Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

28 Yanvar 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, son günlər dağlıq ərazilərdə yağan qarın tədricən əriməsi və yağan yağıntılarla əlaqədar dağ çaylarında sululuğun artımı müşahidə olunmuşdur.
Hazırda dağ çaylarında normadan yüksək sululuq müşahidə olunur. Ən yüksək sululuq Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında müşahidə olunur ki, bu da ongünlük normanın 240-270, Kiçik Qafqaz çaylarında 150-160, Lənkəran-Astara bölgəsi çaylarında 95-150, Naxçıvan MR çaylarında isə 55-180 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 125 m3/san-ongünlük normanın 80 faizini təşkil edir ( 2010-cu ildə 213 m3/san olmaqla 136 faiz təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 51 m3/san-ongünlük normanın 76 faizini təşkil edir (2010-cu ildə 124 m3/san olmaqla 185 faiz təşkil edirdi).

Kür çayının aşağı axınında hazırki vəziyyət
Kür çayının aşağı axınında suyun səviyyəsində azalma davam etməkdədir. Ümumiyyətlə, yanvar ayı ərzində Kür çayının Yevlax məntəqəsində suyun səviyyəsi 41 sm, Zərdabda 60 sm, Surrada 32 sm, Şirvanda 17 sm, Salyanda 10 sm, Bankədə 7 sm, Araz çayının Novruzlu məntəqəsində isə 18 sm azalma müşahidə olunmuşdur.
Hazırda Surra məntəqəsində suyun hazırki səviyyəsi 460 sm (21 may 2010-cu il tarixdə maksimal səviyyə 955 sm), Şirvanda 364 sm (18 may 2010-cu il tarixdə maksimal səviyyə 853 sm), Bankədə 288 sm (18 may 2010-cu il tarixdə maksimal səviyyə 503 sm), Salyanda 186 sm (18 may 2010-cu il tarixdə maksimal səviyyə 855 sm), Araz çayının Novruzlu məntəqəsində isə 240 sm (21 may 2010-cu il tarixdə maksimal səviyyə 734 sm) təşkil edir.
Kür çayının aşağı axınında müşahidə olunan hazırki səviyyələr 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 106-200 sm aşağıdır.