Xəbərlər

Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın ikinci nəşrinin ilkin variantının ictimai müzakirəsi keçirilib

20 Fevral 2013, 00:00

19 fevral 2013-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Respublikasının “Qırmızı kitab”ının ikinci nəşrinin ilkin variantının ictimai müzakirəsi keçirilib.
Tədbirdə “Qırmızı kitab”ın ikinci nəşrinin hazırlanması məqsədilə yaradılmış Redaksiya Heyəti və İşçi Qrupunun üzvləri, həmçinin elmi təşkilatların əməkdaşları, QHT və KİV nümayəndələri iştirak edib.
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov tədbiri giriş sözü ilə açaraq “Qırmızı kitab”ın ilk nəşrinin 1989-cu ildə çap olunduğunu, yeni nəşrin isə Azərbaycan Milli Elmlər Akademiyasının və universitet alimlərinin birgə iştirakı ilə hazırlandığını qeyd edib, çapdan çıxan yeni nəşrin sınaq variantının ictimai müzakirəyə çıxarıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Nazir çıxışında “Qırmızı kitab”a daxil edilən bütün fauna və flora növlərinin orijinal şəkillərinin yenidən çəkilməsinin vacibliyini, təhlükədən sovuşan növlərin isə “Qırmızı kitab”dan çıxarılacağı təqdirdə onların müdafiəsinin hüquqi baxımdan zəifləyəcəyini və bu səbəbdən onların adının “Qırmızı kitab”dan çıxarılmamasını təklif edib.
Daha sonra AMEA-nın Botanika İnstitutunun direktoru, elmlər doktoru, professor Validə Əlizadə və AMEA-nın Zoologiya İnstitutunun direktoru və AMEA-nın müxbir üzvü İlham Ələkbərovun çıxışları dinlənilib.
V.Əlizadə çıxışında Azərbaycanda son 20 il ərzində florada bir çox dəyişikliklərin olduğunu, ETSN tərəfindən bitkilərin qorunması ilə bağlı vəziyyətin yaxşılaşdığını və hər 10 ildə “Qırmızı kitab”ın yeni siyahısının tərtib edilməsinin vacibliyini vurğulayıb.
AMEA-nın Zoologiya İnstitutunun direktoru İ.Ələkbərov isə çıxışında 1989-cu ildə “Qırmızı kitab”ın çap olunan birinci nəşrinə 108 növ heyvan, ikinci nəşrinə isə nadir və nəsli kəsilməkdə olan 206 növ heyvanın daxil edildiyini bildirib.
Tədbirdə “Ekosfera” İctimai Birliyinin sədri Firuzə Sultanzadə, Təhsil Nazirliyi Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin nümayəndəsi Lalə Dadaşova, Aqroinformasiya Mərkəzinin İdarə Heyətinin sədri Fazil Cəfərov, bioloq, elmlər doktoru Yelena Tağıyeva, Vəhşi Təbiət Fondunun nümayəndəsi Elşad Əsgərov, Azərbaycan Heyvanlarının Mühafizə Cəmiyyətinin sədri Azər Qarayev, “Həyəcan” QHT-nin nümayəndəsi Əliheydər Məmmədovun da “Qırmızı kitab”la bağlı irad və təklifləri dinlənilib və müzakirələr aparılıb.
Müzakirələrin sonunda mütəxəssislərin fikir və rəyləri nəzərə alınmaqla “Qırmızı kitab”ın qısa müddət ərzində hazırlanması üçün zəruri istiqamətlər müəyyən edilib.
Tədbirdə, həmçinin “2008-2012-ci illərdə ətraf mühitin mühafizəsi istiqamətində görülmüş işlərlə bağlı geniş hesabat və ətraf mühitin mühafizəsinə dair məlumat” sənədinin ictimai müzakirəsi keçirilib. Lakin hesabatın son variantının yenidən işlənərək daha da təkmilləşdirildikdən sonra müzakirəyə çıxarılması təklif olunub.