Xəbərlər

Sutəmizləyici qurğularla bağlı tədbirlər davam etdirilir

19 Avqust 2010, 00:00

Kür-Araz boyu kəndlərdə quraşdırılmış sutəmizləyici qurğuların istismarı yerli bələdiyyələrə tapşırılmışdır. Keçən üç ilin təcrübəsi göstərdi ki, bu qurumlar qurğuların istismarında, işçilərə əmək haqqı verməkdə, istifadə edilmiş enerji haqqını ödəməkdə çətinlik çəkirlər.
Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 239 s saylı 30 iyul 2010-cu il tarixli Sərəncamının icrası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar sərəncamlarına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2007-ci ildən başlayaraq ölkənin yaşayış məntəqələrində quraşdırılmış modul tipli sutəmizləyici qurğuların istismarını ETSN-nin bu məqsədlə yaradılmış müvafiq qurumu ”“ “Kür-Araz boyu və digər yaşayış məntəqələrində istifadə olunan içməli suyun ekoloji standartlarına nəzarət və təminat Mərkəzi” öz üzərinə götürmüş, qurğuların istismarı ilə bağlı çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər görülmüş və bu işlər davam etdirilir.
Eyni zamanda, yerlərdə qurğulara xidmət göstərən şəxslərlə əmək müqavilələri bağlanmış, qurğuların istismarı zamanı yaranmış elektrik enerjisi sərfi ilə bağlı borcların ödənilməsi və müvafiq bələdiyyələrlə qurğuların istismarı ilə bağlı müqavilələrin bağlanması istiqamətində işlər aparılır.
Qeyd olunmalıdır ki, yerli şəraitə uyğun, müasir texnologiyaların tətbiqi hesabına suyun beynəlxalq standartlara uyğun təmizlənməsini təmin edən, ənənəvi su təchizatı metodları ilə müqayisədə tez və ucuz başa gələn metodla təkcə 2007”“2009-cu illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 122 kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Qurğuların quraşdırılması ilə bərabər müvafiq bölüşdürücü infrastrukturun yaradılması da həyata keçirilmiş və bu işlər də davam etdirilir.
Qurğular Türkiyədən, Cənubi Koreyadan və İsraildən gətirilmişdir və bu iş davam edir. Hal-hazırda 19 yeni İsrail istehsalı olan qurğu gətirilib və daha 13 ədədi Poti limanındadır.
Bununla bağlı, 700 kilometrdən çox bölüşdürücü şəbəkə çəkilmiş, 1700-dən çox supaylayıcı bulaq-məntəqələri tikilmiş, üzlüklə örtülmüş, 2700 kubmetrdən artıq dəmir-beton özüllər tökülmüş, kilometrlərlə elektrik xətləri çəkilmişdir. Qurğular quraşdırılmış kəndlərin bir neçəsində elektrik transformatoru, elektrik enerjisinin aşağı olması səbəbindən demək olar ki, bütün qurğularda elektrik tənzimləyiciləri (requlyatorlar) quraşdırılmışdır. Hər bir qurğuda suyun təmizlənmə prosesində yığılıb qalan lilin təmizlənməsi üçün atqı boru xətləri çəkilmişdir. Qurğuların və supaylayıcı bulaq-məntəqələrinin ətrafında abadlaşdırma işləri aparılmışdır.