Xəbərlər

Ekoloji Şuranın növbəti iclası keçirilmişdir

23 Aprel 2011, 00:00

Ölkəmizdə həlli vacib olan ekoloji məsələlərin aradan qaldırılması yollarının müzakirə olunması, bu sahədə ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə birgə təkliflərin hazırlanması və bu istiqamətdə effektivliyin təmin olunması məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri yanında yaradılmış İctimai Ekoloji Şuranın 21 aprel 2011-ci il tarixdə növbəti iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan Şuranın sədri Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov gündəlikdə duran məsələlər barədə məlumat vermişdir.
Şurada müzakirəyə çıxarılmış “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi ilə bağlı Nazirliyin Hüquq şöbəsinin müdiri Teymur Şəkərəliyev layihədə nəzərdə tutulan tənzimləmə məsələləri ilə əlaqədar məruzə etmişdir. Qeyri Hökumət Təşkilatları adından çıxış edən İctimai Ekoloji Şuranın üzvü, Azərbaycan Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova Qanun layihəsi ilə əlaqədar məruzəsində ayrı-ayrı maddələr üzrə fikir və təkliflərini tədbir iştirakçılarına çatdırmışdır.
Müzakirəyə çıxarılmış “İctimaiyyəti cəlb etməklə ölkə ərazisində ekoloji riskli zonalar (daşqın, sürüşmə və s.) üzrə monitorinqlərin keçirilməsi və ictimaiyyətin məlumatlandırılması” məsələsi ilə əlaqədar Nazirliyin Ekoloji Təbliğat şöbəsinin məsləhətçisi Şövkət Bəkirovun məruzəsi dinlənilmişdir. Məsələ ilə bağlı öz fikirlərini bildirən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalov məruzəsində qeyri-hökumət təşkilatları ilə bu cür monitorinqlərin keçirilməsinin müsbət nəticə verəcəyini və bu istiqamətdə əhalinin məlumatlandırılmasının daha səmərəli olacağını vurğulamışdır.
Şuranın növbəti məsələsi ilə bağlı Nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi Azər Aslanov məruzə edərək “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində Şamaxı və Qəbələ şəhərlərinin məişət-təsərrüfat çirkab sularının təmizlənərək Pirsaatçay və Qaraçayın axıntı sahələrinə yönəldilməsi barədə “Azərsu” ASC-nin layihə qabağı təkliflərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Qeyri-hökumət təşkilatları adından çıxış edən “Rüzgar” Ekoloji Cəmiyyətinin sədri İslam Mustafayev layihənin həyata keçirilməsi nəzərdə tutulan ərazidə ətraf mühitin çirklənməsinə şərait yaradacaq amillərin minimuma endirilməsi üçün alternativ variantların axtarılması, təmizlənəcək çirkab suların suvarma məqsədilə istifadə olunması barədə fikirlərini bildirmişdir.
Tədbirdə iştirak edən digər QHT nümayəndələri də müzakirəyə çıxarılmış məsələlərlə bağlı müxtəlif təkliflər irəli sürmüş, geniş fikir mübadiləsi aparmışlar.
Sonda birinci məsələ ilə əlaqədar Qanun layihəsinin müvafiq təkliflər əsasında təkmilləşdirilərək Şuranın növbəti iclasında müzakirə olunması, ikinci məsələ ilə əlaqədar ətraf mühit istiqamətləri üzrə Nazirliyin və QHT nümayəndələrindən ibarət monitorinq qruplarının yaradılması, üçüncü məsələ ilə əlaqədar isə mütəxəssislər və QHT nümayəndələri tərəfindən layihədə nəzərdə tutulan ərazilərə baxış keçirilməklə müvafiq qaydada təkliflərin hazırlanması qərara alınmışdır.