Dağ keçilərinin vəhşi təbiətdə ölüm halları araşdırılıb
20 İyul 2016, 00:00
2016-cı ilin iyul ayında Şahdağ Milli Parkının Qəbələ-Oğuz rayonları ərazisində dağ keçilərinin (dağıstan turu) ölümü ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş məlumat əsasında Nazirliyin Vəhşi Təbiətə Epidemioloji Nəzarət Laboratoriyasının əməkdaşları tərəfindən araşdırma aparılıb.
Araşdırma zamanı Qəbələ rayonu ərazisində dağ keçilərinin ölüm halları qeydə alınmayıb, lakin Oğuz rayonunun Filfilli kəndinə yaxın Qarabulaq dərəsi ətrafında bir neçə baş dağ keçisinin ölməsi faktı müəyyən edilib.
Vizual müşahidə nəticəsində (heyvanların qarın boşluğunun körməsi, ağız və burunun seliklə bulaşması, iltihabi proseslərin nəticələrinin qeydə alınması və s) heyvanların keçici xəstəliyə yoluxma səbəbindən öldüyü qənaətinə gəlinib. Aşkar olunmuş dağ keçilərinin cəsədlərindən götürülmüş nümunələr ümumi analiz olunması üçün müvafiq laboratoriyaya gətirilib, həmçinin paralel olaraq analiz aparılması üçün Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyasına da nümunələr təqdim olunub (analizlərin nəticələri təqribən 14 gün ərzində məlum olduğundan, iyul ayının sonlarında dəqiq məlumat alınacaq).
Nazirliyin aidiyyəti qurumları tərəfindən dağ keçilərinin ölümü qeydə alınan və miqrasiya yolları olan sahələrdə, su hövzələrinin ətrafında dezinfeksiya işləri aparılır. Dağ keçilərinin ölümü ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinə də rəsmi məlumat göndərilib.
Qeyd edək ki, dağ keçilərinin ölümü ilə bağlı aidiyyəti dövlət qurumlarının fəaliyyətsizliyi barədə müxtəlif sosial şəbəkələrdə məlumatlar yayılır, bəzi hallarda məsələnin mahiyyətini bilməyən, dövlət qurumlarının gördüyü işlər barədə məlumatlı olmayan həvəskar təbiət sevərlər məsələ barədə az qala “mütəxəssis” rəyi verməyə çalışırlar.
Halbuki mütəmadi aparılan müşahidələrin nəticələrinə və daxil olan məlumatlara əsasən Nazirliyin Vəhşi Təbiətə Epidemioloji Nəzarət Laboratoriyasının əməkdaşları bu sahədə qeydə alınan faktları, təbii amilləri, həmçinin heyvanların mövsümi miqrasiya proseslərini təhlil edir və vaxtında adekvat tədbirləri həyata keçirir. Məlumat üçün bildiririk ki, anoloji fakt 2015-ci ilin 10-15 sentyabr tarixlərində Quba rayonu Xınalıq və Haput kəndləri yaxınlığında da qeydə alınmışdı. Həmin vaxt da dağ keçilərinin (Dağıstan turu) ölümü ilə bağlı daxil olmuş məlumat əsasında Nazirliyin Vəhşi Təbiətə Epidemioloji Nəzarət Laboratoriyasının əməkdaşları tərəfindən yerində araşdırma aparılmışdı.
Araşdırma zamanı Xınalıq kəndi ətrafında 1-2 kilometr radiusda 15-ə yaxın, Haput kəndi ətrafında təxminən 1 kilometr radius ərazidə 10-a yaxın müxtəlif yaş qrupuna daxil olan dağ keçisi cəsədlərinin pərakəndə şəkildə səpələndiyi qeydə alınmış, vizual müşahidə nəticəsində (heyvanların qarın boşluğunun körməsi, agız və burunun seliklə bulaşması, iltihabi proseslərin nəticələrinin qeydə alınması və s) heyvanların keçici xəstəliyə yoluxma səbəbindən öldüyü qənaətinə gəlinmişdi.
Dağ keçilərinin cəsədlərindən götürülmüş nümunələr üzərində bakterioloji və virusoloji analiz aparılmış və təhlükəli Enterotoksemiya, Streptokokkoz və Xlamidioz xəstəliklərinin olması aşkarlanmışdı.
Qeyd edək ki, ötən ilki araşdırmalar və əldə edilmiş məlumatlara əsasən mütəxəssislər dağ keçilərinin bu xəstəliklərə yoluxmasına, yaylaq ərazilərinə gətirilmiş çoxsaylı qoyun sürüləri arasında yayılmış analoji xəstəliklərin səbəb olmasını ehtimal edib. Bununla bağlı Nazirlər Kabinetinə və Kənd Təsərrüfatı Nazirliyinə müvafiq məlumat verilib, Nazirliyin aidiyyəti qurumları tərəfindən isə dağ keçilərinin ölümü qeydə alınan və miqrasiya yolları olan sahələrdə dezinfeksiya işləri aparılıb.
Keçən dövr ərzində Quba rayonu istiqamətində vəhşi təbiətdə aparılan müşahidələr nəticəsində yeni tələfat halları qeydə alınmayıb.