Xəbərlər

Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam edir

08 Dekabr 2011, 00:00

Xəzər dənizinin, o cümlədən Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq olunmuş Dövlət və Milli proqramların icrası ilə əlaqədar son bir neçə il ərzində aidiyyəti dövlət orqanları tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.
Ölkə Prezidenti neftlə çirklənmiş ərazilərin təmizlənməsi, kanalizasiya, tullantı sularının idarə olunması və xüsusilə Bakı buxtasının təmizlənməsi üçün davamlı olaraq müvafiq tapşırıqlarını və görüləcək işlər haqqında tövsiyələrini vermişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı buxtasının ekoloji vəziyyətinin sağlamlaşdırılması ilə əlaqədar aidiyyəti qurumlar qarşısında dəfələrlə məsələ qaldırmışdır.
Hazırda Bakı buxtasına Səbail rayonu ərazisindən 22, Xətai rayonu ərazisindən 17, Bayıl qəsəbəsi ərazisindən 14, Dənizkənarı Milli Park ərazisindən 5 axar müəyyən edilmişdir.
Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illəri əhatə edən Kompleks Tədbirlər Planının icrasını təmin etmək məqsədilə Bakı buxtasının, Bibi-Heybət ərazisinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və tullantı sularının idarə olunması üzrə tədbirlər həyata keçirilmiş və bu sahədə müvafiq işlər davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizinin, o cümlədən Bakı buxtasının ekoloji vəziyyətinin sağlamlaşdırılması ilə əlaqədar ardıcıl tədbirlər həyata keçirmişdir:
- Bakı buxtasının ekoloji vəziyyəti və onun yaxşılaşdırılması üçün zəruri tədbirlər Proqramı hazırlanmış və 2005-ci ildə Nazirlər Kabinetinə təqdim edilmişdir.
- Zığ təmizləyici qurğular kompleksində tullantı sularının normalara uyğun təmizlənməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə “Azərsu” ASC-yə 29 aprel 2010-cu il tarixdə məktub göndərilmişdir.
- Bakı buxtasına istiqamətlənmiş leysan suları kollektorlarında çatışmazlıqların aradan qaldırılması ilə bağlı və axıdılan çirkab suların qarşısının alınması üçün hazırlanmış Tədbirlər Planı 11 may 2010-cu il tarixdə Nazirlər Kabinetinə təqdim olunmuşdur.
- Xəzər dənizinə axıdılan çirkab suların təmizlənməsi vəziyyətinə dair görülmüş işlər barədə məlumat 08 sentyabr 2010-cu il tarixdə Nazirlər Kabinetinə təqdim edilmişdir.
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 avqust 2010-cu il tarixli Sərəncamına əsasən “Azərsu” ASC tərəfindən tikilib 2009-cu ildə istismara verilmiş Hövsan çirkab sularını təmizləmə qurğusu, 2 saylı Zığ nasos stansiyası və əsas ötürücü kanalizasiya xətlərinin yenidən qurulması və genişləndirilməsi obyektlərinin istismarı ilə əlaqədar yaradılmış İşçi qrupu tərəfindən sözügedən obyektin istismar vəziyyəti barədə Arayış 04 oktyabr 2010-cu il tarixdə Nazirlər Kabinetinə təqdim olunmuşdur.
- Bakı buxtasının təmizlənməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə hazırlanmış təkliflər 02 dekabr 2010-cu il tarixdə Nazirlər Kabinetinə təqdim edilmişdir.
- Müvafiq tədbirlərin görülməsi üçün Xəzər dənizinin suyunun fiziki və kimyəvi analizlərinə dair məlumatlar 04 mart 2011-ci il tarixdə “Azərsu” ASC-yə göndərilmişdir.
- Nazirliyin müvafiq qurumları tərəfindən Bakı buxtasının ərazisindən götürülmüş su nümunələri üzərində aparılmış təhlillərin və dib çöküntülərinin nəticəsi, Şıx burnundan Sultan burnuna qədər olan buxtanın ərazisindən dənizə axıdılan axarlar haqqında məlumat 23 may 2011-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinə göndərilmişdir.
- Xəzər dənizində, o cümlədən Bakı buxtasında mütəmadi olaraq monitorinqlər həyata keçirilmiş və buxtanın ekoloji vəziyyətinə dair bülletenlər hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim olunmuşdur.
Tullantı sularının təmizlənmədən və zərərsizləşdirilmədən Bakı buxtasına axıdılması ilə əlaqədar aidiyyəti dövlət orqanları tərəfindən görülən işlərə ekoloji təhlükəsizlik baxımından nəzarət edilir.
Bakı buxtasına tullantı sularının təmizlənmədən atılmasına görə 2009-cu ildə Bakı şəhər Kanalizasiya İdarəsi inzibati qaydada 22500 manat məbləğində cərimə edilmişdir. “Azərkurort” ASC-yə məxsus Şıx sanatoriyasında formalaşan tullantı sularının zərərsizləşdirilmədən buxtaya axıdılmasına görə müəssisəyə 9000 manat cərimə tətbiq olunmuşdur. Xəzər Dəniz Gəmiçiliyinə məxsus neft daşıyan tankerlərdə formalaşan tullantı suların buxta ərazisinə atılmasına görə idarə 10000 manat məbləğində cərimə olunmuş və müvafiq sənədlər məhkəməyə göndərilmişdir. Leysan suları kollektorları vasitəsilə tullantı sularının buxtaya axıdılmasına görə 2010-cu ildə “Azərsu” ASC hüquqi şəxs qismində 22000 manat məbləğində cərimə olunmuşdur.
2011-ci ildə Xəzər Dəniz Gəmiçiliyinə məxsus İ.Allahverdiyev və Zakfederasiya adına gəmi təmiri zavodlarında formalaşan istehsalat və məişət tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılmasına görə hər iki zavod hüquqi şəxs qismində ümumilikdə 16000 manat, “Xəzər Gəmi Liman Xidməti” MMC 10000 manat məbləğində cərimə olunmuş və müvafiq sənədlər məhkəmə orqanlarına göndərilmişdir. Aşkar olunan çatışmazlıqların aradan qaldırılması üçün müəssisələrin rəhbərliyinə icrası məcburi olan müddətli məcburi göstərişlər verilmişdir.
Bibiheybət NQÇİ, “Azərneftya𔝠və “Azərneftyanacaq” neft emalı, Xəzər Dəniz Neft Donanmasının Gəmi təmiri zavodlarında aparılmış araşdırmalar nəticəsində ekoloji pozuntularla bağlı aktlar tərtib olunmuş, buxtaya atılan zərərli maddələrə görə sözügedən müəssisələrə ümumilikdə 11705 manat məbləğində ödəmə tətbiq olunmuş, çatışmazlıqların aradan qaldırılması üçün müəssisələrə məcburi göstərişlər verilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən mütəmadi olaraq Bakı buxtası ərazisindən dəniz suyu və dib çöküntüsü nümunələri götürülmüş və nümunələr üzərində analitik, ekotoksikoloji və mikrobioloji təhlillər aparılmışdır.
Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi hələ 2001-ci ildən Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində iş aparır. Həmin dövrdə görülmüş işlər barədə mütəmadi olaraq bülleten və hesabatlar hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim edilmişdir (o dövrdə sözügedən idarənin rəisi vəzifəsində L.Hüseynova işləmiş, 2008-ci ildən təqaüdə çıxmışdır) və hazırda da davam edir.
2011-ci ilin may ayında Bakı buxtasının 4 nöqtəsindən götürülmüş dəniz suyu nümunəsində neft məhsullarının miqdarı minimum 4, maksimum 198, dəmirin miqdarı minimum 5, maksimum 7.6, 2 nöqtədən götürülmüş dib çöküntüsü nümunəsində isə neft məhsullarının miqdarı minimum 12.96, maksimum 332.94 dəfə normadan artıq müşahidə edilmişdir (cədvəl əlavə olunur).
2011-ci ilin II və III rüblərində aparılmış tədqiqat və təhlillərin nəticəsinə görə Bakı buxtasında çirkləndirici komponentlərin miqdarı 2008-ci illə müqayisədə 2-3 dəfə azalmışdır.
Digər aidiyyəti dövlət qurumu olan “Azərsu” ASC tərəfindən Xəzər dənizinə axıdılan məişət-fekal çirkab sularının qarşısının alınması məqsədilə Hövsan Aerasiya stansiyasında yeni texnoloji xəttin çəkilməsi, şəhərdaxili təsərrüfat-məişət kanalizasiya şəbəkəsinin yağış kanalizasiyası şəbəkəsindən təcrid edilməsi nəticəsində Bakı buxtasına axıdılan çirkab suların həcmi gün ərzində 300 min m3 azaldılmışdır.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsi tərəfindən Bakı buxtasının ərazisindən 60-dan artıq batmış və yarımbatmış gəmi çıxarılmışdır.
Hərbi Gəmi Təmiri zavodu, Hərbi Dəniz Qüvvələrinin yanalma körpüləri, İ.Allahverdiyev adına Gəmi Təmiri Zavodu başqa sahələrə köçürülmüşdür. Ətraf mühitə təsir edən digər müəssisələrin də Bakı buxtası ərazisindən çıxarılması işləri davam etdirilir.
Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə hazırda Paris Kommunası adına Gəmi Təmiri zavodu tam sökülərək yerində Milli Parkın genişləndirilməsi ilə əlaqədar işlər aparılır.
Bakı buxtasının akvatoriyasında suyun səthində üzən neft ləkələrinin və müxtəlif növ üzən bərk tullantıların yığılması Xəzər dəniz neft donanmasına məxsus “Bulvar-1” gəmisi vasitəsilə həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı buxtasının ekoloji vəziyyətinin sağlamlaşdırılması üçün təxirəsalınmaz tədbirlər haqqında 12 yanvar 2011-ci il tarixli protokoluna əsasən Bakı buxtasının təmizlənməsi Fövqəladə Hallar Nazirliyinə həvalə edilmiş, buxtada görüləcək işlərin texniki iqtisadi əsaslandırılması və ətraf mühitə təsirin qiymətləndirilməsini təmin etmək üçün FHN Hollandiya şirkəti ilə müqavilə bağlamışdır.
Hazırda bu istiqamətdə işlər davam etdirilir.