Xəbərlər

Müasir tələblər səviyyəsində yenidən qurulmuş Azərbaycan Geologiya Muzeyinin açılışı olmuşdur

25 Dekabr 2010, 00:00

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə müzeylərin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən mühüm tədbirlərdən biri də Azərbaycan Geologiya Muzeyinin təmiri ilə bağlı olmuşdur.
Geologiya elminin son nailiyyətlərinin nümayiş etdirilməsi ilə yanaşı, ölkəmizin ərazisinin zəngin geoloji inkişaf tarixinin öyrənilməsi və təbliği, toplanmış eksponatların qorunub saxlanaraq nəsildən-nəslə ötürülməsini təmin etmək çox vacib məsələdir.
25 dekabr 2010-cu il tarixində müasir tələblər səviyyəsində yenidən qurulmuş Azərbaycan Geologiya Muzeyinin açılışı olmuşdur.
1969-cu ildə Azərbaycan Geologiya İdarəsinin nəzdində yaradılmış Geologiya Muzeyi öz fəaliyyətini ölkənin yeraltı təbii sərvətlərini səciyyələndirən süxur-mineral nümunələri ekspozisiyalarının kütləvi nümayişə təqdim edilməsi, geoloji-kəşfiyyat işləri nəticələrinin və elmi-geoloji nailiyyətlərin geniş miqyasda təbliği və təşviqi istiqamətində təşkil etmişdir.
Hökumətin 1982-ci il 19 aprel tarixli qərarı ilə Azərbaycan Geologiya İdarəsinin Geologiya Muzeyinin bazasında Azərbaycan Geologiya Muzeyi yaradılmışdır. Hazırda respublikamızın çeşidli və zəngin yeraltı təbii sərvətlərini, mürəkkəb geoloji quruluşunu hərtərəfli səciyyələndirən 5000-dən artıq süxur, filiz, mineral və kristalların seçmə nümunələri Muzeyin bölmələrində yer alır.
Xarici və yerli investorların ölkəmizin yeraltı təbii sərvətləri ilə ilk tanışlığı məhz Azərbaycan Geologiya Muzeyindən başlandığı üçün, bu da Muzeyin müasir tələblər səviyyəsində yenidən qurulmasına zərurət yaratmışdır.
Bununla əlaqədar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 21 may 2008-ci il tarixli “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Geologiya Muzeyinin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə muzeyin təmir və yenidənqurulmasına Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 1 milyon manat məbləğində vəsait ayrılmışdır.
Sərəncam imzalandıqdan sonra təmir və yenidənqurma işlərinə başlanmış, nəticədə Muzey müasir tələblər səviyyəsində yenidən qurulmuşdur. Muzeyin sahəsi genişləndirilərək 511 m2-dən 630 m2-ə çatdırılmış, müvafiq muzey avadanlığı ilə təchiz olunmuş, zalların temperaturunu nizamlayan sistem quraşdırılmış, eksponatlar bərpa olunmuşdur.
Muzey Regional geologiya, Azərbaycanın mineral resursları (filiz faydalı qazıntıları, qeyri-filiz faydalı qazıntıları), Petroqrafiya, Mineralogiya, Paleontologiya bölmələrindən ibarətdir.
Muzeyin təmiri və restavrasiyasına Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış 1 milyon manat vəsaitdən 430 min manat xərclənmiş, qənaət olunmuş 570 min manat büdcəyə qaytarılmışdır.