Xəbərlər

Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi sahəsində 2011-ci ildə görülmüş işlər

15 Fevral 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti Xəzər dənizində, çaylarda və daxili su hövzələrində məskunlaşmış vətəgə əhəmiyyətli balıq növlərinin ehtiyatının bərpa edilməsi, artırılması, qorunub saxlanılması, habelə bioresurslardan istifadənin tənzimlənməsi istiqamətində ardıcıl fəaliyyətini 2011-ci ildə də uğurla davam etdirmişdir.
Ötən ildə Departamentin nəzdində müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələrinin artırılmasını təmin edən müəssisələr tərəfindən 335,02 milyon ədəd balıq körpələri (nərəcinsli balıqlar 3,41 milyon ədəd, qızılbalıq 171,6 min ədəd, çəkikimilər 326,84 milyon ədəd, (ağ amur) bitki ilə qidalanan 4,6 milyon ədəd) süni və təbii yolla artırılıb təbii su hövzələrinə buraxılmışdır.
Keçən dövrdə departamentin əməkdaşları tərəfindən 73 qanun pozuntusu aşkar olunmuş, 19 akt və 54 protokol tərtib edilmiş, 54 nəfər məsuliyyətə cəlb olunmuşdur. Qanun pozucularından 8 ədəd qayıq, 70 ədəd tor, 740 müxtəlif növ balıq götürülmüş, 3 iş Respublikanın rayon məhkəmələrinə, 22 iş hüquq mühafizə orqanlarına göndərilmiş, 29 işə inzibati qaydada Departament tərəfindən baxılmışdır. Bioloji resurslara vurulmuş ziyanla bağlı ümumilikdə 38419 manat məbləğində iddia tətbiq edilmişdir.
2011-ci ildə Departament tərəfindən “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq 22 hüquqi və 119 nəfər fiziki şəxsə balıq ehtiyatlardan istifadə etmək üçün icazə verilmişdir. Bu müddətdə sənaye ovu üçün kilkə, siyənək və axçalı balıq növlərinin ovlanmasına müvafiq kvotalar ayrılmış, nərə balıqartırma zavodlarının törədici balıqlarla təmin edilməsi və elmi-tədqiqat məqsədləri üçün nərəcinsli balıq növlərinin ovlanmasına icazə verilmişdir.
5 Xəzəryanı ölkələr tərəfindən (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan, İran) yaradılan Xəzərin Su Bioresursları Komissiyasının sədrliyi 2011-2012-ci illərdə Azərbaycan Respublikasına keçmiş və 14-16 dekabr 2011-ci il tarixlərində Komissiyanın 32-ci iclası Bakı şəhərində keçirilmişdir.
Qeyd edək ki, Komissiya Xəzərin su bioresurslarının vəziyyətinin (sayının, növünün, yayılmasının) elmi-tədqiqat ekspedisiyaları vasitəsilə öyrənilməsini təmin edir və dəniz üzrə ümumi ov kvotasını, habelə 5 Xəzəryanı ölkə arasında milli ov kvotalarına bölünməsini müəyyənləşdirir və eyni zamanda, CİTES Konvensiyası Katibliyinə təsdiq üçün təqdim olunan nərəkimi balıqların ət və kürüsünün ixrac kvotalarının miqdarını təyin edir.