Xəbərlər

Xaçmaz, Şabran və Siyəzən rayonlarının sahil zolağının ekoloji vəziyyəti araşdırılıb

10 İyul 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən ölkənin şimal rayonlarında, Xəzər dənizinin sahil xəttində yerləşən su axarlarında və onun ətraf ərazilərində növbəti monitorinqlər keçirilib.
Xaçmaz rayonunda formalaşan tullantı sularının əsasən 87 təbii axar vasitəsi ilə Xəzər dənizinə axıdıldığı və çirklənmiş təbii axarların Xəzər dənizini də çirklənməyə məruz qoyduğu aşkar edilib. Quba və Xaçmaz rayonları ərazisindən keçərək Xəzər dənizinə tökülən Qudyalçay Xaçmaz rayonu ərazisində ən çox çirklənməyə məruz qalan axar kimi qeydə alınıb. Axının 50 faizini qar, 32 faizini yeraltı, 18 faizini isə yağış suları təşkil edən çayın çirkənməsinə əsas səbəb isə Bioloji Təmizləyici Qurğunun (BTQ) və tullantı sularını qurğuya nəql edən kollektorun istismara yararsız vəziyyətdə olmasıdır.

Monitorinqlər zamanı müəyyən edilib ki, Yalama-Müqtədir inzibati ərazi vahidliyində yaşayış məntəqələrindən keçən axarlar da təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Xəzər dənizinə axıdılır və qeyd edilən ərazidə də Xəzər dənizinin çirkləndirilməsinə səbəb yaşayış məntəqələrində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin quraşdırılmamasıdır. Sözügedən ərazidə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz Sukanal İdarəsi tərəfindən 2008-ci ildə quraşdırılmış, gücü 250m3/gün olan modul tipli tullantı su təmizləyici qurğu mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi quraşdırılmadığından hazırda istismar olunmur. Bu səbəb də sözügedən ərazidən dənizə qovuşan digər çayların çirklənməsinə öz təsirini göstərir. Quba və Xaçmaz rayonları ərazisindən keçərək Xəzər dənizinə tökülən Qusarçay, Alpançay, Ağçay, Qaraçay, Cağacuqçay və Vəlvələçay təbii axarları da tullantı sularının idarə edilməməsi səbəbindən müdaxilələrə məruz qalır. Monitorinqlər zamanı Xaçmaz rayon Abadlıq İdarəsinin balansında olan ərazilərdə, eləcə də sahil xəttində formalaşan bərk məişət tullantılarının qalaqlanması halları da müşahidə edilib

ki, bu da rayon ərazisində və sahil xəttində antisanitar vəziyyətin əmələ gəlməsinə şərait yaradan amıllərdən biri kimi qeydə alınıb.

Şabran rayonunda da kanalizasiya xətləri uzun illərdən bəri istismar edildiyindən tamamilə yararsız vəziyyətə düşdüyü, eyni zamanda təmizləyici qurğuların olmaması səbəbindən formalaşan tullantı sularının təmizlənmədən və zərərsizləşdirilmədən təbii axarlara (Dəvəçiçay və Dərəçay) və kanallara qoşularaq Xəzər dənizinə axıdıldığı müəyyənləşdirilib. Şabran şəhərində mərkəzləşdirilmiş kanalizasiya sistemi olmadığından Dəvəçiçayın sahil xətti boyunca yerləşən fərdi yaşayış evlərində və müxtəlif təyinatlı kiçik müəssisələrdə formalaşan tullantı suları təmizlənmədən və zərərsizləşdirilmədən sözügedən çaya axıdılır.

Şabran şəhəri mərkəzində formalaşan bərk məişət tullantılarının idarə edilməsinə baxmayaraq, mərkəzdən kənar yerlərdə və Samur-Abşeron kanalı boyunca zibilxanaların hökm sürdüyü müşahidə edilib. Şabran rayon Abadlıq və Yaşıllaşdırma İdarəsinin fəaliyyət sahəsinə baxış keçirərkən məlum olub ki, formalaşan bərk məişət tullantıları yalnız rayonun mərkəzi küçələrində idarə edilir. Digər küçələrdə, kənd və qəsəbələrdə formalaşan bərk məişət tullantıları isə Dəvəçiçayın sağ və sol sahilinə pərakəndə şəkildə atılaraq yandırılır. İdarənin tabeliyində olan bərk məişət tullantılarının zərərsizləşdirilməsi üçün ayrılmış poliqonda isə məişət tullantılarının bir hissəsi basdırılaraq zərərsizləşdirilsə də, digər hissəsi əraziyə pərakəndə şəkildə atılaraq açıq havada yandırılır.

Araşdırmaların nəticələrinə görə mənbəyini Samur çayından götürən Samur-Abşeron kanalı keçdiyi ərazilərdə antropogen təsirlərə məruz qalır və kanalboyu yerləşən yaşayış məntəqələrində tullantı suları ilə yanaşı bərk məişət tullantıları da kanala atılır. Kanalın ən çox çirklənməyə məruz qaldığı sahə isə Şabran rayonunun ərazisi müəyyənləşdirilib.

Siyəzən rayonundan keçərək Xəzər dənizinə tökülən Ataçay və Gilgilçayın da müxtəlif tullantı suları ilə normadan artıq səviyyədə çirkləndirildiyi aşkar edilib.

Ümumiyyətlə, ölkənin şimal rayonlarındakı Xəzər dənizinin sahil xəttində yerləşən su axarlarından götürülən nümunələr analiz edilib və normadan artıq çirklənmə faktları təsdiq olunub. Monitorinqin nəticələrinə uyğun olaraq isə ətraf mühitin mühafizəsi istiqamətində aşkarlanan pozuntu hallarının aradan qaldırılması, təqsirkarların qanunamüvafiq qaydada cəzalandırılması və məcburi göstərişlərin verilməsi məqsədi ilə ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinə müvafiq tapşırıq verilib.