Xəbərlər

Bakıya gətiriləcək suyun keyfiyyəti ilə bağlı yanlış məlumatlar yayılmışdır

02 Avqust 2008, 00:00

31 iyul 2008”“ci il tarixində özlərini ictimai təşkilatların nümayəndələri kimi təqdim edən bir neçə şəxs keçirdikləri mətbuat konfransı zamanı tikilməkdə olan “Oğuz-Qəbələ-Bakı” kəməri, Bakıya gətirilən suyun keyfiyyəti ilə bağlı bir sıra yanlış məlumatlar yaymışlar.
Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının Oğuz-Qəbələ rayonları ərazisində 2005-2007-ci illərdə yeraltı suların kəşfiyyatı və istismar ehtiyatlarının qiymətləndirilməsi məqsədilə apardığı tədqiqatlar nəticəsində qazılmış quyulardan və bulaqlardan götürülmüş su nümunələri kompleks analiz olunmuş və analizin nəticələrinə görə (kimyəvi, bakterioloji, radioloji və sanitar epidemioloji) Alazan-Əyriçay hövzəsinin su götürücülər zonasında yeraltı suların çirklənməsi müşahidə olunmamışdır. Su nümunələrinin analizləri “Azərneftekologiyaservis” İdarəsinə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar Gigiyena laboratoriyasına və AMEA-nın Ətraf Mühitin Radiasiya Nəzarəti Laboratoriyasına təqdim edilmişdir. Analiz üçün təqdim edilmiş su nümunələrinin tərkibində insan orqanizmi üçün zərərli olan heç bir maddə aşkar olunmamışdır. Yeraltı suların keyfiyyət göstəriciləri DÜİST 2874-83 (İçməli su) tələblərinə uyğundur.
Bildiririk ki, Oğuz-Bakı su kəmərini qidalandıracaq su yataqlarının yerləşdiyi Orta Kür çökəkliyinin Alazan-Əyriçay dağarası qapalı artezian meqahövzəsi Böyük Qafqazın cənub-qərb yamacı ilə Acınohur yaylası arasında yerləşərək çayların çoxlu sayda gətirmə konuslarının və konuslararası çökəkliklərin mürəkkəb formalı birləşmə zonalarının əmələ gətirdiyi morfogenetik quruluşla səciyyələnir. Burada yeraltı hidrosferin formalaşması Böyük Qafqazın cənub-qərb yamaclarının çat, çat-lay və məsamə tipli yeraltı suları və atmosfer çöküntülərinin infiltrasiyası hesabına baş verir. Hidrosferin yuksək mailliliyə malik tranzit zonasında yerləşən bu ərazilərdə yeraltı suların ciddi fiziki-kimyəvi metamorfizasiyası qeyri-mümkündür. Kəşfiyyat işləri zamanı qazılmış quyulardan və tədqiq olunmuş bulaqlardan götürülmüş su nümunələrinin kimyəvi təhlili bu faktı bir daha sübut edir. Minerallaşma dərəcəsi 0,3-1,0 q/l olan bu sular kimyəvi tərkibcə hidrokarbonatlı və hidrokarbonatlı-sulfatlı tiplərə aiddir. Aparılan çoxillik rejim müşahidələri bu parametrlərin sabit qaldığını sübut etmişdir.
Eyni zamanda qeyd edilməlidir ki, kənd təsərrüfatında istifadə edilən kimyəvi maddələr, o cümlədən müxtəlif pestisidlər nəzəri cəhətdən yalnız 5-10 metr dərinlikdə yerləşən, əsasən yağış sularından ibarət qurunt sularında ola bilər ki, bu da əl ilə qazılmış 5-6 metr dərinlikdə olan quyularda müşahidə edilə bilər və lokal xarakter daşıyar.
“Oğuz-Qəbələ-Bakı” su layihəsi çərçivəsində qazılan quyular isə 120-150 metr dərinlikdə olub, torpaq üstü çirklənmələrlə heç bir əlaqəsi olmayan sularla bağlıdır. Bu da, məlumatı yayan şəxslərin qeyri peşəkar və məsələdən xəbərsiz olmalarına dəlalət edir.