Xəbərlər

Hidroloji proqnozlar metodikaya uyğun olaraq özunu doğrultmuşdur

09 İyul 2012, 00:00

Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti 2012-ci ilin gursululuq dövrünün (aprel, may, iyun) başa çatması ilə əlaqədar çoxillik məlumatlarla müqayisəli təhlil aparmış, verilmiş proqnozların özünü doğrultması qiymətləndirilmişdir. Aparılan analitik araşdırmalar Milli Hidrometeorologiya Departamentinin gursululuq dövrü üzrə çaylarda gözlənilən sululuğa dair verdiyi hidroloji proqnozların metodikaya uyğun olaraq özünü doğrultduğunu müəyyən etmişdir.
Belə ki, gursululuq üzrə proqnozlar aprel ayında 82, may ayında 88, iyun ayında isə 67 faiz özünü doğrultmuşdur.
Hidrometeoroloqların temperatur və yağıntı ilə bağlı aylar üzrə (aprel, may, iyun) verdiyi proqnozlar da faktiki vəziyyətə görə özünü doğrultmuşdur:
-aprel ayında temperatur üzrə 92, yağıntı üzrə 63, ümumilikdə 78 faiz;
-may ayında temperatur üzrə 98, yağıntı üzrə 69, ümumilikdə 84 faiz;
-iyun ayında isə temperatur üzrə 97, yağıntı üzrə 89, ümumilikdə 93 faiz.
Qeyd edək ki, dünya təcrübəsində aylıq meteoroloji proqnozların özünü doğrultması 60-70 faiz təşkil edir.

Gursululuq dövründə (aprel, may, iyun ayları üçün) verilmiş proqnoz və faktiki müşahidə olunan sululuq

Gursululuq dövrü üçün tranzit çaylar üzrə verilmiş axım proqnozu qonşu ölkələrin və respublikanın ərazisində aparılan qarölçmə işlərinin nəticələrinə əsasən verilmişdir. Kür, Araz və Qanıx çaylarının axımı əsasən qonşu dövlətlərin ərazisində formalaşır və həmin ölkələrin ərazisində axım formalaşdıran qarölçmə işləri və gözlənilən yağıntılar haqqında məlumatların dolğun olmaması çaylar üzrə verilmiş proqnozların dəqiqliyinə öz təsirini göstərmişdir.

Kür çayının Salyan məntəqəsində ən aşağı sululuq 2000-2001-ci illərdə qeydə alınmış və müqayisə üçün 2012-ci ilin gursululuq dövrünün aprel, may və iyun ayında müşahidə olunan orta aylıq su sərfləri cədvəldə verilmişdir.

Kür çayının Qıraqkəsəmən və Salyan məntəqələrində 2010-2012-ci illərin gursululuq dövrü və çoxillik müşahidə dövrü də müqayisə edilmiş və göstəricilər cədvəldə öz əksini tapmışdır.

2012-ci ilin 5-6 aprel tarixlərindən başlayaraq respublikanın dağ çaylarında sululuğun artımı müşahidə olunmuş və bu artım ikinci ongünlükdə də davam etmişdir.

Aprel ayında Mingəçevir su anbarının səviyyəsi 74,57 metrdən 76,06 metrədək artmışdır (2011-ci il aprel ayının sonunda səviyyə 76,75 metr təşkil etmişdir).
May ayında Mingəçevir su anbarının səviyyəsi 76,10 metrdən 77,87 metrədək artmışdır (2011-ci il may ayının sonunda səviyyə 79,87 metr təşkil etmişdir).
İyun ayında isə Mingəçevir su anbarının səviyyəsi 77,92 metrdən 77,22 metrədək azalmışdır (2011-ci il iyun ayının sonunda səviyyə 81,81 metr təşkil etmişdir).
Son 13 ildə Mingəçevir su anbarında ən aşağı səviyyə 2000-2002-ci illərdə qeydə alınmışdır.
Gursuluq dövrü üzrə yağıntının miqdarının təhlili göstərir ki, 2012-ci ildə gursululuq dövrü ərzində bütün aylar üzrə düşən yağıntının miqdarı 2011-ci ildən az olmuşdur.