“Tullantıları İdarəetmə Mərkəzi” MMC

“Tullantıları İdarəetmə Mərkəzi” MMC-nin  fəaliyyət istiqaməti

“Tullantıları İdarəetmə Mərkəzi” MMC 2004-ci ildə Sumqayıt şəhəri ərazisində formalaşan civə ilə  çirklənmiş torpaqların zərərsizləşdirilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi  tərəfindən təsis edilmişdir. Öz fəaliyyət istiqamətini təkminləşdirən müəssisə Respublika ərazisində formalaşan,ətraf mühit və insan sağlamlığı üçün təhlükə yarada biləcək tullantıların zərərsizləşdirilməsi və utilizasiya edilməsi işlərini həyata keçirməkdədir. Müəssisədə təhlükəli  tullantıları sağlamlığın mühafizəsi, əmək təhlükəsizliyi qaydaları, ətraf mühitin yüksək səviyyədə qorunması şərtləri nəzərə alınaraq xüsusi hücrələrdə zərərsizləşdirilir. Hücrələrin  torpaqla və ətraf  mühitlə heç bir təması olmaması məqsədi ilə yüksək keyfiyyətli müasir geomembran(polimer) və geotekstil materiallar ilə tam izolyasiya edilmişdir. “Tullantıları İdarəetmə Mərkəzi” MMC hal-hazırda partlayıcı və radioaktiv maddələr istisna olmaqla qazma şlamı, çirklənmiş torpaqlar (neft,civə, kimyəvi maddələr və s.ilə),istifadə tarixi  keçmiş qida məhsulları, tibbi tullantılar  və digər  bu yönümlü  tullantıları  qəbul  edərək  zərərsizləşdirir. Hücrələrin təbiətə təsirinin müəyyən edilməsi məqsədi ilə mütəmadi olaraq poliqon ərazisində kompleks ekoloji monitorinqlər aparılır. 50 hektar ərazidə mövcud olan müəssisənin 0.02 hissəsi inzibati sahə, 1 hektarı yaşıllıq sahəsi, qalan hissəsi isə əməliyyat sahəsini (poliqonu) əhatə edir. Poliqonda 4 ədəd  hücrə mövcuddur. Bunlardan həcmi 50 000 m3və 250 000 m3 olan hücrələr tam  dolaraq  konservasiya  olunmuşdur. Digər  həcmi 100 000 m3 və 250 000 m3  olan  hücrələr  isə fəaliyyət  göstərməkdədir. Poliqonun  potensialını nəzərə  alaraq yaxın  gələcəkdə həcmi 50 000 mvə 250 000 m3 olan hücrələrin  inşası nəzərdə tutulur. Bundan əlavə “Tullantıları İdarəetmə Mərkəzi” MMC-də  transformator  yağlarının polixlorbifinildən (pxb) təmizlənməsi üçün xüsusi  qurğu da fəaliyyət göstərməkdədir. Qeyd etmək istərdik ki, yuxarıda  sadalanan təhlükəli  tullantıları kənar təsirlərə məruz qalmadan, təhlükəsiz şəkildə poliqona daşınması xüsusi növ nəqliyyat vasitələri ilə  həyata  keçirilir. “Tullantıları İdarəetmə Mərkəzi” MMC-nin hal-hazırkı fəaliyyətində prioritet istiqamət Azərbaycan Respublikası ərazisində mövcud olan bu kimi təhlükəli tullantıları müəssisəyə cəlb etməklə ətraf mühitə və təbiətə zərərlərini təsirini azaltmaqdır.