Xəbərlər

Yüksək dağlıq ərazilərdə yerləşən Milli Parklarda giriş- çıxış qaydaları yenidən tənzimlənib

20 Oktyabr 2011, 00:00

Ölkəmizdə XXI-ci əsrin birinci onilliyindən etibarən Milli Parklar şəbəkəsinin yaradılması yüksək təbii, tarixi, mədəni - estetik dəyərlərə malik olan ərazilərdə ekoturizm faliyyətinin təşkili və inkişafı üçün geniş imkanlar yaratmışdır.
Dünya təcrübəsinə əsasən türistlərin Milli Park ərazilərinə səfəri zamanı təbiət komplekslərinə istər-istəməz antropogen təsirlər olur, yəni ərazinin tapdalanması,
tullantılarla zibillənməsi, ağac, kol və güllərin qırılması, təbii cığır və yolların aşınması, səs-küy nəticəsində vəhşi heyvanların hürkməsi və s Milli park ərazisilərində yerləşən təbiət kompleksləri antropogen yüklənmə nəticəsində öz rekreasiya və estetik əhəmiyyətini itirir, onun bərpası isə bəzi hallarda ümumiyyətlə mümkün olmur, bəzən isə böyük maddi məsrəflərə başa gələrək uzun zaman tələb edir.
Bununla bağlı Milli Parklarda təbiət komplekslərindən rasional istifadə olunması və təbiət obyektlərinin mühafizə olunması məqsədilə müvafiq ərazilərdə rekreasiya yüklənməsinə yol verməmək və bu yüklənmənin qarşısını almaq (onu maksimum azaltmaq) təbiəti mühafizə funksiyasını yerinə yetirən qurumların vacib vəzifələrindəndir.
Göstərilənləri nəzərə alaraq, təbiət komplekslərinə rekreasiya təzyiqinin azaldılması tədbirlərinin dəstəklənməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2006-cı il 27 iyun tarixli 346/ü nömrəli əmri ilə «Milli Parkların ərazisində ekoturizm xidmətlərinin göstərilməsinə dair Təlimat» və «Milli Parklara girişə görə ödəniş, tətbiq edilən güzəşt və imtiyazlar»a dair Əlavə â„– 1 tətbiq edilmişdir.
Bununla belə son zamanlar Milli Park ərazilərində yerləşən bəzi unikal təbiət komplekslərinə, xüsusən Azərbaycan Respublikasının ən yüksək dağlıq zirvələri yerləşən Şahdağ Milli Parkının müvafiq ərazilərinə artan maraq və müşahidə olunan güclü turist axını bu təbiət komplekslərini yüksək antropogen təzyiqlə üz-üzə qoyur.
Təəssüflər olsun ki, əksər hallarda təbiət komplekslərinə daxil olan turistlər tərəfindən ərazilərin məişət və bərk tullantılarla çirkləndirilməsi, yanğın və təhlükəsizlik qaydalarına zidd olan hərəkətlərə yol verilməsi halları qeydə alınır ki, bunun da nəticəsində istər təbii obyektlər, istərsə də turistlərin həyat və sağlamlığı birbaşa təhlükəyə məruz qalır.
Sahənin tənzimlənməsi məqsədilə «Milli Parkların yüksək dağlıq ərazilərinə və sərhəd zonalarına turistlərin giriş-çıxışının tənzimlənməsi və turistlərə bələdçi xidmətinin göstərilməsi Qaydaları» hazırlanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 06 iyul 2011-ci il tarixli 406/ü və «Milli parklara daxil olma normaları və ödənişlər barədə Təlimat»ı hazırlanaraq 13 iyul 2011-ci il tarixli 434/ü nömrəli Əmri ilə təsdiq edilmiş və Nazirliyin internet səhəfəsində yerləşdirilmişdir. Eyni zamanda bu Qaydalarla müvafiq qiymətlərin tətbiq olunması ölkədə qiymət siyasətini müəyyən edən qurumlarla razılaşdırılmış, birmənalı olaraq bütün fəaliyyət göstərən və maraqlı təşkilatlara şamil edilmiş və qüvvədə olduğu müddətdə Nazirlik və onun qurumları tərəfindən heç bir ayrı seçkiliyə yol verilməmiş və şəffaflıq tam təmin olunmuşdur. Eyni zamanda istər mövcud qadağaların sərtliyi, istərsə də ödəniş məbləğləri dünya ölkələrində mövcud olan analoji qaydalarla münasibətdə dəfələrlə aşağı səviyyədə müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, hazırki tənzimetmə qüvvəyə minməzdən öncə ərazidən tonlarla məişət tullantıları (konserv qabları, plastik tulantılar və s) çıxarılır və birbaşa sərhəd bölgəsində yerləşən Milli Park ərazisindən sərhədin pozulması halları baş verirdi. Bu gün də əraziyə daxil olan turistlər ərazini çirkləndirir və onlardan Milli Parka «miras qoyulan» tullantılar at belində, çətin şəraitdə oradan daşınır.
Hazırda Milli Parkın xüsusi fonduna daxil olan girişə görə ödəniş məbləğləri isə bu işlərin təşkilinə yönəldilir və təbiət komplekslərinin qorunmasında daha səmərəli nəticələr müşahidə olunmaqdadır. Eyni zamanda xüsusi fondların vəsaitlərindən istifadə olunaraq yerli icmaların nümayəndələri qısamüddətli fəaliyyətlərə cəlb olunaraq onların əlavə qazanc əldə etməsinə imkan yaradılır.