Xəbərlər

Hazırda Klinikada 3 qonur ayı və 2 qartalkimilər fəsiləsinə aid quş reabilitasiya keçir

21 Dekabr 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşları vəhşi təbiətdən heyvanların götürülməsi və istirahət kompleksləri, restoran, kafe, eləcə də digər iaşə obyektlərində müvafiq icazə olmadan saxlanılmasının qarşısını almaq məqsədilə respublika ərazisində mütəmadi olaraq reydləri davam etdirir.
Növbəti reyd zamanı Binəqədi rayonu ərazisində yerləşən istirahət mərkəzindən 1 ayı götürülmüş və istirahət mərkəzi hüquqi şəxs qismində cərimə olunmuşdur.
2010-cu ilin noyabr-dekabr aylarında Nazirlik tərəfindən ictimai iaşə obyektlərində qeyri-qanuni şəraitdə saxlanılan vəhşi heyvanların götürülməsi ilə əlaqədar keçirilən reydlər zamanı 20-dək qonur ayı, onlarla məməli və quş növləri götürülərək Kilinikaya təhvil verilmişdir. Heyvanlar baytar həkimlərinin nəzarəti altında tam müayinə olunaraq, reabilitasiya dövrü keçdikdən sonra yaşayış məntəqələrindən uzaqda yerləşən meşə ərazilərinə buraxılmışdır.
Hazırda 3 qonur ayı və 2 qartalkimilər fəsiləsinə aid quş Klinikada reabilitasiya keçir.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi humanizm və vətəndaşlıq mövqeyini rəhbər tutaraq Klinikanın inzibati binasının tikintisini, onun ən müasir baytar avadanlıqları, eləcə də məməli heyvanların və quşların müvəqqəti saxlanılması üçün qəfəs və volyerlə təchiz edilməsini, həmçinin kadrlarla komplektləşdirilməsini öz məhdud büdcəsi hesabına həyata keçirmişdir.
Nazirlik götürülən heyvanları Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında uzun müddət saxlayaraq vəhşi təbiətə qaytarmağa hazırlamalı olur. Nazirliyin büdcəsində isə belə məqsədlər üçün vəsait nəzərdə tutulmadığından Klinikada saxlanılan heyvanların qida ilə təmin olunması Nazirliyin daxili imkanları və əməkdaşlarının entuziazmı hesabına həyata keçirilir.
Lakin təəssüflə qeyd etmək istərdik ki, ölkədə fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatları başlanğıcda işçi heyətinin və ümumilikdə Klinikanın maliyyələşdirilməsinin beynəlxalq təşkilatların vəsaitləri hesabına həyata keçiriləcəyi barədə vədlər vermələrinə baxmayaraq, sonradan öz sözlərinə əməl etməyərək geri çəkilmişlər.
Böyük maliyyə çətinliklərinə və kadr çatışmazlığına baxmayaraq Klinika bu gün də öz humanist fəaliyyətini davam etdirir.
Bir sıra inkişaf etmiş ölkələrdə isə bu kimi klinikalar bir qayda olaraq dövlət tərəfindən deyil, qeyri-hökumət təşkilatları və bələdiyyə orqanları tərəfindən yaradılır. Bu baxımdan heyvanların reabilitasiyası ideyasına rəğbətlə yanaşan Azərbaycanda fəaliyyət göstərən xarici və yerli təşkilatların Kilinikaya istər texniki, istərsə də maddi yardım göstərməsi səmərəli nəticələrin əldə olunmasına imkan yarada bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi heyvanları qəfəsdə saxlayan obyekt sahiblərinə cərimə tətbiq etməklə yanaşı, bundan sonra götürülmüş heyvanların reabilitasiya xərclərinin onlar tərəfindən ödənilməsi üçün qanunamüvafiq tədbirlər görür, eyni zamanda mövcud qanunlarda müvafiq dəyişikliklər edilməsi üzərində iş aparır.