Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (mart ayının III ongünlüyü üçün)

07 Aprel 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə mart ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
Mart ayının III ongünlüyündə Kür çayında suyun sərfi mart ayının II ongünlüyə nisbətən 95 m3/san azalaraq 174 m3/san olmaqla ongünlük normanın 63 %-i təşkil etmişdir.
Monitorinqin nəticələrinə əsasən çirklənməyə məruz qalan Kür çayının və onun qollarının Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan bir qədər artıq olmuşdur. Eləcə də suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenol və mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenol və mis birləşmələri 3, Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri isə 2 dəfə yol verilən qatılıq həddini keçmişdir.
Aparılan monitorinqlərin nəticələrinə görə Araz çayında suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri və fenollar Horadizdə və I Şahsevən məntəqəsində 3, Bəhrəmtəpədə mis birləşmələri 3, fenollar isə 2 dəfə YVQH-ni keçmişdir. Həmin məntəqələrdə neft məhsullarının miqdarı isə norma daxilində olmuşdur.
Mart ayının III ongünlüyündə Araz çayında suyun sərfi isə 35,4 m3/san olub, ongünlük normanın 20 %-ni təşkil etmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.93-8.81 mq/l arasında dəyişərək sanitar norma daxilində dəyişmişdir.