Xəbərlər

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi 2008-ci il ərzində 1372 monitorinq keçirmişdir

29 Yanvar 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi 2008-ci il ərzində Xəzər dənizinin Azərbaycan sektorunda, 955,08 km”“lik sahil zolağında (şimaldan-cənubadək), çimərlik ərazilərində, eləcə də, dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və təyin edilmiş koordinatlar üzrə açıq dənizdə təşkil edilmiş 9 ekspedisiyada iştirak etməklə 1372 ekoloji monitorinq keçirmiş, götürülmüş 4658 su və qrunt nümunələri üzərində 32092 kimyəvi, bioloji, ekotoksikoloji, mikrobioloji təhlillər aparmışdır.
Keçirilən monitorinqlər zamanı Xəzər dənizi ilə əlaqəsi olan 318 axar qeydə alınmışdır ki, onlardan 287-si sahildən, 31-i isə dəniz akvatoriyasında olan müəssisə və obyektlərin fəaliyyəti nəticəsində dənizə antropogen təsir göstərir. 2007-ci illə müqayisədə sahil zolağından dənizə olan axarların 16-sının qarşısı alınmışdır.
Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış 2007-ci il 20 iyun tarixli “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində 2007-2008-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən quraşdırılmış və müvafiq bələdiyyələrə təhvil verilmiş beynəlxalq standartlara cavab verən modul tipli təmizləyici qurğuların fəaliyyəti nəticəsində sahil zolağında mövcud çirkab gölməçələrin çox hissəsinin qurudulmasına və dənizə olan axarların 9-nun norma və standartlar həddinə qədər təmizlənərək axıdılmasına nail olunmuşdur. Daha 7 ədəd belə modul qurğunun Novxanı-Sumqayıt sahil zolağı istiqamətində mövcud çirkab axarların qarşısında quraşdırılması davam etdirilir.
Çirkab gölməçələrdə suyun səviyyəsinin aşağı düşməsi ilə əlaqədar torpaqlama işləri aparıldığından mövcud süni göllərin sahəsi xeyli kiçilmiş və qeyd olunan ərazilərdə ekoloji tarazlıq bərpa olunmuşdur. İstismara verilmiş qurğulara İdarənin əməkdaşları tərəfindən monitorinq nəzarəti həyata keçirilir, o cümlədən, qurğuların dənizə çıxışından götürülən nümunələr üzərində mütəmadi təhlillər aparılır.
Dənizdə fəaliyyət göstərən müəssisələrin balansında olan fərdi özüllərin əksəriyyəti istismara yararsız vəziyyətdə dəniz akvatoriyasına atılaraq qalmaqdadır. Ekoloji tarazlığın ən çox pozulması “Neft Daşları” rayonunda, “Bibi-Heybətneft”, “Abşeronneft”, “28 May”, “Qum adası” Neft-Qaz Çıxarma İdarələrinin istehsalat dairələrində qeydə alınmışdır.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində məlum olmuşdur ki, qaynar nöqtə kimi qeydə alınmış Hövsan və 32 saylı kanallar vasitəsi ilə çirkab sular təmizlənmədən və zərərsizləşdirilmədən Bakı ərazisindən Xəzər dənizinə axıdılmaqdadır. Neftqazçıxarma və neftemalı müəssisələrinin istehsalat dairələrində neft tərkibli şlamların uzun illərdən bəri üst-üstə yığılaraq qalması, yüzlərlə süni çirkab gölməçələrin və çoxsaylı kiçik həcmli zibilxanaların ləğv edilməsi istiqamətində aparılan tədbirlərə baxmayaraq, bir çox yerlərdə problemlər hələ də qalmaqdadır.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin fəaliyyəti nəticəsində 2008-ci il ərzində dəniz obyeklərindən atmosferə atılan səmt qazının miqdarı azalmışdır. Belə ki, ötən illər “28 May” NQÇİ-dən və Azəri-Çıraq-Günəşli yataqlarından atmosferə gün ərzində milyonlarla kub metr səmt qazı atıldığı halda, 2008-ci ildə bu göstərici təqribən iki dəfə azalaraq məqsədyönlü istifadəyə yönəldilmişdir.
Monitorinqlər zamanı sahilboyu ərazilərdə fəaliyyət göstərən “AzərSu” SC-nə məxsus təmizləyici qurğularda yenidənqurma işlərinin aparılması qeydə alınmışdır. Belə ki, Buzovnada fəaliyyət göstərən “Qartal” kiçik müəssisəsinin nasosxanası yaxınlığında istismara verilmiş Bioloji Təmizləyici Qurğularda (BTQ) təmizlənmiş çirkab suların zərərsizləşdirilməsi işləri yaxşılaşdırılmış, kontakt çəni quraşdırılmış, aerasiya sistemləri (diffuzorlar) yenidən qurulmuşdur. Müəssisə tərəfindən sahil xəttinin bir neçə məntəqəsində yeni nasosxanalar quraşdırılaraq istismara verilmiş və bununla da çirkab suların dənizə axıdılmasının qarşısı qismən alınmışdır. Mərdəkan-Şüvəlan mexaniki təmizləmə qurğularında yenidənqurma işləri aparılaraq bu qurğular bazasında hər birinin gücü 1000 m3/gün olan 8 ədəd bioloji təmizləmə qurğusu quraşdırılaraq istismara verimişdir.
2008-ci ildə Sumqayıt şəhərinin yaşayış massivində formalaşan məişət-fekal çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılmasının qarşısının alınması məqsədi ilə yaşayış zonasında KU-200 tipli təmizləyici qurğuların quraşdırılması davam etdirilmişdir.
Sahilboyu ərazilərdə fəaliyyət göstərən təmizləyici qurğularda yenidənqurma işləri aparılmışdır. Bakı buxtası və Cilov adası ərazilərində batmış və yarımbatmış gəmilərin, istifadəsiz estakadaların, yanalma körpülərinin və atılıb qalmış dəmir beton konstruksiyaların dənizdən çıxarılması işləri davam etdirilmişdir. Cilov adasında çirkab suların təmizlənərək dənizə axıdılmasına xidmət edən KU-200 tipli təmizləyici qurğular 2008-ci ilin oktyabr ayında istismara verilmiş, “Suraxanı OİL”-ın balansında olan istismara yararsız 10-cu qovşaq adlanan mexaniki təmizləyici qurğunun yenidən tikintisinə başlanmışdır. Hal-hazırda bu istiqamətdə müvafiq tədbirlərin görülməsi davam etdirilir.