Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilmişdir

16 Dekabr 2011, 00:00

15 dekabr 2011-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Kollegiya iclası keçirilmişdir.
Kollegiya iclasında üç məsələ - Ətraf Mühitin Mühafizəsi, Meşələrin İnkişafı, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentləri və onların tabeli qurumlarının 2011-ci ilin 11 ayı ərzində fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
İclası giriş sözü ilə açan Nazir H.Bağırov ölkə Prezidentinin ekologiya və ətraf mühitin mühafizəsi ilə əlaqədar məsələləri daim diqqət mərkəzində saxlamasını, ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük dəstək verdiyini, bu istiqamətdə iri layihələrin uğurla həyata keçirildiyini və hazırda da davam etdirildiyini bildirmişdir.
Yaşıllıq ərazilərinin artırılması, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması, təhlükəli tullantıların idarə olunması, pilot layihələrin həyata keçirilməsi və s. sahələrdə görülmüş tədbirlər barədə də kollegiya iclasında məlumat verilmişdir.
Bildirilmişdir ki, Nazirliyin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2011-ci ilin 11 ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 1881 akt və 577 protokol tərtib olunmuş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 957 icrası məcburi olan göstəriş verilmişdir. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 121, məhkəmələrə 125, məhkəmə icraçılarına 394 iş göndərilmişdir.
Qanunu pozmuş hüquqi və fiziki şəxslərin onlara tətbiq olunan cərimələri ödəməkdən yayınması, hüquq-mühafizə orqanlarına, məhkəmə və məhkəmə icraçılarına göndərilmiş işlərin əksəriyyətinin baxılmamış qalması da iclasda təəssüflə qeyd olunmuşdur.
Bundan başqa, iclasda xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi, ekoloji şəbəkənin yaradılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirildiyi də vurğulanmışdır. Bunun nəticəsində, hazırda, ölkəmizdə ümumi sahəsi 880 774,04 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 8 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir və ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,2 faizini təşkil edir.
Qeyd olunmuşdur ki, xüsusi mühafizə olunan təbiət ərazilərində qanun pozucularına qarşı 816 akt, 220 protokol tərtib edilmiş, təbiətə 71047,49 manat məbləğində ziyanın vurulduğu hesablanmış, inzibati qaydada 139980 manat cərimə tətbiq edilmiş, 34 iş baxılması üçün hüquq-mühafizə orqanlarına, 93 iş rayon məhkəmələrinə və məhkəmə icraçılarına göndərilmişdir.
Həmçinin, 2011-ci ilin 11 ayı ərazində xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında brakonyerliklə məşğul olan şəxslərdən 81 ədəd ov silahı götürülmüş, 77 şəxs barəsində akt və protokol tərtib edilərək 72 800 manat məbləğində cərimə tətbiq edilmiş, 1166 manat məbləğində iddia qaldırılmışdır. 4 nəfərin isə şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə tədbirlər görülür.
Bundan əlavə, meşələrin artırılması və bərpası istiqamətində cari ilin ötən dövrü ərzində 26615 min ədəd müxtəlif cinsli əkin materialları yetişdirilmiş, 127173 kq toxum tədarük olunmuş, 3085 hektar sahədə meşə əkini və səpini işləri aparılmışdır.
Əhalinin yanacağa olan təlabatını qismən ödəmək məqsədilə 2011-ci ilin 11 ayı ərazində müəssisələr üzrə 38482 m3 həcmində oduncaq tədarük olunmuşdur.
Cari ilin 11 ayı ərzində, ümumilikdə 3,75 hektar meşə fondu ərazisində yanğın hadisəsi qeydə alınmış, yanğın əleyhinə vaxtaşırı profilaktik və qabaqlayıcı tədbirlərin aparılması nəticəsində meşə fonduna ciddi ziyan dəyməmişdir.
Kollegiya iclasında meşələrin mühafizəsi və bərpası sahəsində görülmüş işlərlə yanaşı, yol verilmiş nöqsan və problemlər də müzakirə edilmişdir.
Bəzi Meşə Mühafizəsi və Bərpası Müəssisələrində (MMBM) əkinlərin bitiş faizi orta respublika göstəricisindən yuxarı olsa da, bir neçə müəssisədə isə bu göstərici xeyli aşağı olmuşdur.
MMBM-lərdə aparılmış yoxlamalar zamanı 125519 manat köküstə nırx dəyərində 20994 m3 həcmində ağacın özbaşına kəsildiyi müəyyənləşdirilərək aktlaşdırılmış və qanunamüvafiq tədbirlər görülmüşdür. Meşə qanunvericiliyinin pozulması halları ilə bağlı hüquq-mühafizə orqanlarına göndərilmiş 222 işdən 117 işə baxılması təmin edilmişdir.
Bütün bunlarla yanaşı, iclasda 2011-ci ildə ətraf mühitin mühafizəsi sahəsində əldə olunan uğurlar, görülmüş müsbət işlərlə bərabər, bir sıra nöqsan və çatışmazlıqların olduğu da qeyd olunmuşdur.
Belə ki, nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatları dinlənilmiş, qısa müddət ərzində onların aradan qaldırılması üçün Departament və onların tabeli qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.
İşlərində yol verdikləri nöqsanlara görə Şahdağ Milli Parkının direktoruna şiddətli töhmət, 4 və 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinin direktorlarına töhmət verilmişdir. 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəhbərinin vəzifəyə uyğun olub-olmamasının araşdırılması tapşırılmışdır. Həmçinin, Qusar, Qazax, Şamaxı və Cəngi MMBM-lərin direktorlarına töhmət verilmişdir.