Xəbərlər

“Təmiz hava” aylığı başa çatdı

03 Sentyabr 2010, 00:00

Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2004-cü il tarixli 517 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət proqramı”nın icrası ilə əlaqədar avtonəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə təsdiq olunmuş birgə tədbirlər planına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları birgə hər il olduğu kimi cari ilin avqust ayında da Bakı şəhərində “Təmiz hava” aylığı tədbirləri həyata keçirmişlər.
Tədbirin keçirilməsinin məqsədi “Atmosfer havasının mühafizəsi haqqında” qanunvericiliyin tələblərinin təmin edilməsi, Bakı şəhərində nəqliyyat vasitələrinin atmosfer havasının çirkləndirməsinin hazırki vəziyyətinin öyrənilməsi, eyni zamanda nəqliyyat vasitələrindən atmosferə zərərli maddələrin atılması nəticəsində ətraf mühitə və insan sağlamlığına dəymiş zərərin müəyyənləşdirilməsi və ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istismara buraxılmasının qadağan edilməsi olmuşdur.
“Təmiz hava” aylığı çərçivəsində Nazirliyin və Yol Polisinin əməkdaşları birlikdə Bakı şəhərində “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə 35 avtonəqliyyat müəssisəsində və nəqliyyat sexlərində yoxlama aparmış, avtomobil yollarında isə reydlər həyata keçirmişlər.
Müəssisələrdə yoxlanılmış 1001 avtomobildən 278-nin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkar olunmuşdur. Yoxlamanın gedişi zamanı profilaktik işlər aparılaraq 191 avtonəqliyyat vasitəsində karbon oksidinin miqdarı norma həddinə endirilmişdir.
Həmçinin, yoxlama zamanı Xəzər Dəniz Gəmiçiliyinin avtobazasında 5, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin avtoparkında 4, “Körpü-Bina-Tikinti” MMC-nin qarajında 9, “Bakı Yükdaşıma Nəqliyyat” ASC-nin qarajında 3, “Qum Adası” NQÇİ-nin TSN-də 3, Dalma Qurğularının Təmiri və Kirayəsi İdarəsinin nəqliyyat sexində yoxlanılan 7 avtonəqliyyat vasitəsləri atmosfer havasını norma həddindən artıq zərərli maddələrlə çirkləndirdiyi üçün həmin müəssisələrə qarşı ətraf mühitə dəymiş zərərin ödənilməsi məqsədilə müvafiq iddialar irəli sürülmüşdür.
Ümumiyyətlə, yoxlamaların nəticələrinə əsasən atmosfer havasının avtonəqliyyat vasitələri ilə normadan artıq çirkləndirilməsi nəticəsində dəymiş ziyanın ödənilməsi üçün 18 müəssisəyə qarşı 540 manat məbləğində iddia qaldırılmış, 1250 manat məbləğində ödəmə tətbiq olunmuş, aşkar olunmuş qanun pozuntularının və çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə icrası məcburi olan göstərişlər verilmişdir.
Eyni zamanda aylıq çərçivəsində Bakı şəhərinin küçə və magistral yollarında da keçirilən reydlər zamanı 6000 avtomobildən 2151-də mühərriklərin işlənmiş qazlarında “CO”-nun və tüstünün miqdarının normadan artıq olduğu aşkar olunmuşdur. Bu avtomobillərin sürücüləri barəsində Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən protokollar tərtib edilərək inzibati qaydada məsuliyyət tədbirləri tətbiq edilmişdir.
“Təmiz hava” aylığı tədbirinin keçirilməsi ilə əlaqədar vətəndaşlar, fiziki və hüquqi şəxslər maarifləndirilmiş, müəssisə və təşkilatlarda ekoloji təbliğat işləri aparılmışdır.