Xəbərlər

Nazir jurnalistlərin suallarını cavablandırdı

04 İyun 2011, 00:00

5 iyun “Ümumdünya Ətraf Mühit Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Zığ qəsəbəsində keçirilən iməcilikdə Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov jurnalistlər tərəfindən verilmiş çoxsaylı sualları cavablandırdı.
ATV kanalının müxbiri tərəfindən Sumqayıt və Novxanı ərazilərində Xəzərsahili çirkab sutəmizləyici qurğuların bəzilərinin işləməməsi səbəbindən ərazidə yaranmış gölməçələr barədə Nazirə sual ünvanlanmışdır. Məsələ ilə əlaqədar dərhal araşdırma aparılması üçün Nazir H. Bağırov tərəfindən Nazirliyin İstehsalat Siyasəti Şöbəsinə, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə və Xəzər Sahil Sularına Ekoloji Nəzarət və Mühafizə Mərkəzinə tapşırıq verilmişdir.
Həmin saat verilən tapşırıq əsasında yerində araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı ETSN tərəfindən quraşdırılmış modul tipli təmizləyici qurğuların tam fəaliyyət göstərdiyi və heç birinin nasaz vəziyyətdə olmadığı müəyyən edilmişdir. Yalnız aktiv lilin dəyişdirilməsi məqsədilə bir qurğunun təxminən 1 saat müddətində fəaliyyətinə fasilə verilərək profilaktik tədbirlər həyata keçirilmişdir ki, bu da gölməçənin yaranmasına səbəb ola bilməz.
Qeyd edək ki, əvvəllər sahilboyu zolaqda çoxlu sayda açıq axarlar mövcud olmuşdur və qurğular quraşdırıldıqdan sonra onların toplanaraq təmizləyici qurğuya yönləndirilməsi təmin olunmuş və gölməçələr tamamilə qurudulmuşdur.
Lakin qurğulara qədərki ərazilərdə, kəndlərin və ayrı-ayrı şəxslərin bağlarında əmələ gələn çirkab sular kanalizasiya şəbəkəsi olmadığına görə sistemsiz axıdılaraq gölməçələrin yaranmasına səbəb olur. Həmin gölməçələri yaradan axarlar kənd bələdiyyələri və yaxud kanalizasiya sularının idarə olunmasına cavabdeh təşkilatlar tərəfindən borulara salınmalı, lazım gələrsə həmin suların təmizlənməsi üçün nəzərdə tutulmuş mərkəzlərə ötürülərək təmizlənməsi təmin olunmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz növbəsində müəyyən olunmuş qaydada boruların ETSN tərəfindən quraşdırılmış qurğulara birləşdirilməsinə və təmizlənərək dənizə axıdılmasına etiraz etmir. Bunun üçün məsuliyyət həmin ərazilərin sahibləri, bələdiyyələri, yerli icra hakimiyyəti orqanları, kanalizasiya sularının idarə olunmasına cavabdeh təşkilatların üzərinə düşür.

ETSN-yə məxsus təmizləyici qurğular və onun ətrafı

















Qurğulara qədərki ərazilərdə ayrı-ayrı mülkiyyətçilərə məxsus
torpaqlarda əmələ gəlmiş gölməçələr