Xəbərlər

2010 və 2011-ci illərin oktyabr aylarında Kür çayında çirklənmə səviyyəsinin müqayisəli təhlili və noyabr ayının ötən dövründə müşahidə olunan sululuq

24 Noyabr 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə mütəmadi monitorinqlər həyata keçirir.
Monitorinqin nəticələrinə əsasən, Kür çayının yuxarı axınında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində spesifik çirkləndiricilərin və biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Belə ki, 2010-2011-ci illərin oktyabr aylarında Kür çayında keçirilmiş monitorinqlərin nəticələrinə əsasən çayın yuxarı axınında-Gürcüstanla sərhəddə yerləşən Şıxlı-2 məntəqəsində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri ardıcıl olaraq 4-6 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmiş, sintetik səthi aktiv maddələrin (SSAM) miqdarı isə normadan bir qədər çox qeydə alınmışdır. Minerallaşma dərəcəsi 1 litr suda 0,7-0,8 qram təşkil etmiş, biogen maddələr isə normadan dəfələrlə çox olmuşdur.
Yenikənd və Mingəçevir su anbarlarında çaya həm antropogen təsirlərin az olması, həm də çayda gedən özünütəmizləmə prosesləri nəticəsində xarakterik çirkləndiricilərin qatılıqlarının miqdarının azalması müşahidə olunmuşdur. Belə ki, 2010-2011-ci illərin oktyabr aylarında fenollar 1,5-2 dəfə, mis birləşmələri 1-2,5 dəfə YVQH-ni keçmiş, biogen maddələr norma daxilində olmuş, minerallaşma isə 1 litr suda 0,6 qram təşkil etmişdir.
Kür çayının orta axınında yerləşən Zərdab məntəqəsi, əsasən kənd təsərrüfatı sahələrindən axıdılan çirkab suların təsirinə məruz qaldığından 2010-cu ilin oktyabr ayında fenollar 2,4, mis birləşmələri 4 dəfə, 2011-ci ilin oktyabrında isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir. Minerallaşma sözügedən müddətdə 1 litr suda 0,5-0,6 qram təşkil etmiş, SSAM və biogen maddələr norma daxilində olmuşdur.
Saatlı məntəqəsindən Kürə Arazın qovuşması, eləcə də Şirvan və Salyan şəhərlərinin çirkab sularının axıdılması Kürün aşağı axınında çirklənmənin səviyyəsinin artmasına səbəb olur. Belə ki, 2010-2011-ci illərin oktyabr aylarında Şirvan, Salyan, Şimal-Şərqi Bankə məntəqələrində fenolların miqdarı 3-5, mis birləşmələrinin miqdarı 4-4,5 dəfə YVQH-ni keçmişdir. Biogen maddələrdən nitratların miqdarı 2010-cu ilin oktyabr ayında 7 dəfə, 2011-ci ilin oktyabr ayında isə 5 dəfə normadan çox olmuşdur. Minerallaşma 2010-cu ilin oktyabr ayında 1 litr suda 1 qram, 2011-ci ilin oktyabr ayında 0,7 qram olmuşdur.
Kür çayı üzərində yerləşən hidroloji məntəqələrdə 2010 və 2011-ci illərin oktyabr aylarında müşahidə olunan orta aylıq səviyyənin müqayisəsi göstərir ki, cari ildə müşahidə olunan səviyyələr keçən illə müqayisədə 33 sm aşağı olmuşdur. 2011-ci il noyabr ayının 1-ci ongünlüyündə orta ongünlük səviyyələr isə 2010-cu illə müqayisədə 71 sm yuxarı olmuşdur. 2011-ci ilin oktyabr ayında və noyabr ayının ötən dövründə Mingəçevir su anbarının orta səviyyəsi 2010-cu ildəki səviyyəyə yaxın olmuşdur.

Noyabr ayının ötən dövründə transsərhəd çaylarda və dağ çaylarında müşahidə olunan sululuq

Transsərhəd çaylarda müşahidə olunan sululuq
Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına və Araz çayından Araz su anbarına orta axım normanın 90-95 faizini, Qanıx çayından Mingəçevir su anbarına axım isə normanın 115 faizini təşkil etmişdir.
Dağ çaylarında müşahidə olunan sululuq
Balakən-Şəki bölgəsi çaylarında orta axım aylıq normanın 120, Quba-Xaçmaz bölgəsi çaylarında 125, Daşkəsən-Gədəbəy bölgəsi çaylarında 120, Lənkəran-Astara bölgəsi çaylarında 140, Naxçıvan MR çaylarında isə 105 faizini təşkil etmişdir.