Nazir fərdi balıq ovu ilə məşğul olan Neftçala sakinləri ilə görüşüb
26 Fevral 2016, 00:00
25 fevral 2016-cı il tarixində Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Neftçala rayonunun fərdi balıq ovu ilə məşğul olan balıqçıları ilə görüşüb. Balıqçıların təşəbbüsü ilə baş tutan görüş Neftçalanın Qoltuq kəndində keçirilib.
Görüşdə balıqçılar nazirlik tərəfindən fərdi balıq ovunun fasiləsiz davam etdirilməsi üçün 2015-ci ildə hüquqi və fiziki şəxslərə verilmiş balıqovlama biletinin hüquqi qüvvəsinin iki ay müddətinə uzadılmasına və görüşün təşkilinə görə minnətdarlıq bildirib. H.Bağırov isə belə görüşlərin keçirilməsini və vətəndaşların üzləşdikləri problemlərin həlli üçün tədbirlərin görülməsini ölkə başçısı cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi və dövlət qurumlarının vəzifə borcu kimi dəyərləndirib.
Sonra görüş iştirakçıları nazirlə açıq fikir mübadiləsi apararaq bölgədə balıqçılıq sahəsində mövcud olan vəziyyət və qarşılaşdıqları çətinliklər barədə məlumat veriblər. H.Bağırov fərdi balıq ovu ilə məşğul olan Neftçala sakinlərinin rəy və təkliflərini dinləyib, konkret məsələlər haqqında nazirliyin mövqeyini bildirib. Nazir qeyd edib ki, ETSN öz səlahiyyətləri daxilində balıqçılara bütün qanunamüvafiq köməklikləri göstərəcək.
Bununla belə, balıqçıların da üzərinə məsuliyyət düşdüyü, onların qanuni və vicdani öhdəliklərinin olduğu diqqətə çatdırılıb. Hamımız birlikdə standarta uyğun gəlməyən balıq tutanları, qadağan olunan ov alətlərindən istifadə edənləri qınaq obyektinə çevirməliyik. Nazirlik tərəfindən balıqartırma zavodlarından su hövzələrinə buraxılan nərə cinsli balıqları xırda ikən tutaraq məhv etmək olmaz deyən H.Bağırov bildirib ki, əks təqdirdə, onsuz da ilbəil azalan balıq ehtiyyatları yaxın illərdə daha da tükənəcək və ölkənin su hövzələrində balıqçıların gələcək dolanışığı üçün bioresurslar demək olar ki, qalmayacaq.
Görüşdə müzakirə olunan məsələlər, verilən tövsiyələr balıqçılar tərəfindən razılıqla qarşılanıb, yekun olaraq nazir tərəfindən balıq yetişdirilməsi üçün dəniz və çay kənarlarında süni göllərin yaradılması, Xəzər ölkələri arasında müəyyən edilən kvotanın elə balıqçıların özlərinin iştirakı ilə hər kəsin ailə vəziyyətinə və maddi durumuna görə müəyyənləşdirilməsi barədə təkliflər verilib, bu təkliflərin dəyərləndirilməsi üçün balıqçıların iştirakı ilə müvafiq komissiyanın yaradılması məqsədəmüvafiq sayılıb.