Xəbərlər

Qlazqo şəhərində keçirilən BMT-nin İqlim sammitində (COP26) Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev çıxış edib 

11 Noyabr 2021, 16:00

O bildirib ki, qlobal iqlim dəyişikliyi probleminin ciddiliyini dərk edərək, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirak edir.
 
“Biz yaşıl inkişaf yolunu seçmişik. Ölkədə meşə ərazilərinin genişləndirilməsi, bərpa olunan enerji mənbələrindən və enerji baxımından səmərəli texnologiyalardan istifadənin artırılması kimi tədbirlər həyata keçirilir.
 
2030-cu ilə qədər istixana qazı emissiyalarını 35% azaltmaq kimi bir öhdəlik götürmüşük. Lakin, son 30 ilə yaxın müddətdə ölkəmizin 20%-nin Ermənistan tərəfindən işğal edilməsi, bir milyon qaçqın və məcburi köçkünlərin problemləri, işğal altında olan ərazilərdə fauna və floranın, digər təbii sərvətlərin talan edilməsi emissiyaların azaldılması öhdəliyinin icrasına ciddi maneə törədib.
 
Bütün dünyanın iqlim dəyişmələrinin nəticələri ilə mübarizə apardığı, istixana qazlarının emissiyalarının azaldılması üçün qüvvələrini birləşdirdiyi, planetin meşə örtüyünün qorunması üçün çağırış etdiyi bir vaxtda Ermənistanın işğalçı rejimi onilliklər ərzində Azərbaycan ərazisinin 20 %-də unikal ekosistemi məhv edib.
 
Hazırda işğaldan azad edilmiş ərazilərdə on minlərlə hektar meşələrin yandırılması və qırılmasının, dəymiş külli miqdarda ziyanın canlı şahidiyik.
 
İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində bir sıra mühüm qərarlar verilib. Ərazilərin bərpası zamanı "Yaşıl enerji" zonasının yaradılması, "yaşıl kənd təsərrüfatı”, "ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının tətbiqi və geniş ərazilərdə meşələrin bərpası həm regional, həm də qlobal miqyasda iqlim dəyişmələrinin təsirləri ilə mübarizə üzrə ümumi səylərə töhfə verəcək.
 
Qarşımıza yeni hədəflər qoyaraq 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40%-ə qədər azaltmaq və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonası yaratmaq niyyətimizi bəyan edirik”.