Xəbərlər

Respublika ərazisində keçirilmiş “Təmiz hava” aylığının nəticələri

14 Oktyabr 2008, 00:00

Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2004-cü il tarixli 517 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət proqramı”nın icrası ilə əlaqədar avtonəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə Respublikanın Bakı, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir və digər iri şəhərlərində 2008-ci ilin avqust ayında “Təmiz hava” aylığı tədbirləri həyata keçirilmişdir.
Tədbirin respublika və bütün rayonlar üzrə yekunları hesablanmışdır.
Bildiyimiz kimi, avtomobil nəqliyyatının sürətlə inkişafı və yol hərəkəti gərginliyinin artması atmosfer havasının avtomobillərin mühərriklərinin işlənmiş qazlarının tərkibində olan zərərli tullantılardan qorunması probleminin həllini xeyli çətinləşdirir. Şəhərlərdə atmosfer havasının vəziyyətinə avtomobil nəqliyyatı böyük təsir göstərir. İri şəhərlərdə ətraf mühitin çirklənməsində bütün nəqliyyat vasitələrinin birlikdə xüsusi çəkisi 45-60%-dir. Bu çirklənmədə sənaye müəssisələrinin payı 45%, energetika müəssisələrinin payı isə 15% təşkil edir.
Məlumdur ki, daxili yanma mühərriklərinin işlənmiş qazlarının tərkibində 280-ə qədər komponent mövcuddur. Bunlardan 160-a qədəri müxtəlif zərərli karbohidrogen birləşmələridir. Avtomobil 100 litr benzin yandırdıqda atmosfer havasına 20 kq-a yaxın karbon oksidləri atılır. Mühərrik nasaz olduqda isə bu miqdar bir neçə dəfə artır. Atmosfer havasının çirklənməsinin əsas səbəblərindən biri də yanma kamerasında yanacağın tam yanmamasıdır. Avtomobillər tərəfindən istifadə olunan yanacağın təxminən 15%-i onun hərəkətə gətirilməsinə sərf olunur, qalan 85%-ə qədəri isə yanma məhsulları ilə birlikdə atmosfer havasına atılır. Qeyd etmək lazımdır ki, avtomobil mühərrikinin işləməsində istifadə olunan yanacağın 23%-i faydalı iş əmsalına, 77%-i isə ətraf mühitin qızmasına və çirklənməsinə sərf olunur.
Avtomobil mühərriklərinin işlənmiş qazlarının tərkibində olan zərərli maddələr təkcə insanların sağlamlığı üçün deyil, həm də yaşıllıqlar, şəhərlərin binaları, memarlıq abidələri üçün də zərərlidir. Mühərrikin ixrac etdiyi azot oksidi ilə havanın rütubətinin qarşılıqlı təsirindən yaranan azot turşusu karbonlu poladda, binaların metal damında və divar örtüyündə güclü korroziya və erroziya yaradır. Karbon oksidinin (dəm qazının) havada qatılığı 0,02-0,75% olduqda oterosklerozun yaranmasına, mərkəzi sinir sisteminin pozulmasına, miokard infarktının və ağ ciyər xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. Tərkibində 0,2-0,25% karbon oksidi olan hava ilə nəfəs aldıqda özündəngetmə halları ola bilər. İnsan orqanizminə təsirinə görə azot oksidi karbon oksidindən 10 dəfə artıq zərərlidir. Benz(a)piren və qurğuşunun zərərli təsiri isə dəfələrlə artıqdır. Qeyd olunanlarla yanaşı mühərrikin işlənmiş tüstü qazlarının tərkibindəki karbon və azot oksidləri atmosferin ozon təbəqəsinin dağılmasına birbaşa təsir göstərir.
Əvvəlki illərdə olduğu kimi, bu gün də qazanalizedici cihazların çatışmaması səbəbindən karbohidrogenlərin miqdarına yerlərdə nəzarət olduqca zəif aparılır. Karbon oksidinin miqdarına nəzarət üçün lazım olan qazanalizedici cihazlarla təchizat isə çox pis vəziyyətdədir. Dizel mühərrikli avtomobillərin işlənmiş qazlarının tüstülülük dərəcəsinə nəzarət etmək üçün lazım olan tüstüölçən cihazlarla təchizat isə yox dərəcəsindədir.
Təsdiq olunmuş birgə tədbirlər planına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələri, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və qeyd olunan Nazirliklərin yerli təşkilatları tərəfindən hər il olduğu kimi cari ilin avqust ayı ərzində də “Təmiz hava” aylığı tədbiri ilə əlaqədar Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Şəki, İsmayıllı, Zaqatala və s. şəhər və rayon mərkəzlərində, avtonəqliyyat müəssisələrində, əsas magistral yollarında və Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postlarında reyd-yoxlamalar keçirilmişdir.
“Təmiz hava” aylığı çərçivəsində Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və onun yerli qurumlarının əməkdaşları tərəfindən Bakı şəhərinin 35 avtonəqliyyat müəssisəsində və nəqliyyat sexlərində yoxlamalar aparılmışdır. Yoxlanılan 817 ədəd avtomobildən 123-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkar olunmuşdur. Aparılan yoxlamaların nəticələrinə əsasən 23 müəssisəyə qarşı ümumilikdə 1150 manat məbləğində iddia irəli sürülmüş, avtonəqliyyat vasitələri tərəfindən atmosfer havasına atılan zərərli maddələrə görə bu müəssisələrə 5780 manat məbləğində ödəmə təqdim olunmuş, müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istismara buraxılmasına görə 7500 manat məbləğində cərimə tətbiq edilmişdir.
Bakı şəhərinin küçə və magistrallarında keçirilən reydlər zamanı yoxlanılan 3850 avtomobildən 1744 ədədində atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olması faktı aşkar olunmuşdur. Həmin avtomobillərin sürücüləri barəsində Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən inzibati qaydada tədbirlər görülmüşdür.
Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik, Biləsuvar və Yardımlı rayonlarında keçirilən reydlər zamanı yoxlamaya cəlb olunmuş avtomobillərdən 191-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğuna görə YPX əməkdaşları sürücülər barəsində inzibati qaydada tədbir görmüşlər.
Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında keçirilmiş reydlər vaxtı yoxlamaya cəlb olunmuş 296 avtomobildən 153-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğuna görə bu nəqliyyat vasitələrinin sürücülərinə qarşı protokol tərtib olunmuş, inzibati qaydada tədbir görülmüşdür.
Şirvan, Sabirabad, Saatlı, Hacıqabul, Salyan və Neftçala rayonlarının mərkəzi küçələrində, magistral yollarda reydlər keçirilmiş və 3 avtonəqliyyat müəssisəsində araşdırmalar aparılmışdır. Bu müəssisələrdə yoxlamaya cəlb olunmuş 41 avtomobildən 10-da atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğuna görə həmin müəssisələrə qarşı ümumilikdə 110 manat məbləğində iddia qaldırılmışdır.
Reydlər zamanı yoxlamaya cəlb olunmuş avtomobillərdən 145-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğuna görə YPX-in əməkdaşları tərəfindən sürücülər inzibati qaydada məsuliyyətə cəlb olunmuşlar.
Sumqayıt şəhərində 8 avtonəqliyyat təsərrüfatının (“Sumqayıt şəhər Səhiyyə şöbəsi”, “Sam”, “Ep”, “Sumqayıtçörək”, ATSC, “Bismak” QSK, “Tağıyev adına su kəmər idarəsi”, “Qaz istismar idarəsi” və FM firması müəssisələrinin avtonəqliyyat sahələrində) balansında olan 142 ədəd benzin mühərrikli avtomobildən 24-ü yoxlamadan keçirilmiş və yoxlanılan maşınların hamısında dəm qazı norma səviyyəsində olmuşdur.
Şəhərin küçə və magistral yollarında keçirilən reydlər zamanı yoxlamaya cəlb olunmuş 457 avtomobildən 221-də atmosfer havasına atılan zərərli maddələrin miqdarı normadan artıq olduğuna görə onlara qarşı inzibati qaydada tədbir görülmüş və 4642 manat məbləğində inzibati qaydada cərimələnmiş nasazlıqlar aradan qaldırıldıqdan sonra maşınların hərəkətinə icazə verilmişdir.
Abşeron rayon DYP əməkdaşları ilə birlikdə Xırdalan şəhərinin küçə və magistral yollarında keçirilən reydlər zamanı yoxlamaya cəlb olunmuş 198 avtomobildən 104-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu üçün onlara qarşı inzibati qaydada tədbir görülmüş və 2184 manat məbləğində inzibati qaydada cərimələnmişdir.
Quba, Qusar və Xaçmaz rayonlarında fərdi qaydada yoxlamaya cəlb olunmuş 661 avtomobildən 249-da atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğuna görə YPX-in əməkdaşları tərəfindən sürücülərə qarşı tədbir görülmüşdür.
Göyçay, Kürdəmir, Zərdab, Ucar rayonlarında fərdi qaydada yoxlamaya cəlb olunmuş 94 avtomobildən 48-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğuna görə onlara qarşı müvafiq qaydada tədbir görülmüşdür.
İmişli, Saatlı, Beyləqan və Ağcabədi rayonlarının mərkəzi küçələrində, magistral yollarda reydlər keçirilmişdir. Reydlər zamanı yoxlanılan 450 avtomobildən 79-da atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğuna görə YPX-nin əməkdaşları tərəfindən sürücülər barəsində inzibati qaydada məsuliyyət tədbirləri tətbiq edilmişdir.
Mingəçevir, Yevlax, Bərdə, Tərtər və Ağdaş rayonlarında reydlər keçirilmiş və avtonəqliyyat müəssisələrində yoxlamalar aparılmışdır. Yoxlanılan 3 müəssisədə (Mingəçevir şəhəri “Yaşıllaşdırma və sanitar təmizlik idarəsi”nin avtoqarajında, Ağdaş Avtonəqliyyat ASC-də, Yevlax “Meloservis” idarəsi) yoxlamaya cəlb olunmuş 36 avtomobildən 15-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu üçün həmin müəssisələrə qarşı ümumilikdə 48 manat məbləğində iddia qaldırılmış, bir cavabdeh şəxsə isə xəbərdarlıq edilmişdir.
Reydlər zamanı fərdi qaydada yoxlamaya cəlb olunmuş 1267 avtomobildən 375-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğuna görə YPX-nin əməkdaşları tərəfindən sürücülər barəsində inzibati qaydada məsuliyyət tədbirləri tətbiq edilmişdir. Yoxlamaların nəticəsi barədə 40 birgə akt tərtib edilmişdir.
Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında keçirilmiş reydlər zamanı yoxlamaya cəlb olunmuş 1439 avtomobildən 438-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğuna görə təqsirkar sürücülər inzibati məsuliyyətə cəlb olunmuşlar.
Gəncə şəhərinin magistral yollarında keçirilmiş reydlər zamanı yoxlamaya cəlb olunmuş 461 avtomobildən 211-nin işlənmiş qazlarında zərərli maddələrin miqdarı normadan artıq olması müəyyən edilmiş və sürücülər polis işçiləri tərəfindən inzibati qaydada cərimə olunmuşlar.
İsmayıllı və Qəbələ rayonları ərazisində keçirilmiş reydlər zamanı fərdi qaydada yoxlamaya cəlb olunmuş 255 avtomobildən 119-da atmosfer havasına atılan zərərli maddələrin miqdarı normadan artıq olduğuna görə onlar inzibati qaydada cərimə olunmuşlar.
“Təmiz hava” aylığı tədbirinin keçirilməsində əsas məqsəd avtomobillər tərəfindən atmosfer havasının çirklənməsinə nəzarəti gücləndirmək, atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi nəticəsində dəymiş ziyanın müəssisələr tərəfindən ödənilməsinin təmin edilməsi və tullantılarında müəyyən edilmiş normadan artıq zərərli maddələr olan avtomobillər tərəfindən atmosfer havasının çirkləndirilməsinə görə təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlər görülməsidir.
Aparılan araşdırmaların nəticəsi bir daha göstərmişdir ki, bəzi avtonəqliyyat müəssisələrinin rəhbərlərinin və şəxsi avtomobillərin sürücülərinin laqeyd münasibətləri nəticəsində atmosfer havasının avtomobillərin tüstü qazlarının tərkibindəki zərərli maddələrlə çirklənməsi hallarına yol verilir.
Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin istismara buraxılmasına görə yoxlanılan təsərrüfatlara Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 80.2-ci maddəsinə əsasən inzibati qaydada 7500 manat məbləğində cərimələr tətbiq olunmuşdur.
Yoxlanılan 49 müəssisədə atmosfer havasının avtomobillərin ixrac qazları ilə normadan artıq çirkləndirilməsi müəyyən edilmiş və təbiətə dəymiş ziyana görə həmin müəssisə və təşkilatlara 1308 manat iddia, 5780 manat məbləğində isə ödəmə tətbiq edilmişdir.
Magistral yollarda keçirilən reydlər zamanı ümumilikdə fərdi qaydada yoxlanılan 10436 ədəd avtomobildən atmosfer havasını müəyyən olunmuş normadan artıq çirkləndirən 4215 ədəd avtomobil sürücülərinin inzibati qaydada cərimə olunması üçün Dövlət Yol Polisi İdarəsinin inzibati protokolları tərtib edilmişdir.
Yoxlamaların gedişi zamanı aşkar olunmuş nöqsanların təcili olaraq aradan qaldırılması üçün müəssisə rəhbərlərinə icrası məcburi olan müddətli “Məcburi göstəriş”lər verilmişdir.
“Təmiz hava” aylığı tədbirinin keçirilməsi ilə əlaqədar vətəndaşlar, fiziki və hüquqi şəxslər maarifləndirilmiş, müəssisə və təşkilatlarda ekoloji təbliğat işləri aparılmışdır.