Xəbərlər

“Qırmızı Kitab”ın yeni nəşri təqdimata hazırdır və yaxın günlərdə təqdimat mərasimi keçiriləcək (“Qırmızı Kitab”ın yeni nəşrinin ərsəyə gəlməsi ilə bağlı ETSN-nin məlumatı)

25 Sentyabr 2013, 00:00

Azərbaycan Respublikası Prezidentinin 24 mart 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı”na əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın yeni nəşrinin təşkili tapşırılmışdır.
2006-cı ildən keçən müddət ərzində ETSN-nin “Qırmızı Kitab”ın Redaksiya Heyətinin və İşçi Qrupunun formalaşdırılması və təkmilləşdirilməsi ilə bağlı 5 Əmri olmuş, Redaksiya Heyəti və İşçi Qrup üzvlərinin dəfələrlə görüşləri və müzakirələri keçirilmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qırmızı Kitabı haqqında Əsasnamə”yə uyğun olaraq “Qırmızı Kitab”ın hazırlanması və dövri nəşri ilə bağlı işlərin maliyyələşdirilməsi Dövlət büdcəsi hesabına həyata keçirilir. Lakin 2006-cı ildən 2010-cu ilədək keçən müddət ərzində kitabın hazırlanmasında iştirak ilə bağlı müraciət edilən əsas elmi-tədqiqat institutları buna görə gözlənilmədən çox böyük məbləğ tələb etmiş, bu yanaşmanı Nazirlik üçün müvafiq orqanlar qarşısında əsaslandırmaq çətin olduğundan işlərin dövlət büdcəsindən maliyyələşdirilməsi yubanmışdır. Belə olan halda Kitabın hazırlanması və nəşrinin təşkili ilə bağlı Nazirlik təşəbbüsü üzərinə götürmüş və bu işlərin ətraf mühitə vurulmuş ziyana görə edilən cərimələrin toplandığı ETSN-nin Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu və Nazirliklə ciddi iş birliyində olan beynəlxalq statuslu regional donor təşkilatların köməkliyi ilə maliyyələşdirilməsi təşkil olunmuşdur.

Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın 2-ci nəşrinin layihəsi ETSN-nin, AMEA-nın, ali təhsil müəssisələrinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin birgə səyi nəticəsində hazırlanmış və dəfələrlə müzakirə olunmuşdur.

Son variant isə 19 fevral 2013-cü il tarixdə Kitabın Redaksiya Heyəti və İşçi Qrupunun üzvləri, həmçinin elmi təşkilatların əməkdaşları, QHT və KİV nümayəndələrinin iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində geniş müzakirə edilmişdir.

Aparılan müzakirələr zamanı qeyri-hökumət təşkilatları tərəfindən AMEA-nın nümayəndələrinə qarşı kitabdakı qüsurlara görə irad dolu çıxışlar edilmiş, lakin ETSN bəzi qüsurlara baxmayaraq AMEA-nın nümayəndələrini dəstəkləmiş, kitabın hazırlanmasında iştiraklarına görə onlara minnətdarlıq bildirmişdir.

Təəssüf ki, son müzakirələr zamanı kitabın layihəsinin təkmilləşdirilməsində qəbul olunmuş qərarlardan kənara çıxılmışdır. Bu da “Qırmızı Kitabı”n son variantında görünürdü. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlar tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində “Qırmızı Kitab”da olan qüsurların sayı xeyli azaldılmış, nəticədə Kitab daha da təkmilləşdirilmişdir.

Ardıcıl olaraq həyata keçirilən təkmilləşdirmələrə baxmayaraq, “Qırmızı Kitab”ın siqnal nüsxələrinə baxış keçirilərkən Nazirlik tərəfindən yenidən bir sıra obyektiv və subyektiv faktorlarla səciyyələnən, elmi və texniki xarakterli səhvlər aşkarlanmışdır.

Kitabın siqnal nüsxələrində səhvlərin getməsi, redaksiya heyətinin müəyyənləşdirdiyi çərçivələrdən kənara çıxılması, təsdiq olunmuş müəlliflərin sıralarında Redaksiya heyəti üçün aydın olmayan dəyişikliklər aparılması, Ölkə Prezidentinin “Qırmızı Kitab”ın hazırlanması ilə bağlı müvafiq Sərəncamına təhrif olunmuş formada istinadların edilməsi Nazirlik tərəfindən müəyyən olunmuşdur.

ETSN-ni “Qırmızı Kitab”ın siqnal nüsxəsində dəyişikliklər etmək məcburiyyətində qoyan ciddi qüsurlar əsasən aşağıdakılardan ibarətdir:

* Ölkə Prezidentinin sərəncamına bilavasitə istinad edilərək sərəncamda mövcud olmayan fikirlər yer almışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 24 mart 2006-cı il tarixli Sərəncamında aydın göstərilmişdir ki, Kitabın nəşr olunması ETSN-ə və eyni zamanda AMEA-ya həvalə edilir. Lakin “Qırmızı Kitab”ın titul vərəqələrində Kitabın icraçıları Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Botanika və Zoologiya İnstitutları göstərilmişdi. Halbuki Nazirlik tərəfindən də Kitabın hazırlanması ilə bağlı bütün fəaliyyəti ETSN-nin tabeli qurumu olan Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti həyata keçirmişdir. Lakin ölkə Prezidentinin Sərəncamının ruhuna və hərfinə sadiq olaraq kitabın naşirləri kimi bu təşkilatların tərkibində olan ayrı-ayrı bölmələrin deyil, sərəncamda göstərilən təşkilatların adları verilmişdir.

* Kitabın ETSN-nin sifarişi ilə dərc edildiyi, burada AMEA-nın Botanika İnstitutu və müvafiq profilli bir sıra İnstitutlarının, həmçinin Təhsil Nazirliyinin, Bakı Dövlət Universitetinin elmi nəticələrindən istifadə olunduğu barədə məlumat yer almışdır. Halbuki Nazirlik heç bir təşkilata kitabı sifariş etməmişdir və onu özü AMEA və bir sıra başqa elmi mərkəzlərlə birlikdə nəşr etmişdir.

* Redaksiya Heyəti həmsədrləri tərəfindən ön söz ilk variantdan mövcud olub. Yəni, bir ön söz başqası ilə əvəz olunmayıb. Eyni zamanda institutlar tərəfindən daha bir giriş sözünün əlavə edilməsi Redaksiya Heyətinin rəhbərliyi ilə müzakirə aparmadan Kitabın maketinə salınıb. Buna görə Nazirliyin rəhbərliyi AMEA nümayəndələrinə heç bir irad bildirməyib, Nazirlikdə bu işlə məşğul olan şəxslər belə məsələləri vaxtında görüb həll etməli olduğundan iradlar da elə Nazirliyin işçilərinə bildirilib. Bununla bərabər əlavə edilmiş giriş sözündə ciddi səhvlərə yol verilib. Belə ki, giriş hissəsində Azərbaycan Respublikası Prezidentinin 24 mart 2006-cı il il tarixli “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı” nın adı səhv göstərilmiş, orada Qırmızı Kitabın nəşrinə dair bəndin nömrəsi yanlış verilmiş və ən nəhayət Prezident Sərəncamında Qırmızı Kitabın nəşrinin təşkilinin icraçıları təhrif olunmuş, ölkədə xüsusi mühafizə olunan təbiət ərazilərinin sayı (43 ədəd) və ölkə ərazisinə faiz nisbəti (10%) səhv göstərilmişdir.

* Bütün bunlarla bağlı həmin şəxslərlə əlaqə belə yaratmaq mümkün olmayıb. Belə olan halda səhvlərlə dolu mətnlə biz nə etməli idik? Əgər

müəllif gəlib onun vacibliyini Redaksiya Heyətinə, “bəyanat” müəlliflərinin dili ilə desək, “sifarişçinin” qarşısında isbat etməkdən, səhvlərini düzəltməkdən imtina edirsə nə etmək qalır? Təbii ki, onu tam çıxarmaq. Ələlxüsus nəzərə alsaq ki, artıq bir giriş sözü var. O ki qaldı Kitaba dəstək olanlara minnəttdarlıq bildirilməsinə, bu ayrıca məktubla Nazirlik tərəfindən hər bir ünvana göndəriləcək.

* “Qırmızı Kitab”ın hazırlanmasına başlanarkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əmri ilə Redaksiya Heyəti yaradılıb və həmin siyahıda heç bir məsul redaktor nəzərdə tutulmayıb, bununla bağlı heç bir səlahiyyət verilməyib. Ancaq 2010-cu ildə yenə də Nazirliyin Əmri ilə Redaksiya heyətində müəyyən tərkib dəyişikliyi aparılıb və məsul redaktor barədə mötərizədə yazı verilib. Kitabın siqnal nüsxəsi çıxdıqdan sonra Nazirliyə çoxsaylı etirazlar daxil olub. Kitabın tərtibatında iştirak edən şəxslər, fotoların müəllifləri onların hüquqlarının pozulmasını bildiriblər. Araşdırma zamanı müəyyən edilib ki, heç bir məqalənin müəllifi olmayan şəxs orada müəllif kimi göstərilib. Kitabın tərtibat və redaktə işini aparan şəxs gördüyü işin heç yerdə qeyd olunmadığını ortaya qoyub. Fotoların altında müəllif kimi göstərilən şəxslər fotoların onlara aid olmadığını bildirib. Eyni zamanda həqiqi müəlliflər öz müəlliflik hüququnu təsdiq edib. Bütün bunlara aydınlıq gətirmək üçün Nazirliyin bioloji müxtəliflik məsələləri ilə məşğul olan departamenti AMEA-nın müvafiq institutları ilə əlaqə saxlamağa çalışıb, lakin qəribə şəkildə əlaqə yaratmaqdan imtina edilib. Nəticədə institutların ayrı-ayrı nümayəndələri və bir sıra müəlliflərlə məsələyə aydınlıq gətirilməyə çalışılıb. Müəyyən edilib ki, AMEA-nın institutlarının rəhbərliyinin tapşırığı ilə bu şəxslər tərəfindən Redaksiya heyətinin sanksiyası olmadan əsaslı tərtibat işi aparılıb, bu işdə fəallıq göstərən institut nümayəndələri öz hüquqlarının qorunmasını nazirlikdən xahiş ediblər. Nəticədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 sentyabr 2013-cü il tarixli 572/ü saylı Əmrinə müvafiq olaraq “Azərbaycan Respublikası “Qırmızı Kitabı”nın II nəşri ilə əlaqədar Redaksiya Heyətinin tərkibi haqqında” Nazirliyin 2012-ci il 13 iyul tarixli 425/ü nömrəli Əmrinin 1”“ci hissəsi ləğv edilərək, faktiki vəziyyətə uğun olaraq tərtibat qrupuna rəhbərlik etmək üçün tərtibat üzrə məsul şəxslər və faktiki gördüyü işi rəsmiləşdirmək üçün isə zoologiya bölməsi üzrə tərtibat qrupunun məsul katibi müəyyənləşdirilmişdir. Botanika bölməsi üzrə müraciət daxil olmadığından bu bölmə üzrə məsul katib müəyyən olunmayıb. Eyni zamanda müəllif olmayan şəxs müəlliflər sihayısından çıxarılmışdır.

* Daxil olan şikayətlərdə bildirilib ki, Kitabın müvafiq bölmələrində bəzi növlərin arealları düzgün qeyd olunmamış, şəkillərin keyfiyyəti aşağı səviyyədə olunmuşdur. Kitabın Botanika bölməsində dizayn işinin çox zəif səviyyədə icra olunması ilə bağlı iradlar bildirilmişdir. Artıq çapdan çıxmış nüsxələrdə bu səhvləri tam aradan qaldırmaq həddən çox maliyyə məsrəfi tələb etməsinə baxmayaraq Nazirlik buna görə səhvlərə yol vermiş şəxslərə irad bildirmədən, maliyyə sanksiyası tətbiq etmədən məsuliyyəti

öz üzərinə götürmüş, dövlət vəsaiti xərcləmədən bu səhvləri mümkün qədər düzəltməyə çalışmışdır. Botanika bölməsində qismən, zoologiya bölməsi demək olar ki, tam təkrar işlənilmiş və əsaslı düzəlişlər aparılmışdır.

Bildiririk ki, Qırmızı Kitab” hansısa müəlliflərin sifarişi ilə çıxan müəllif kitabı deyil, nəsli kəsilməkdə olan heyvanların və bitkilərin qeydiyyat kitabıdır. Bu kitab inzibati xarakter daşıyır və Nazirlik, AMEA, BDU və bir çox başqa dövlət və qeyri-dövlət təşkilatları tərəfindən bu istiqamətdə profilinə uyğun olaraq elmi-tədqiqat işləri aparılmışdır. Belə olan halda, ümumilikdə Kitaba müəlliflik hüququ ilə bağlı AMEA-nın müxtəlif bölmələrinin iddialı olmaları absurd səslənir. Kitabda nəyin saxlanılıb, nəyin çıxarılmasını redaksiya heyəti müəyyənləşdirib Nazirliyə təqdim edir, ayrı-ayrı müəlliflər yox. Bu, hətta adi məqalə toplusu üçün də məntiqli praktikadır. Eyni zamanda “Qırmızı Kitab”da əksini tapmış mətnlərin və fotoşəkillərin müəlliflərinin hüquqları qorunmuşdur.

Yuxarıda qeyd olunan səbəblər üzündən, tam əsaslı olaraq Kitaba Nazirlik tərəfindən dəyişiklik olunmuşdur. Nəşrdə yol verilən bütün səhvləri düzəltmək üçün daha çox vaxt tələb olunduğundan, bəzi səhvlərə dair Kitaba düzəliş vərəqi əlavə edilmişdir.

ETSN bütün bunlarla bərabər Kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə, o cümlədən AMEA-nın Botanika İnstitutunun direktoru, biologiya elmləri doktoru Validə Əlizadəyə, AMEA-nın Zoologiya İnstitutunun direktoru, biologiya elmləri dokturu, AMEA-nın müxbir üzvü İlham Ələkbərova, BDU-nun kafedra müdirləri, biologiya elmləri doktorları Qara Mustafayevə və Elşad Qurbanova, Gəncə Aqrar Universitetinin professoru, biologiya elmləri doktoru Vaqif Novruzova minnətdarlığını bildirir. Bu sırada Kitabın ərsəyə gəlməsində dəstəyi olan Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF), Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GİZ) təşkilatlarına, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fonduna, Almaniya İnkişaf Bankına (KFW) və Cənubi Qafqaz üçün Transsərhəd Birgə Katibliyinə (TJS), Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, IUCN təşkilatına öz dərin təşəkkürünü bildirir. Həmin təşkilatlara Nazirlik tərəfindən xüsusi minnətdarlıq məktubları da göndəriləcəkdir.

Nazirlik kitabda yol verilən qüsurlara görə müəlliflərə, tərtibatçı qruplara heç bir irad bildirmir və bunun məsuliyyətini, vaxtında tədbir görmədikləri üçün Nazirliyin öz nümayəndələrində görür.

İstənilən halda, son nəticədə keyfiyyətli, yaxşı bir məhsul ortaya qoyulmuşdur. ETSN hazırki Kitabın tərtibində zəhməti olmuş redaksiya üzvləri və müəllif heyətinə, onun ərsəyə gəlməsində və keçirilən müzakirələrdə yaxından iştirak edən, fikirləri nəzərə alınmış və alınmamış bütün şəxslərə, alim, məmur və vətəndaş cəmiyyəti üzvlərinə, xüsusən regionlarda fəaliyyət göstərən elm ocaqlarının fədakar alim heyətinə, aidiyyəti dövlət təşkilatlarının rəhbərliyi və mütəxəssislərinə, o cümlədən adları qeyd olunmayan, lakin Kitabın nəşrinə töhfə vermiş digər şəxslərə dərin minnətdarlıq bildirir.

“Qırmızı Kitab”ın yeni nəşri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.