı, Ağsu və İsmayıllı rayonlarında mövcud 22 sürüşmə sahəsindən yalnız 7-də stabillik olsa da, qalan 15 yerdə ay ərzində atmosfer çöküntüləri və yağıntıların təsirindən dəyişikliklər müşahidə edilib.