Xəbərlər

Respublika ərazisində radiasiya fonu norma daxilindədir

31 Mart 2011, 00:00

Ətraf mühit və insan sağlamlığı üçün ən böyük təhlükə təbii mühitin radioaktiv çirklənməsidir. Atmosferə radioaktiv maddələr təbii radioaktiv proseslər vasitəsilə, uran filizləri çıxarıldıqda, reaktorların istismarı zamanı və atom partlayışları nəticəsində daxil olur.
Təbii radioaktivlik atmosferə xasdır, o təbiətdə həmişə mövcuddur və insan fəaliyyətindən asılı deyil. Canlı orqanizmlər belə radioaktivliyə uyğunlaşıb və bu heç bir zərərli nəticəyə səbəb olmur.
Radiasiya fonu-kosmik şüalanmanın torpaq, hava və ətraf mühitin digər obyektlərindəki izotopların miqdarının insan və digər orqanizmlər üçün zərər verməyən ionlaşmış radiasiyanın təbii dərəcəsidir. Radiasiya fonu lokal olaraq dəyişir.
Bir sıra mütəxəssislərin fikirlərinə görə Yaponiyanın “Fukuşima-1” Atom Elektrik Stansiyasından sızma nəticəsində yaranan radioaktiv buludlar artıq Avropaya çatsa da bu insan sağlamlığına zərər verməyəcəkdir, çünki bu, ölkələrin üzərindəki atmosferə cüzi miqdarda təsir edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin fikirlərinə görə bu qazların Azərbaycan ərazisinə daxil olma ehtimalı yoxdur, Azərbaycanda radiasiya təsiri və təhlükəsi gözlənilmir. Buna səbəb küləyin əks, yəni Amerika qitəsi istiqamətinə əsməsidir. Fərqli vəziyyətin yaranacağı təqdirdə belə, buludlar Tayqa meşələri və okeanın üzərindən keçərkən öz radioaktivlik təhlükəsini itirir. Belə ki, atmosfer havasında olan ağır izotoplar okean və torpaq üzərinə çökür və onların ətraf mühitdə parçalanma müddəti radionuklidlərdən fərqli olaraq qısa müddətlidir.
Respublika ərazisində ölkənin radioaktivlik təhlükəsizliyini təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müntəzəm olaraq monitorinqlər aparılır və məlumatlar təhlil olunaraq alınmış nəticələr əsasında hazırlanmış bülletenlər aidiyyəti dövlət icra orqanlarına göndərilir və Nazirliyin internet səhifəsində yerləşdirilir.
25-30 mart 2011-ci il tarixlərində Respublika ərazisində Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən aparılmış növbəti monitorinqlərin nəticələrinə görə günəş şüalarının fəallığından və dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq gündəlik təbii radiasiya fonu mövsümə uyğun olmuş, atmosfer aerozollarının ümumi β-radioaktivliyi üzrə aparılan analizlərin təhlili isə sutkalıq normanı keçməmişdir.
Qeyd edək ki, ölkə ərazisində təbii mühitin radiasiya şəraitinə 2 göstərici üzrə nəzarət olunur:
1. atmosfer aerozollarının ümumi β-radioaktivliyi üzrə 11 məntəqədə (Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Zaqatala, Şəki, Quba, Naxçıvan, Ağstafa, Ağcabədi və Neft daşları);
2. təbii radiasiya fonu üzrə 42 müşahidə məntəqəsində (respublikanın digər rayonlarında) və Respublikanın 6 sərhəd bölgəsində (nüvə texnologiyalarından istifadə edən ölkələrlə sərhəd olan Qazax, Sədərək, Beyləqan, Astara, Quba rayonlarında və Pirallahı adasında) quraşdırılmış avtomatlaşdırılmış monitorinq sistemləri vasitəsilə.

Gün ərzində 3 dəfə aparılmış ölçmə məlumatlarının təhlili göstərir ki, Bakı-Abşeron zonasında gündəlik radiasiya fonu yaz mövsümünə xarakterik olaraq 7-12 mkR/saat (təbii fon 7-14 mkR/saat) arasında dəyişmişdir. Naxçıvan MR-ın ərazisində gündəlik radiasiya fonunun göstəriciləri 11-15 mkR/saat (təbii fon 12-15 mkR/saat), Daşkəsən-Gədəbəy zonasında 6-12 mkR/saat (təbii fon 7-12 mkR/ saat), Gəncə-Qazax zonasında 8-13 mkR/saat arasında (təbii fon 7-13 mkR/saat), Zaqatala-Şəki, Şamaxı-Quba zonalarında 8-17 mkR/saat (təbii fon 15-26 mkR/saat), Mərkəzi Aran rayonlarında 6-17 mkR/saat (təbii fon 6-13 mkR/saat), Lənkəran”“Astara zonasında 6-15 mkR/saat (təbii fon 9-16 mkR/saat) təşkil etmişdir.
Azərbaycanda atmosfer havasının radiasiya fonunun norma daxilində olması onu göstərir ki, Yaponiyada baş vermiş qəza nəticəsində radiasiya fonunun yüksəlməsi Azərbaycana təsir etməyib.