Xəzərin su bioresurslarının qorunması və balıqçılığın inkişafı dövlətin prioritet fəaliyyət istiqamətidir
18 Fevral 2015, 00:00
Azərbaycanda balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası və mühafizəsi ilə öz Əsasnaməsinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi məşğul olur. Ölkədə Xəzərin bioresurslarının idarə edilməsi ETSN-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti, dəniz bioresurslarının sistemli tədqiqatları isə ETSN-nin tabeliyində olan Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu tərəfindən həyata keçirilir.
Hazırda ETSN-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin nəzdində balıq ehtiyatlarının artırılması ilə 12 balıqartırma müəssisəsi məşğul olur. Bunlardan 4-ü nərə, 3-ü qızılbalıq və forel, 5-i isə çəkikimi balıq körpələrinin artırılması üzrə ixtisaslaşıb. Qeyd olunan balıqartırma müəssisələrində Nazirlik yarandığı dövrdən, yəni 2001-ci ildən 5,5 milyarddan artıq, o cümlədən 131,0 mln. ədəd nərəkimi, 1,637 mln. ədəd qızılbalıq, 5375,0 mln. ədəd çəkikimi balıq körpələri artırılıb təbii su hövzələrinə buraxılıb ki, bu da balıq ehtiyatlarının qorunub saxlanılmasına və xammal bazasının formalaşmasına yönəldilmiş tədbirlərdir. Yəni Xəzərin strateji bioloji resursu olan nərə cinsli balıqların artırılması Azərbaycan dövlətinin prioritetlərindəndir və ETSN-yə məxsus müasir infrastruktur və kadr potensialı uğurla bu məqsədə çatmağa imkan verir.
Xəzər regionunda ən iri Nərə Balıqartırma Zavodu (illik istehsal layihə gücü 15 milyon ədəd balıq körpəsi) - 2003-cü ildə istismara verilmiş Xıllı Nərə Balıqartırma zavodu da daxil olmaqla Azərbaycanın Nərə Balıqartırma Zavodları 2008-ci ilədək hər il Xəzər dənizinə 20 milyon ədədə qədər nərə balığı körpəsi buraxırdı. Lakin son illər bütün Xəzəryanı ölkələrdə nərəkimilərin zavod artımının miqyası azalıb. Xəzər dənizində nərəkimilərin müasir populyasiyası əsasən süni törəmələrdən ibarət olduğundan bütün Xəzəryanı ölkələrdə süni balıqartırmanın müasir miqyası Xəzər dənizində nərəkimilərin ehtiyatlarının tükənmə ehtimalını azaltmır. Son illərdə onların ehtiyatının azalması ilə əlaqədar təbii mühitdən törədicilərin tədarükü çətinləşib və bunun nəticəsində körpələrin ümumi buraxılışı 3-5 milyon ədəd balıq körpəsini keçmir. Bu tendensiya da bütün Xəzəryanı ölkələrdə müşahidə olunur.
Bununla əlaqədar olaraq Azərbaycanda hələ 2004-cü ildə, müasir Xıllı Nərə Balıqartırma Zavodunda nərə balıqlarının törədici sürüsünün formalaşdırılmasına başlanılıb. Hazırda bu zavodda süni yetişdirilmiş 5000-dən artıq müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlardan ibarət təmir-törədici fond yaradılıb. Bununla da dənizdəki ana balıq qıtlığından asılılıq getdikcə azalır. 2013-cü ildə zavodda, Azərbaycanda ilk dəfə olaraq süni yetişdirilmiş iki ədəd ana balığı öldürmədən, cərrahi əməliyyat vasitəsilə alınmış kürüdən balıq körpələri yetişdirilib. 2014-cü ildə isə artıq 6 nərə dişisindən kürü alınıb.
Qeyd edək ki, ölkədə balıqçılıq təsərrüfatı milli iqtisadiyyatda mühüm sosial əhəmiyyətli sektor olaraq qalır. Amma 1980-ci illərin əvvəlləri ilə müqayisədə bütövlükdə Xəzər dənizində nərəkimilərin illik ov həcmi 30 dəfə azalaraq vətəgə əhəmiyyətini itirmək həddinə çatıb. Bu dəyişikliklər nərə balıqçılıq təsərrüfatının idarə olunmasının müasir mərhələsində bütövlükdə Xəzər dənizinə xas olan ümumi meylləri əks etdirir. Yəni nərələrin ehtiyatının kəskin aşağı düşməsinin əsas səbəbləri aşağıdakı amillərlə izah olunur: 20-ci əsrin 80-90-cı illərində brakonyerlik nəticəsində nərəcinslilərin həddindən artıq ovlanması, kürü tökülən çaylarda, o cümlədən Kür çayında bəndlərin salınması, həmin illərdə dənizin çirkləndirilməsi və həmin vaxtlarda bütün dənizdə balıqçılığın vahid tənzimləmə sisteminin olmaması, nəhayət mnemiopsis leidyi daraqlısının mənfi təsiri nəticəsində Xəzər dənizi ekosistemində stabilliyin pozulması.
Eyni səbəblərdən Xəzər dənizinin Azərbaycan sektorunda nərə balıqlarının ehtiyatı kəskin azalıb və dənizin ümumi ehtiyatlarının 12-15 faizini təşkil edir. Balıq ehtiyatlarının azalması yalnız Azərbaycan üçün deyil, bütün Xəzər dənizi üçün səciyyəvi olan ümumi tendensiyadır.
Son illərdə Azərbaycanda Xəzər dənizinin unikal bioresurslarının qorunması üzrə müəyyən işlər həyata keçirilib və proses davam etdirilir. ETSN-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti balıq ehtiyatlarının mühafizəsi üzrə ixtisaslaşmış xidmətə malikdir. Brakonyerliklə mübarizə üzrə ETSN-nin aidiyyəti təşkilatları hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının iştirakı ilə birgə kompleks tədbirlər görür.
Belə ki, son 10 il (2004-2014) ərzində su bioresurslarının mühafizəsi və balıq ovu qaydalarına riayət edilməsi ilə bağlı ETSN-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq ümumilikdə 1404 qanun pozuntusu aşkar edilərək 1203 nəfər məsuliyyətə cəlb edilib. Həmin müddətdə qanun pozucularından 203 su nəqliyyat vasitəsi, 15057 ədəd müxtəlif adda ov aləti və 7150 ədəd müxtəlif növ qanunsuz ovlanmış balıq götürülüb. Cinayət xarakterli olduğuna görə 200 iş hüquq mühafizə orqanlarına, 872 iş inzibati qaydada baxılması üçün aidiyyəti üzrə rayon məhkəmələrinə göndərilib və ya Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentində baxılaraq müvafiq qərar qəbul edilib. Qanunsuz balıq ovladığına və ya balıq ovu qaydalarını pozduğuna görə məsuliyyətə cəlb edilmiş qanun pozucuları barəsində balıq ehtiyatlarına vurduğu ziyana görə 418666 manat məbləğində iddia qaldırılıb və onlara qarşı 157763 manat məbləğində cərimə tətbiq edilib.
Lakin Xəzər dənizinin bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tabeli qurumları tərəfindən həyata keçirilən davamlı tədbirlərə baxmayaraq balıq ehtiyatlarının qanunsuz ovlanmasının, satışının qarşısının alınması tamamilə mümkün olmamış və hələ də belə anoloji hallara yol verilir. Bu halların baş verməsinin səbəbləri isə bir sıra amillərlə bağlıdır. Belə ki, aparılan reyd və araşdırmalar göstərir ki, əsasən qanunsuz balıq ovu ilə məşğul olan brakonyerlərə kənardan ayrı-ayrı imkanlı və nüfuzlu şəxslər tərəfindən “himayədarlıq” olunur, onlar iri tutumlu, sürətli və güclü motorlara malik qayıqlarla təmin edilirlər. Belə vasitələrlə təchiz olunan qanun pozucuları Xəzər dənizinin sahilindən 10 kilometrlərlə uzağa getmək və orada qanunsuz balıq tutmaq imkanlarına malik olurlar. Texniki təchizatın tələb olunan səviyyədə olmaması səbəbindən həmin sürətli qayıqların saxlanılması Nazirliyin əməkdaşlarının imkanları xaricindədir və bu səbəbdən həmin qanun pozucularını məsuliyyətə cəlb etmək bir sıra hallarda mümkün olmur. Lakin buna baxmayaraq Nazirlik tərəfindən digər nəzarət orqanları ilə, o, cümlədən Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq idarələri ilə birgə mütəmadi olaraq ciddi tədbirlər həyata keçirilir.
Eyni zamanda, qanunsuz ovlanmış balıqların ayrı-ayrı şəxslər tərəfindən müxtəlif yerlərdə, xüsusilə də yol kənarlarında satılmasının qarşısının alınmasında ciddi çətinliklər var. Bu kimi halların qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən digər aidiyyəti orqanların nümayəndələri cəlb edilməklə qanunsuz ovlanmış balıqların yol kənarlarında, xüsusilə də Bakı-Quba yolunun Siyəzən və Şabran rayonlarının ərazisindən keçən hissəsində satılmasının qarşısını almaq üçün bir sıra tədbirlər görülür. Keçirilmiş tədbirlər zamanı bu ərazidə müxtəlif cinsli balıqların ayrı-ayrı şəxslər tərəfindən əldə olunmasına və keyfiyyətinə dair rəsmi təsdiqedici sənədlər olmadan satıldığı müəyyən edilib.
Lakin qanunsuz olaraq balıq satışının qarşısını almaq üçün keçirilən tədbirlər zamanı Nazirliyin əməkdaşları qanun pozucularının müqaviməti, təhqirləri və müxtəlif təhdidləri ilə üzləşirlər. Bunun nəticəsidir ki, həmin qanun pozucuları tərəfindən bu əməkdaşlar barəsində qərəzli və reallığı əks etdirməyən məlumatlarla bağlı çoxsaylı şikayət ərizələri hazırda da müxtəlif instansiyalara, o cümlədən Azərbaycan Respublikası Prezidenti Administrasiyasına daxil olmaqda davam edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 22.1-1-ci bəndinə əsasən “Ticarət dövriyyəsinə daxil edilmiş balıq məhsullarının satışı kənd təsərrüfatı məhsullarının satışı yerlərində, o cümlədən müvafiq avadanlıqlarla təchiz edilmiş baza, yarmarka, mağaza və xüsusi ayrılmış digər yerlərdə həyata keçirilməlidir”.
Balıq və balıq məhsullarının mövcud qanunvericiliyə uyğun olaraq müəyyən olunmuş yerlərdə satılması, əldə olunması qanuniliyinə və onun keyfiyyətinə aidiyyəti dövlət orqanları tərəfindən mütəmadi olaraq nəzarət edilməsi ilə qanunsuz ovlanmış balıqların yol kənarlarında satılması və balıqların qanunsuz ovlanması faktlarının qarşısı alınardı.
Ümumilikdə bu məsələnin həllində yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyi deyil, eyni zamanda rayon icra hakimiyyətləri, güc strukturları, ictimaiyyət nümayəndələri, ictimai birliklər də fəal iştirak etməlidirlər.
ETSN-nin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu (AzərETBTİ) nərə cinsli və digər vətəgə əhəmiyyətli balıqların ehtiyatının qiymətləndirilməsi və ovlanmasının tənzimlənməsi üçün hər il dəniz elmi-tədqiqat ekspedisiyaları (bioloji monitorinq) keçirir, nərə cinsli və digər vətəgə əhəmiyyətli balıq növlərinin vətəgə ovlanmasının analizini, yayılmasını, miqdarını, populyasiyaların keyfiyyət tərkibinin təhlilini aparır. Ümumiyyətlə, aparılmış təhlillər göstərir ki, dənizin ekosisteminə antropogen təsirləri azaltmaq üçün təkcə brakonyerliklə mübarizə kifayət etmir. Xəzər regionunda akvakulturanın inkişaf etdirilməsi və əhalinin yeni fəaliyyət növü olan akvakulturaya cəlb olunması qanunsuz balıq ovunun azalmasına, Xəzər dənizində ekoloji vəziyyətin yaxşılaşmasına, eyni zamanda brakonyerliyin azalmasına səbəb ola bilər. Bir sözlə, Azərbaycan üçün balıqçılıq sektorunun əsas prioriteti daxili sularda kiçik miqyaslı akvakultura təsərrüfatlarının inkişafıdır ki, bu da balıqların (xüsusən də nərəkimilərin) təbii populyasiyalarına antropogen təzyiqlərin azalmasına şərait yaradaraq ətraf mühitin mühafizəsinə və bioloji müxtəlifliyin qorunub saxlanılmasına kömək göstərmiş olar.
Qeyd edək ki, 2010-cu ilin noyabr ayında Bakı şəhərində keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə görüşündə nərə balığı növlərinin kommersiya ovuna beştərəfli moratorium tətbiq edilməsi mexanizminin işlənib hazırlanması barədə qərar qəbul edilib. Bununla bağlı isə 2011-2012-ci illərdə Azərbaycanın sədrliyi ilə Bakıda keçirilmiş Xəzər dənizinin Su Bioloji Resursları Komissiyanın iclaslarında əsas məsələlərdən biri Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna moratoriumun tətbiq edilməsi haqqında Sazişin razılaşdırılması olub. Eyni zamanda, beştərəfli Sazişin qəbuluna qədər Azərbaycan 2010-cu ildən nərə balıqlarının kommersiya ovunu həyata keçirmir. Nərə balığının ovu ancaq balıqartırma zavodlarında süni çoxaltma və elmi tədqiqatlar üçün həyata keçirilir.
Hesablamalara görə son bir neçə on ildə dünyada balıq ovu həcmi azalaraq 90-95 mln ton səviyyəsində stabilləşib. FAO-nun proqnozlarına görə bu azalma tendensiyası davam edəcək. Bundan fərqli olaraq, son illərdə dünyada əmtəə akvakulturasının məhsul həcmi artmaqdadır. Hazırda ümumi balıq ovu və istehsalının 70 faizdən çoxunu özündə birləşdirən akvakultura balıqçılığı sürətlə inkişaf edir. Lakin Azərbaycanın balıqçılıq təsərrüfatı kompleksində akvakulturanın payı azdır.
Bu təcrübənin tətbiqi, balıqçılıq təsərrüfatı və akvakulturanın inkişafı məqsədi ilə 2009-cu ildən başlayaraq ETSN BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və regionun bir sıra ölkələri ilə uğurlu əməkdaşlıq edir. 2010-cu ildə ETSN tərəfindən FAO-Türkiyə Əməkdaşlıq Proqramı çərçivəsində fəaliyyət göstərən “FİSHDEV”“CA” (Mərkəzi Asiyada Balıqçılıq Təsərrüfatı və Akvakulturanın İnkişafı) Regional Proqramı imzalanıb. CACFish Komissiyasına dair Saziş Milli Məclisin 2012-ci il 2 noyabr tarixli Qanunu əsasında təsdiq edilib və bununla da 2014-cü ildə Azərbaycan FAO nəzdində regional “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində regional Komissiya”nın (CACFish) üzvü olub. ETSN tərəfindən FAO-nun texniki dəstəyi ilə hazırlanan təkmilləşdirilmiş “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilib (2014-cü ilin 27 iyun tarixli Qanunu əsasında). 2014-cü il 9-13 iyun tarixində İtaliyanın Roma şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş Qərargahında Balıqçılıq Təsərrüfatı Komitəsinin (COFİ) 31-ci sessiyasında FAO-nun baş direktoru Joze Qrasianu da Silva Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətini qəbul edib. Görüşdə FAO-nun baş direktoru son illər ərzində Azərbaycan və FAO arasında əməkdaşlığın genişlənməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rolunu yüksək qiymətləndirib.
Məlumat üçün bildiririk ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının (FAO) statistik məlumatlarına əsasən dünya üzrə adambaşına düşən balıq istehlakının orta illik göstəricisi 18 kq-dır. Ən yüksək orta göstəricilər Cənub-Şərqi Asiya regionunda 60 kq-dan çox (Yaponiya, Çin, Vyetnam və Tailandda 100 kq-dan artıq) qeydə alınıb. Qonşu Türkiyədə bu rəqəm 18 kq-dır. Azərbaycanda isə adambaşına düşən orta illik balıq istehlakı 2009-cu ilədək 2 kq-a yaxın olub, son illərdə isə bu göstərici artaraq 2014-cü ildə təxminən 7 kq-a çatıb.