Xəbərlər

Mütəxəssis rəyi: Cənub bölgəsində əkiləcək ağaclara qulluq qaydaları  

01 Noyabr 2019, 17:13

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə noyabr ayında bir gündə indiyədək görünməmiş sayda, 650 min ağac əkiləcək.
Cənub bölgəsində hansı ağacların  əkilməsi, əkin qaydaları və əkilən ağacların bitiş faizinin yüksək olması üçün ETSN-nin əkinçilik üzrə mütəxəssisi Rəhim İbrahimov tövsiyələr verib.
Azərbaycanın cənub bölgəsində hansı meyvə ağacları əkilə bilər?
Cənub bölgəsində iqlimə və yerli şəraitə uyğun feyxoa, limon, kinkan, kivi, narıngi, portağal  kimi sitrus meyvələri əkilə bilər.
Sitrus meyvələrinin əkin prosesində nələrə diqqət yetirilməlidir?
Sitrus bitkiləri Azərbaycanın cənub bölgəsində, subtropik iqlimə malik Lənkəran, Masallı və Astara rayonlarda əkilir.
Sitrus meyvə ağacları 40 sm enində və 40 sm dərinliyində, üzvi gübrə ilə qarışıq münbit torpaqda əkilməlidir. Mərhələlərlə qulluq işləri məhsul yığımına qədər davam etməlidir.  Sitrus meyvə ağaclarının  məhsuldarlığını və şaxtaya davamlılığını artırmaq üçün mütəmadi aqrotexniki qulluq göstərilməlidir. Belə ki, sitrus bitkilərinin növündən asılı olmayaraq, cavan bitkiləri şaxtadan fərdi qaydada qoruyurlar. Bu məqsədlə qışda ağacların çətiri, bir yerə yığılaraq bağlanır. Sitrus bitkilərinin şaxtadan qrup halında qorunması məqsədilə isə karkaslar düzəldilir. Karkasların üzəri əvvəlcə birqat örtüklə, hər iki tərəfdən qövslərlə bərkidilir. Sonra isə üstünü tənzif, yaxud da onu əvəz edən digər vasitələrlə örtürlər. Örtük altındakı bitkilərin yarpaq və zoğları örtükdən 15-20 sm aralı olmalıdır. Bitkiləri şaxtadan qorumaq üçün dibləri kök boğazı səviyyəsindən 35-40 sm-ə qədər torpaqla  doldurulmalıdır.
Yaz və payız mövsümündə isə ağacların cərgə araları şumlanmalı, torpağa üzvi və mineral gübrələr verilməklə bitkilərin yaxşı qidalanması təmin edilməlidir. Bitkilərdə zərərəvericilər müşahidə olunduqda kimyəvi preparatlardan istifadə edilməlidir.
Sitrus bitkilərindən feyxoa bitkisi bir birindən 1,5- 2 metrlik məsafədə, iri çətirə malik olan kolları isə 3 metrlik məsafədə əkilməlidir. İsti sevən bitki olmasına baxmayaraq, 25 dərəcədən yuxarı temperaturda inkişafı dayanır. Ərazi seçilərkən bunlar nəzərə alınmalı, işıqlı, yarıgünəşli yerlər seçilməlidir. Torpağın və havanın rütubəti azaldıqca bitkinin inkişafı ləngiyir. Ona görə də, yeni əkilən feyxoa bitkisi isti aylarda 3-4 dəfə, hər dəfəsində 20-30 litr su ilə suvarılmalıdır.
Limon bitkisinin inkişafı üçün istilik çox vacibdir.  Payız və qışda temperatur dəyişdikdə yarpaqları saralır və meyvələri tökülür. Bitkinin boyu 1,5- 2 metrdən çox olarsa yüngül budama aparılmalıdır. Gübrələmə yaz fəslində aparılır və yayın sonunadək davam edir.
Kivi rütubətli ərazilərdə daha yaxşı inkişaf edir. Şaxtaya çox həssasdır, inkişaf dövrü 230-260 gündür. Qrunt suyu üzdədirsə və torpaq gillidirsə kivinin əkilməsi məsləhət deyil. Bu bitki ən azı qrunt suyunun 1 metrdən aşağı olduğu sahələrdə əkilə bilər. Kivinin yaxşı inkişaf etməsi üçün 1,8-2 metrlik talvar düzəldilməlidir. Hava axınını təmin etmək üçün bir- birinə mane olan budaqlar kəsilib götürülməlidir. Kivi ağacının meyvə verməsi üçün tozlandırmaq məqsədilə  erkək və dişi növlərin birgə əkilməsi vacibdir.
Portağal ağacı çox qulluq tələb etmir, suvarma illik yağıntının miqdarından asılı olaraq aparılır, həftə ərzində 3 kub metr su tələb edir.