Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (fevral ayının III ongünlüyü üçün)

10 Mart 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə fevral ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
Fevralın III ongünlüyündə Kür çayında suyun sərfi II ongünlüyə nisbətən (190m3/san) artmışdır. Belə ki, suyun sərfi 197 m3/san təşkil edərək illik norma səviyyəsində olmuşdur.
Monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən keçən məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi qeydə alınmışdır.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenol və mis birləşmələri 2, Ağstafaçay məntəqəsində fenol 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan bir qədər artıq olmuşdur.
Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunmuşdur. Belə ki, suyun əsas çirkləndiricilərindən olan fenollar Horadiz məntəqəsində 3, I Şahsevən məntəqəsində 2 dəfə YVQH-ni keçmiş, Bəhramtəpə məntəqəsində isə norma daxilində olmuşdur. Mis birləşmələri isə Horadizdə 4, Bəhramtəpə və I Şahsevəndə 3 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.76-9.57 mq/l arasında dəyişərək sanitar norma daxilində olmuşdur.