Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeyri-hökumət təşkilatları ilə görüş keçirilmişdir

10 Mart 2012, 00:00

9 mart 2012-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən 2012-ci ilin yanvar ayında hazırlanmış Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksinə (Environmental Performance İndex) əsasən Azərbaycanın ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması sahəsində son 10 ildə gördüyü işlərə görə 132 ölkə arasında 2-ci yerdə qərarlaşması qeyri-hükumət təşkilatları ilə müzakirə olunmuşdur.
İclası giriş sözü ilə Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov açaraq Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksində ətraf mühitin vəziyyəti və ekoloji vəziyyətin dəyişikliyinin 10 sahə üzrə 22 indikator əsasında qiymətləndirildiyini bildirmişdir. Sonra ETSN-nin ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttar-zadə tədbir iştirakçılarına məsələ ilə əlaqədar geniş məlumat vermiş və mövzu ətrafında müzakirələr aparılmışdır.
QHT nümayəndələri adından çıxış edən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov qeyd olunan ekoloji qiymətləndirmənin geniş çərçivədə aparıldığını, sırf ətraf mühit komponentləri ilə bərabər, qapalı məkanlarda havanın keyfiyyəti, uşaq ölümü, kənd təsərrüfatına subsidiyalar kimi məsələlərin də nəzərə alındığını yüksək qiymətləndirmişdir. O, ətraf mühitlə bağlı xəstəliklərin azalması sahəsində Azərbaycanın maksimum nəticə göstərərək 1-ci yerə yüksəlməsini məhz insan sağlamlığına mənfi təsir edən ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlərlə əlaqələndirərək, son zamanlar təhlükəli tullantıların idarə olunması sahəsindəki dəyişikliklərin, o cümlədən əhalinin Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təmin edilməsinin, bərk məişət tullantıları və çirkab suların idarə olunmasındakı irəliləyişlərin, neftlə çirklənmiş ərazilərin təmizlənməsinin və s. fəaliyyətlərin belə nəticələrin əldə olunmasına gətirdiyini bildirmişdir.
Daha sonra Davamlı İnkişaf Cəmiyyəti İctimai Birliyinin sədri Fikrət Cəfərov ekoloji qiymətləndirmənin düzgün metodologiya əsasında aparıldığını bildirmiş, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının istilik effekti yaradan qazların tullantılarının azaldılması üzrə Azərbaycanın kəmiyyət öhdəliyi götürməyən tərəf olmasına, son illər iqtisadiyyatın intensiv inkişafına baxmayaraq tullantıların azaldılması istiqamətində konkret tədbirlər hesabına iqlim dəyişikliyi bəndi üzrə də 1-ci yeri tutmasını iclas iştirakçılarının diqqətinə çatdırmışdır.
Azərbaycan Ornitoloji Cəmiyyətin sədri Elçin Sultanov isə ABŞ universitetlərinin açıqladığı beynəlxalq hesabatın meşələrlə bağlı bölümündə meşə ehtiyatlarının vəziyyəti, meşə örtüyünün dəyişməsi, meşə itkilərinə görə son 10 ildə Azərbaycanın 132 dövlət arasında ən yüksək nəticə əldə etdiyini qeyd etmiş və azmeşəli ölkə olmağımıza baxmayaraq görülmüş işlərə görə öndə olmağımızı təqdirəlayiq hal kimi qiymətləndirmişdir.
Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin Qərb bölgəsi üzrə nümayəndəsi Aslan Vəliyev tədbirdə çıxış edərək bildirmişdir ki, son illər ölkədə ətraf mühit sahəsində fəaliyyətin və aparılan islahatların qiymətləndirilməsinin təhlili göstərir ki, ekoloji problemlərin həlli istiqamətində sürətlə həyata keçirilən tədbirlər effektiv olmuş və fəaliyyət istiqaməti düzgün seçilmişdir.
Sonda Mühit Ekoloji İctimai Birliyin sədri Əziz Azəri çıxış edərək son dövr ərzində görülən işləri kənardan qiymətləndirdikdə digər dövlətlərlə müqayisədə Azərbaycanda ekoloji problemlərin daha sürətlə həll olunduğunu qeyd etmişdir.
Tədbirdə iştirak edən digər QHT nümayəndələri də müzakirəyə çıxarılmış məsələ ilə bağlı çıxışlar etmiş və geniş fikir mübadiləsi aparmışlar.