Xəbərlər

12 avqust Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günüdür

06 Avqust 2010, 00:00

“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanmışdır. Konvensiya mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək keçirilmiş görüşlər zamanı davam etmiş və 2003-cü il 4 noyabr tarixində...
yekun olaraq İran İslam Respublikasının Tehran şəhərində keçirilmiş görüşdə Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyasının, həmin ilin 7 noyabr tarixində isə Türkmənistan Respublikasının səlahiyyətli nümayəndələri tərəfindən imzalanmışdır.
“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” Xəzər dənizinin sahilində yerləşən beş dövlət arasında Xəzər dənizi regionunda təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir. Bu sənəd “çirkləndirici ödəyir” və məlumatın əldə edilməsi prinsipləri də daxil olmaqla bir sıra rəhbər prinsiplərə söykənir. İmzalanaraq təsdiq olunduğu şəhərin adı ilə bağlı olaraq həmçinin “Tehran Konvensiyası” kimi də tanınan bu Konvensiya Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, eyni zamanda Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar da öz əksini tapmışdır.
Konvensiyanın imzalanması BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə Xəzər Ekoloji Proqramı çərçivəsində 8 illik hökumətlərarası danışıqların yekun nəticəsi olmuşdur. BMT-nin keçmiş Baş Katibli Kofi Annanın sözlərinə görə, Tehran Konvensiyasının imzalanması “regionun mühüm nailiyyətidir”, belə mühüm sazişin ratifikasiyası isə “yüz milyonlarla insanın sağlamlıq və rifahına xidmət edəcəkdir ”.
Tehran Konvensiyası beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunduqdan sonra 12 avqust 2006-cı il tarixində qüvvəyə minmiş və sonradan bu tarix “Xəzər günü” kimi qeyd edilməyə başlanmışdır.
“Xəzər günü”nün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, dənizinin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi, həmçinin bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.
Ölkəmizdə də “Xəzər günü” ilə əlaqədar tədbirlər keçirilir, görüşlər təşkil olunur, həmçinin ərazidə yerləşən yerli idarəetmə orqanlarının, bələdiyyələrin, QHT-lərin, müəssisə və təşkilatların, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının əməkdaşlarının iştirakı ilə dəniz sahili ərazilərdə təmizlik və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərətrafı rayonların idarə və təşkilatlarını, bələdiyyələri, eləcə də bütün ictimaiyyət nümayəndələrini bu tədbirlərdə fəal iştirak etməyə çağırır.