Xəbərlər

Ekoloji, Sosial və Korporativ İdarəetmə (ESG)

06 Avqust 2024, 10:38

 
Hazırda Azərbaycanın sosial-iqtisadi islahatlara əsaslanan inkişaf konsepsiyasında yaşıl iqtisadiyyata keçid mühüm yer tutur. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində, həmçinin qəbul edilmiş digər strateji sənədlərdə növbəti onillikdə iqtisadiyyatın dayanıqlı və yüksək templə artması fonunda keyfiyyətli ekoloji mühitin təmin olunması mühüm vəzifə kimi qarşıya qoyulmuş və bu istiqamətdə hədəflər müəyyənləşdirilmişdir.

Ətraf mühitin mühafizəsi istiqamətində müəyyən olunmuş təmiz ətraf mühit və “yaşıl artım” prioritetinin reallaşdırılması üçün iqtisadi inkişafla bərabər, ölkədə təbii sərvətlərdən səmərəli istifadə, su ehtiyatları və tullantıların idarə olunması, ekoloji dost texnologiyaların tətbiqi, atmosfer havasının mühafizəsi, ekoturizmin və akvakulturanın inkişafı, meşə və yaşıllıq ərazilərinin artırılması və digər sahələrdə müasir yanaşmaların tətbiqinə başlanılmışdır.

ESG-nin ətraf mühit komponenti üzrə şirkətin ətraf mühitə münasibətdə nə dərəcədə diqqətli davranması, o cümlədən şirkətin korporativ iqlim siyasəti, enerjidən istifadəsi, tullantıların idarə edilməsi, təbii resursların qorunması istiqamətində həyata keçirdiyi tədbirlər nəzərdə tutulur.

Yaşıl və dayanıqlı inkişaf konsepsiyasının tətbiqi, ətraf mühit məsuliyyəti və sosial məsuliyyətlilik hər bir şirkətdə idarəçiliyin təməl prinsiplərini təşkil etməlidir. Böyük sənaye müəssisələrinin qurulması və digər irihəcmli layihələrə maliyyə vəsaitlərinin ayrılması zamanı ekoloji göstəricilərin nəzərə alınması zəruridir.

Sosial-iqtisadi inkişafla əlaqədar ətraf mühitin artan təsirlərdən mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasında bütün maraqlı tərəflər iştirak etməli, ətraf mühitin deqradasiyasına səbəb ola biləcək fəaliyyətlərin qarşısının alınması istiqamətində tədbirlər daha da gücləndirilməlidir.

Bu baxımdan biznes qurumlarını korporativ məsuliyyətin təməl prinsiplərindən olan ekoloji məsuliyyət prinsiplərini tətbiq etməklə ətraf mühit qanunvericiliyinə uyğunluğu təmin etməyə, ətraf mühitin qorunması sahəsində strategiyaların qəbul edilməsi ilə effektiv idarəetmə sisteminin qurulması, qərar qəbul etmə səviyyəsində fəaliyyətin ekoloji aspektlərinin idarəetmə sisteminə daxil edilməsi ilə ətraf mühitin məsuliyyətinin həyata keçirilməsinə töhfə verməyə çağırırıq.