Xəbərlər

ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidməti perspektivli yeni qızıl yatağı aşkar edib

05 Sentyabr 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloqları ölkə ərazisində yeni perspektivli nəcib metal filizləri yataqlarının kəşfi istiqamətində səmərəli nəticə əldə edib. Göygöl rayonunun Tülallar adlanan ərazisində perspektivli yeni qızıl filizi yatağı müəyyən olunub.
Qeyd edək ki, 2002-ci ilədək Tülallar zonasının mərkəzi hissəsi geoloji cəhətdən müəyyən dərəcədə öyrənilsə də, burada qızıl filizləşməsinin perspektivliyi barədə dəqiq məlumat olmayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən Tülallar sahəsinin geoloji cəhətdən yenidən öyrənilməsi prosesinə başlanıb.
2004-2006-cı illərdə Mərkəzi Tülallar zonası ətrafında aparılmış geoloji dəqiqləşdirmə işləri nəticəsində həmin zonaya paralel və onunla müəyyən bucaq altında birləşən bir neçə hidrotermal dəyişmə zonası aşkar olunub və müəyyən edilib ki, Tülallar sahəsində aşkar olunan bütün zonalar qızıldaşıyandır.
2007-2012-ci illərdə Tülallar zonasının Mərkəzi hissəsinin və cinahlarının öyrənilməsi məqsədilə yenidən axtarış işləri aparılıb və 1 mağara, 1 buruq quyusu və 5 xəndək qazılıb. Nəticədə yatağın əvvəlki illərdə müəyyən olunmuş parametrlərinə düzəlişlər edilib və proqnoz resusları yenidən hesablanıb. Yeni parametrlərə əsasən ehtiyatları qızıl üzrə 69,10 ton, gümüş üzrə 296,8 ton təşkil edir.
2004-2006 və 2007-2012-ci illərdə aparılmış kəşfiyyat işləri barədə hesabatlar ETSN-in Elmi Texniki Şurasında ekspert qismində cəlb olunmuş AMEA Geologiya İnstitutu və Azərbaycan Dövlət Neft Akademiyasının alimlərinin iştirakı ilə geniş müzakirə olunmuş, qızılın və gümüşün ehtiyatları P1 kateqoriyası üzrə müvafiq olaraq 69,1 ton və 296,8 ton miqdarında qəbul olunub. Hazırda hesabatlar Nazirliyin Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fondunda saxlanılır.
2011-2012-ci illərdə Tülallar qızıl filizləri yatağının texnoloji xüsusiyyətləri Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən dəqiq tədqiq olunub. Müxtəlif horizontlarını təmsil edən 2 texnoloji filiz sınağının dəqiq maddi tərkibi və texnoloji xüsusiyyətləri qiymətləndirilib.
Tülallar qızıl yatağından götürülmüş filizlərin texnoloji tədqiqi zamanı onların əsasən oksidləşməyə məruz qaldığı aşkar olmuşdur. Bu amil dərinlik üzrə filizlərin daha zəngin ola biləcəyini ehtimal etməyə əsas verir.
Bununla yanaşı, filizlərin emalı üçün eksperimentlərlə təsdiqlənmiş səmərəli hidrometallurgiya texnoloji sxemi və rejimi işlənib hazılanmışdır. Bu emal texnologiyası filizlərin tərkibində olan qızılın 95 %-dən çox çıxarılmasını təmin edir. Gələcəkdə yatağın üst hissəsinin açıq üsulla istismar olunması məqsədəmüvafiq hesab olunur.