Xəbərlər

"Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası Layihəsi çərçivəsində" 10 başdan ibarət ilk ceyran sürüsü Azərbaycandan Gürcüstana yola salınıb

21 Oktyabr 2013, 00:00

Ümummilli Lider Heydər Əliyevin imzaladığı 2003-cü il 5 iyul tarixli 2303 nömrəli Sərəncamla yaradılmış Şirvan Milli Parkında Avropada yeganə və ən böyük ceyran populyasiyasının sayı qısa müddət ərzində 4000 başdan 9000 başa qədər artmış və bu əhəmiyyətli növün arealı təbii yolla xeyli genişlənmişdir.
Təbii artım nəticəsində geniş ərazilərə çıxan və qorunan ərazilərin sərhədlərindən kənara yayılan ceyran fərdlərinin mühafizəsi, davamlı inkişafının təmin edilməsi ilə yanaşı ceyran populyasiyasının vaxtilə mövcud olduğu, lakin insan fəaliyyətinin təsiri ilə nəslinin kəsildiyi tarixi areallarında reintroduksiya metodu ilə bərpası məqsədilə 2010-cu ildən etibarən Layihə tədbirlərinə start verilmişdir.
2010-cu ilin 24 dekabr tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva ceyranların tarixən məskunlaşmış yerlərindən biri olan Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı əraziyə ilk ceyran sürüsünün buraxılması prosesində iştirak edərək, üzərində peyk vasitəsilə siqnalötürücü xaltası olan 29 ədəd ceyranı Qobustan-Cəngiçay ərazisinə buraxmışlar.
Ötən müddət ərzində Layihənin vacib komponentlərini təşkil edən əsas fəaliyyət istiqamətləri müəyyən olunaraq ardıcıllıqla yerinə yetirilmiş, Ağgöl Milli Parkı, Qobustan-Cəngiçay vadisi, Acınohur-Sarıca düzü ərazilərinə mərhələlərlə ceyran fərdlərinin buraxılması həyata keçirilmiş, 110 başadək ceyran tarixi ərazilərinə qaytarılmışdır.
Eyni zamanda nadir növ olan ceyranın mühafizəsinin gücləndirilməsi, bu növün sərbəst şəkildə dinamik inkişafına təkan verməklə areallarının
genişlənməsinə və yüz illər boyu mövcud olmuş təbii arealının yenidən bərpasına təkan vermişdir. Uğurlu nəticə kimi reintroduksiya ərazilərində ceyranların davamlı təbii artımı qeydə alınmışdır.
Layihə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondu, IDEA Kampaniyası və WWF-in Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilməkdədir. Layihənin icrası üçün tələb olunan avadanlıqlar - ən müasir keyidici silah, tor və tələ avadanlıqları, peyk vasitəsilə siqnalötürücü xaltalar, simsiz rabitə vasitələri alınmış və Layihənin bilavasitə icra prosesində ukraynalı, almaniyalı mütəxəssislər ölkəmizə səfər edərək zəruri göstərişlərini vermişlər. Bu avadanlıqlardan istifadə etməklə ceyranların həyat təhlükəsizliyi təmin olunmaqla yanaşı, hərəkətlərinin nəzarəti də həyata keçirilir. Həmçinin yerli icma nümayəndələri, xüsusən fermerlərdən ceyranların həyat və təhlükəsizliyinin təminatı üçün məsuliyyət daşımaları barədə iltizamnamələr alınmışdır.
Eyni zamanda Layihənin gedişatı boyu əhali arasında davamlı maarifləndirmə tədbirləri aparılmış, 7000 buklet və 100-dək müvafiq maarifləndirici və qadağanedici lövhələr, yol işarələri hazırlanaraq reintroduksiya ərazilərində yerləşdirilmişdir.
Qeyd edək ki, hal-hazırda “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası Layihəsi” çərçivəsində ceyranların Qafqazın tarixi ərazilərinə reintroduksiyası prosesinə başlanılır.
21 oktyabr 2013-cü il tarixində 10 başdan ibarət ilk ceyran sürüsünün Gürcüstan Respublikasına reintroduksiyası həyata keçirilmişdir.
IDEA kampaniyasından verilən məlumata əsasən, ceyran sürüsünün reintroduksiyası Gürcüstan Respublikasının Ətraf Mühit və Təbii Sərvətlərin mühafizəsi Nazirliyinin etdiyi müraciət əsəsında həyata keçirilmişdir.