Xəbərlər

Yoldaşlar, öz qoyunlarınıza başqa yer tapın, şantajla məşğul olmayın

08 May 2009, 00:00

“Exo” qəzetinin 06 may 2009-cu il tarixli 79 â„– li sayında dərc edilmiş “Ekoloji təcrübə sahəsi sahibkarlara satılmışdır” başlıqlı məqalədə yol verilən qeyri-dəqiq faktlarla əlaqədar yazının müəllifi R.Orucovun diqqətinə bir sıra vacib dəlillərin çatdırılmasını zəruri hesab edirik.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qanunvericiliyi ilə təsbit edilmiş mətbuat orqanlarının və jurnalistlərin fəaliyyət kodeksinə zidd olaraq məqalə müəllifi hazırladığı materialda əldə etdiyi məlumatların yoxlanılması, dəqiqləşdirilməsi kimi zəruri prinsiplərə əməl etməmişdir. Belə ki, dərc olunan bu yazıda jurnalist iddia irəli sürən tərəfin dediklərinin hansı dəlil-sübutlara əsaslandığını öyrənməmiş və üstəlik qarşı tərəfin, yəni haqqında söhbət gedən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeçi qurumu, Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əks arqumentlərini öyrənməyə cəhd belə göstərməmişdir. Mətbuat orqanı nümayəndəsinin istənilən məsələyə bu cür münasibəti yol verilməz sayıldığından, hesab edirik ki, jurnalistin müəyyən bir şəxsin həqiqətə uyğun olmayan iddialarını dərc etməsi ictimaiyyət arasında çaşqınlıq yaratmaqla, mənfi fikrin formalaşmasına səbəb olur.
Sözügedən məqalədə Mərkəzi Nəbatat bağının direktoru O.İbadlı Şamaxı rayonundakı Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının təcrübə-dayaq məntəqəsinə aid olan ərazinin satılması barədə iddia irəli sürür. Dəqiqləşmə üçün qeyd etmək istərdik ki, Şamaxı rayonu ərazisində təcrübə dayaq məntəqəsinə O.İbadlının iddia etdiyi kimi 30 hektar deyil, 20 hektar sahəsi mövcuddur. Belə ki, həmin 20 hektar ərazi Azərbaycan SSRİ Nazirlər Sovetinin 06 aprel 1988-ci il tarixli 125 nömrəli qərarı ilə Şamaxı Üzümçülük Sovxozunun ərazisindən elmi-tədqiqat işlərinin aparılması, habelə qiymətli ağac və kol bitki növlərinin əkilməsi, yeni növlərin yaradılması məqsədilə ayrılmışdır. Həmin ərazidə 20 ildən artıq müddətin keçməsinə baxmayaraq, nəinki elmi-tədqiqat işləri aparılmamış, hətta heç bir ağac və kol bitkiləri əkilməmişdir. Əksinə, həmin ərazidə 215 metr uzunluğunda və 27 metr enində mişar daşından hasar çəkildiyi və orada taxıl əkildiyi müəyyən edilmişdir. O ki qaldı torpaqların sahibkarlara, sabiq deputatlara, rayon icra hakimiyyəti başçılarına və Gürcüstan vətəndaşına satılmasına, nəzərinizə çatdırırıq ki, həmin torpaqların Ekologiya və Təbii Sərvətlər Nazirliyinə heç bir aidiyyəti yoxdur.
Badam bağları salınmış qalan 10 hektar ərazi isə faktiki olaraq dövlət meşə fondu kimi ETSN-nin Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin balansına daxildir və bununla əlaqədar müvafiq hüquqi sənədlər mövcuddur. Azərbaycan Respublikasının Qanunvericiliyi ilə meşə fonduna daxil olan torpaqların satılması qadağan olunduğundan, həm hörmətli O.İbadlının, həm də KİV nümayəndəsinin nəzərinə çatdırırıq ki, Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin balansında olan 10 hektar ərazidəki torpaqların satılması və buradakı badam ağaclarının məhv edilməsi barədə yayılan fikirlər tamamilə əsassızdır. Həmin ərazi lazımi səviyyədə qorunub mühafizə olunur.
Eyni zamanda bildirmək istərdik ki, 10 hektarlıq meşə fondu torpağının Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağına aid olduğunu iddia edən şəxslər bir müddət həmin ərazidən qoyunçuluq təsərrüfatını saxlamaq məqsədilə istifadə etmişdir. Bu qanunazidd əməllərin qarşısının alınması üçün Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə orqanlarına müraciət olunmuş və həmin şəxslər qanuna müvafiq qaydada cərimə olunmuşlar. Yekunda: əgər jurnalist yoldaş O.İbadlının qoyunlarını yerbəyer etmək üçün ərazi axtarırsa, qoy meşəçiləri gözümçıxdıya salmasın. Yoldaşlar xahiş edirik, öz qoyunlarınız üçün başqa bir yer tapın.
Sözügedən bu məqalədə, həmçinin Milli Ekoloji Proqnozlar Mərkəzinin direktoru hörmətli Telman Zeynalova istinadən Pirqulu Dövlət Təbiət Qoruğunda yolun çəkilməsi, malikanələrin tikilməsi, ətraf ərazilərin landşaftının pozulması barədə yanlış məlumat verilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, adı çəkilən istiqamətdə tikinti işlərinin qoruq ərazisinə heç bir aidiyyəti yoxdur. Həmin sahələrdə inşaat işləri, torpaq sahələrinin ayrılması bələdiyyələrin mülkiyyətində olan ərazilərdə aparılmış və bələdiyyələrin səlahiyyətləri çərçivəsində həyata keçirilmişdir. Nazirliyin müvafiq qurumlarının ərazidə apardığı ölçmə işləri zamanı Pirqulu Dövlət Təbiət Qoruğunun ərazisinə müdaxilə olunması faktı aşkar olunmamışdır. Eyni zamanda xüsusi mühafizə olunan təbiət ərazilərinə zərərli təsir göstərə biləcək hər cür fəaliyyətin qarşısını almaq məqsədilə Pirqulu Dövlət Təbiət Qoruğunun sərhədi boyu torpaq sahələrinin ayrılması və bu torpaqların təyinatının müəyyən edilməsinin Pirqulu Dövlət Təbiət Qoruğu ilə razılaşdırılması ilə əlaqədar Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinə və bələdiyyələrə tövsiyələr verilmişdir. Belə şantaj iyi gələn məlumatları yayanlar işini düz tutmuş adamları həvəsdən və gözdən salmaq, qanun pozucularının işini isə ağardaraq onların tənqidə layiq işlərini ört-basdır edirlər. Görəsən nədən?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi, Milli Parklar, yeni dövlət təbiət qoruqlarının, dövlət təbiət yasaqlıqlarının yaradılması, mövcud qoruq ərazilərinin genişləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir və bu proses davam etdirilir. Əvvəllər 1521 hektar sahəni əhatə edən Pirqulu Dövlət Təbiət Qoruğunun ərazisi 2003-cü ildə 5000 hektaradək genişləndirilmiş, vacib ekosistemlərin əhatə edilməsi məqsədilə 2006-cı ildə Şahdağ Milli Parkının ərazisinə daxil edilmişdir.







O.İbadlının nəzərinə çatdırırıq ki, meşə fonduna aid 10 hektar badam bağı Mərkəzi Nəbatat bağı tərəfindən deyil, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən salınmışdir