Şirvan Dövlət Təbiət Qoruğunun yaranmasından 55 il ötür
30 Aprel 2024, 11:40
Şirvan Dövlət Təbiət Qoruğu 30 aprel 1969-cu ildə yaradılıb, Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində Salyan və Neftçala rayon inzibati ərazilərində yerləşir. 2003-cü ildə Şirvan Dövlət Təbiət Qoruğunun bazasında və ətraf ərazilərində Şirvan Milli Parkı yaradılıb və hazırda Şirvan Dövlət Təbiət Qoruğunun sahəsi 4657 hektardır.
Ceyranların (Gazella Subgutturoza) və quşların yaşamasında ərazinin florası, həmçinin bitki örtüyü mühüm əhəmiyyət kəsb edir. Ərazidə yeləşən Durovdağ palçıq vulkanı da qoruğun təbiətinə zənginlik qatır.
Qoruq ərazisində ceyran, boz canavar, çaqqal, tülkü, qamışlıq pişiyi, gəlincik, safsar, çöl donuzu, dovşan, Aralıq dənizi tısbağası, bataqlıq tısbağası, Xəzər gekkonu, koramal, cəld kərtənkələcik, zolaqlı kərtənkələ, biçimli ilanbaş, qurdvari kor ilan, adi su ilanı, qırmızıqarın təlxə, Levantin gürzəsi və digər növlərə rast gəlmək mümkündür.
Şirvan Dövlət Təbiət Qoruğunda 100 növdən çox quş qeydə alınmışdır. Qoruqda quşların yaşayış biotopları yovşanlı – şoranlı, yovşanlı-efemerli, müxtəlifotlu–dənli–efemerli və digər bitki formasiyaları ilə örtülü olan yarımsəhralardan ibarətdir. Ərazidə çay qaraquşu, çöl qartalı, ilanyeyən, ütəlgi qızılquş, şahin qızılquş, ağquyruq çökükdimdik, turac, dovqad, bəzgək, çöl haçaquyruğu və s. quş növlərinə rast gəlinir.