Xəbərlər

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi 2009-cu il ərzində 1371 monitorinq keçirmişdir

18 Yanvar 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi (XKEMİ) 2009-cu il ərzində Xəzər dənizinin Azərbaycan sektorunda, 955,08 kilometrlik sahil zolağında (şimaldan-cənubadək), çimərlik ərazilərində, eləcə də, dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və təyin edilmiş koordinatlar üzrə açıq dənizdə təşkil edilmiş 4 ekspedisiyada iştirak etməklə 1371 ekoloji monitorinq keçirmişdir. Monitorinq zamanı götürülmüş 4152 su və qrunt nümunələri üzərində 33553 kimyəvi, bioloji, ekotoksikoloji və mikrobioloji təhlillər aparılmışdır.
Keçirilən monitorinqlərdə Xəzər dənizi ilə əlaqəsi olan 341 axar qeydə alınmışdır ki, onlardan 310-u sahildən, 31-i isə dəniz akvatoriyasında olan müəssisə və obyektlərin fəaliyyəti nəticəsində dənizə antropogen təsir göstərir. Bu axarlardan götürülmüş nümunələr üzərində mütəmadi olaraq müvafiq təhlillər aparılmış və qeydə alınmış ekoloji problemlər haqqında məlumatlar toplanaraq idarə tərəfindən buraxılan bülletenlər vasitəsi ilə aidiyyəti orqanlara çatdırılmışdır.
Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” 2007-ci il 20 iyun tarixli 2244 nömrəli Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində görülən işlər ötən il olduğu kimi 2009-cu ildə də davam etdirilmişdir.
Belə ki, Pirallahı-Sumqayıt sahil zolağı boyu 85 kilometrlik məsafədə Xəzər dənizinə antropogen təsir göstərən axarların qarşısının alınması və çirkab suların təmizlənərək Xəzər dənizinə axıdılması məqsədilə 16 ədəd modul tipli lokal təmizləyici qurğu quraşdırılaraq müvafiq bələdiyyələrin balansında istismara verilmişdir. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən istismara verilmiş qurğulara mütəmadi monitorinq nəzarəti həyata keçırilmiş və qurğuların dənizə çıxışından götürülən nümunələr üzərində təhlillər aparılaraq onların keyfiyyət göstəriciləri haqqında məlumatlar Nazirliyin aidiyyəti qurumlarına təqdim olunmuşdur.
Bilgəh qəsəbəsinin sahil zolağında quraşdırılmış, gündəlik gücü 500 m3 olan bioloji təmizləyici qurğunun fəaliyyəti nəticəsində Bilgəh Kardioloji Sanatoriyasında və ona yaxın müəssisələrdə formalaşan çirkab suların yol verilən qatılıq həddinə qədər təmizlənməsinə nail olunmuşdur. 2009-cu ildə çimərlik mövsümi ilə əlaqədar Bakı şəhər Sanitar Gigiyena İdarəsinin əməkdaşları ilə keçirilən birgə monitorinq zamanı dənizdən götürülmüş su nümunələri üzərində aparılmış mikrobioloji təhlillərin nəticəsi qənaətbəxş olmuşdur. Belə ki, ötən illərlə müqayisədə qeyd olunan ərazidə (dənizdə) mikrobioloji baxımdan çirklənmə qeydə alınmamışdır.
Mərdəkan qəsəbəsinin sahil zolağında yerləşən “Qızıl qum” istirahət mərkəzlərinin yaxınlığında iki çirkab su gölməçələrinin qurudulmasına xidmət edən gündəlik gücü 150 m3 olan bioloji təmizləyici qurğu artıq öz səmərəsini vermişdir. Belə ki, 2 saylı Mərdəkan stansiyasında ümumi həcmi 64 min m2 olan çirkab gölməcələrin təqribən 4/5 hissəsində ekoloji bərpa işləri aparılmış və gölməçələrdə səviyyənin düşməsi ilə əlaqədar mərhələlərlə torpaqlama-bərpa işləri həyata keçirilmişdir. Əvvəllər qeydə alınmış bataqlaşmış sahə hal-hazırda tamamilə ləğv edilmiş, suyun həcmi və su səthinin sahəsi xeyli kiçilmişdir.
“Marian Bi甝 İstirahət Mərkəzi yaxınlığında yerləşən 3 saylı Mərdəkan stansiyasında ümumi sahəsi təqribən 220,075 min m2, suyun həcmi 144 min m3 və bataqlaşan sahəsi 29 min m2 olan gölün qurudulmasına xidmət edən gücü 240 m3/gün zərərsizləşdirmə qurğusunun fəaliyyəti nəticəsində bataqlaşmış sahə tamamilə ləğv edilmiş, suyun həcmi və su səthinin sahəsi xeyli kiçilmişdir.
Buzovna və Şağan kəndləri arasında sahəsi təqribən 12 hektar və orta hesabla 40 m3/saat həcmdə çirkab su daxil olan bataqlaşmış sahədə gündəlik gücü 500 m3 olan bioloji təmizləyici qurğu və gündəlik gücü 240 m3 olan 2 ədəd zərərsizləşdirmə qurğusu quraşdırılmışdır. Bu qurğuların fəaliyyəti nəticəsində həmin ərazidə sahəsi 120 min m2 olan bataqlaşmış ərazinin təqribən 45 min m2 sahəsi qurudulmuşdur.
Gündəlik gücü 100 m3 olan 5 saylı Buzovna bioloji stansiyası ümumi sahəsi təqribən 52 min m2 olan tərkibi tullantı sularından ibarət olan gölün qurudulmasına xidmət edir. Qurğunun fəaliyyəti nəticəsində bataqlaşmış sahə tamamilə ləğv edilmiş, suyun həcmi və su səthinin sahəsi ötən illə müqayisədə nəzərəçarpacaq dərəcədə kiçilmişdir.
Pirşağı və Nardaran qəsəbələrinin sahil zolağı boyu quraşdırılmış 2 bioloji təmizləmə və 1 ədəd zərərsizləşdirmə qurğusu hesabına Xəzər dənizinə axıdılan çirkab suyun norma və standartlara uyğun təmizlənməsi təmin edilmişdir.
Novxanı qəsəbəsinin sahil zolağında quraşdırılmış və istismara verilmiş 5 ədəd modul tipli təmizləyici qurğuların fəaliyyəti nəticəsində Xəzər dənizinə gün ərzində 1575 m3 həcmində axıdılan çirkab suyun müvafiq norma və standartlara uyğun təmizlənməsi təmin edilmişdir. Eyni zamanda sözügedən ərazinin sahil zolağının 30 hektara yaxın sahəsində uzunluğu 4500 metr olan drenaj kollektorlar çəkilmiş və nəticədə ekoloji tarazlığın bərpasına nail olunmaqla yanaşı əvvəllər qeydə alınmış bataqlaşmış sahələrin tamamilə qurudulması həyata keçirilmişdir.
Sumqayıt inzibati ərazisinin sahil zolağında quraşdırılmış modul tipli təmizləyici qurğular isə gün ərzində 650 m3 çirkab suyun norma və standartlara uyğun təmizlənərək dənizə axıdılmasına xidmət edir.
2009-cu ildə idarənin əməkdaşları “Beynəlxalq Dəniz Günü” ilə əlaqədar sentyabr ayının sonuncu həftəsində Bakı, Sumqayıt şəhərlərinin və Xaçmaz, Neftçala, Lənkəran inzibati ərazilərinin sahil zolağı boyunca ictimaiyyət nümayəndələrinin, yerli icra hakimiyyəti strukturlarının, abadlıq və mənzil-kommunal təsərrüfatı birliklərinin, ali və orta təhsil müəssisələrinin iştirakı ilə iməcliklərdə, eləcə də Nazirlik, elm-təhsil ocaqlarında təşkil olunmuş dəyirmi masa və diskusiyalarda yaxından iştirak etmişlər.