Xəbərlər

Kür çayı və onun deltasında hidroloji monitorinq işləri davam etdirilir

20 May 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2011-ci ilin gursululuq dövrü üçün Kür çayı və onun deltasında qanunvericiliklə ona tapşırılmış səlahiyyətlər çərçivəsində təbii hidrometeoroloji və digər təbii hadisələrin meydana çıxmasının və inkişafının doğurduğu nəticələr üzrə sistemli hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində işlər davam etdirilir.
2010-cu ilin gursululuq dövründə Kürün mənsəb hissəsində suyun səviyyəsi maksimal həddə çatmışdır. Belə ki, 2010-cu ilin may ayının 26-da aparılan ölçmə işlərinin nəticələrinə görə Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 4,46 m və ya -24,62 mBS, ümumi su sərfi 920 m3/s, axının orta sürəti 1,20 m/s, suyun maksimal sürəti 1,92 m/s təşkil etmişdir.
2010-cu ilin 24-28 sentyabr tarixlərində aparılan ölçmə işlərinin nəticələrinə görə isə Neftçala rayonunun Bankə qəsəbəsində Kür çayında suyun ümumi sərfinin 292 m3/s (100 faiz), suyun orta axın sürətinin 0,54 m/s, yeni kanalın girişində ümumi su sərfinin 165 m3/s (56,5 faiz) suyun orta axın sürətinin 0,62 m/s olduğu qeydə alınmışdır.
Eyni zamanda, Bala Kürün girişində ümumi su sərfi 114 m3/s (39 faiz), suyun axın sürəti 1,0 m/s, Ana Kürdə açılmış təbii qollarda ümumi su sərfi isə 8 m3/s (3 faiz) olmuşdur. Yeni kanalın dənizə töküldüyü yerdə axının maksimal sürətinin 0,93 m/s çatdığı ölçmələrlə öz əksini tapmışdır. Nəzərə almaq lazımdır ki, bu vaxt Xəzər dənizinin səviyyəsi -27,11 mBS təşkil etmişdir.
2011-ci ilin 5-6 may tarixlərində Kür çayının deltasında yenidən ölçmə işləri aparılmışdır. Bankə qəsəbəsində suyun səviyyəsi 3,76 m və ya -25,32 mBS təşkil etmişdir. Kür çayında aparılan müşahidələr zamanı orta maksimal dərinliyin 8,68-9,28 m, Bala Kürdə 4,19-4,63 m, Ana Kürdə isə 4,90-6,27 m olduğu müəyyən edilmişdir.
Eyni zamanda, yeni açılmış kanalın girişində dərinliyin 6,92-7,09 m olduğu, kanalın sonlarında orta maksimal dərinliyin 4,63-5,66 m-ə çatdığı məlum olmuşdur. Yeni kanaldan dənizə doğru isə təxminən 2 km məsafədə dərinliyin 2,00-2,90 m-dək azaldığı müşahidə olunmuşdur. Xəzər dənizinin səviyyəsi bu zaman -27,11 mBS təşkil etmişdir.
Yeni kanalda hazırda “Azərenerjitikintiquraşdırma” Səhmdar Cəmiyyətinə məxsus ixtisaslaşdırılmış “İnam” lilsoran gəmisi ilə dib dərinləşdirmə işləri davam etdirilir.
Beləliklə, ölçmələrlə Kür çayına daxil olan ümumi suyun (790 m3/s) paylanma sərfi Bala Kürə 250 m3/s, Kürün əsas qoluna 540 m3/s təşkil edir. Əsas qoldan Qoltuq körfəzinə çıxan qollara 65 m3/s, yeni kanala isə 475 m3/s su daxil olur.
2010-cu ilin may ayında Kür çayında ümumi su sərfinin paylanmasının faizlə miqdarı Bala Kürdə 37, Ana Kürün Qoltuq körfəzinə çıxan təbii qollarında 20 faiz və 2010-cu ilin sentyabr ayında bu göstəricilər müvafiq olaraq 39 və 3 faiz təşkil edirdisə, hazırda ümumi su sərfinin 32 faizi Bala Kürün, 8 faizi isə Qoltuq körfəzinə çıxan qolların payına düşür.
Kür çayının yeni kanalı və onun dənizə töküldüyü yerdə aparılan monitorinq işlərinin nəticəsi təsdiq edir ki, yeni açılmış kanaldan daha çox su keçməyə başlamışdır. Belə ki, may ayında çayda olan ümumi suyun 32 faizi, sentyabr ayında 56 faizi yeni kanal vasitəsi ilə dənizə axıdılırdısa, hazırda bu rəqəm 60 faiz təşkil edir.
2011-ci ilin 5-6 may tarixlərində Kür çayı və onun deltasında aparılmış hidroloji monitorinqin nəticələri barədə məlumat müvafiq təşkilatlara təqdim edilmişdir.