Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksi
Gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli məqsədi ilə 2013-cü ildə Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən, tərs osmos membranları ilə təchiz olunmuş və yüksək texnologiyaya əsaslanan zavod inşa edilmişdir.
Gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli məqsədi ilə 2013-cü ildə Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən, tərs osmos membranları ilə təchiz olunmuş və yüksək texnologiyaya əsaslanan zavod inşa edilmişdir.
Zavodun tikilməsi ideyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məxsusdur və Yer kürəsində təmiz suya olan tələbatın get-gedə artması fonunda regionda ən az şirin su ehtiyatına malik olan Azərbaycanda alternativ mənbələrin üzə çıxarılması, onlardan istifadənin təşkilində təcrübə əldə etmək məqsədilə pilot layihə kimi həyata keçirilmişdir.
İlk mərhələdə zavodda dəniz suyundan sutkada 1000 m3 şirin su istehsal etmək üçün avadanlıq quraşdırılmışdır.
Ehtiyaclar nəzərə alınaraq 2016-cı ildə zavodun gücü əlavə tikinti-quraşdırma işləri aparmadan 2 dəfə artırılaraq sutkada 2000 m3 çatdırılmışdır.
Zavodda gələcəkdə az məsrəfli əlavə işlər görməklə alınan təmiz suyun həcmini 20 000 m3-dək çatdırılmasına imkan verəcək müvafiq infrastruktur yaradılmışdır. Dənizdən suyun götürülməsi üçün uzunluğu 200 metr, eni 8 metr, dəniz səviyyəsindən hündürlüyü 5 metr olan damba inşa edilmiş, 1 ədəd həcmi 500 m3 və 2 ədəd 200 m3 olmaqla, cəmi 3 ədəd xüsusi örtüklə izolyasiya olunmuş dəmir su çənləri, 2 ədəd həcmi 500 m3, 1 ədəd 250 m3, 2 ədəd 2000 m3 olmaqla, cəmi 5 ədəd yeraltı dəmir-beton su anbarları, 1 ədəd 20000 m3 geotekstil membran örtüyü ilə izolyasiya olunmuş şirin su anbarı və 1 ədəd 25000 m3 dənizdən qəbul edilən duzlu su üçün torpaq su anbarları, avadanlıqların quraşdırıldığı 750 m2 bina, 120 m2 ofis binası və s. inşa edilmişdir.
Bundan başqa, 2012-ci ildə Şirvan kollektorunun suyunun duzsuzlaşdırılaraq suvarılmaya yararlı vəziyyətə gətirilməsi üçün sutkada 2500 m3 gücündə qurğu inşa edilmişdir. 2016-cı ildə 2-ci qurğu inşa edilərək istehsal gücü 2 dəfə artırılaraq 5000 m3 çatdırılmışdır. Burada həcmi 500 m3 olan xüsusi örtüklə izolyasiya olunmuş metal su çəni qurulmuş, 1 ədəd həcmi 750 m3 və 1 ədəd 2000 m3 olmaqla, cəmi 2 ədəd yeraltı dəmir-beton su anbarı inşa edilmişdir. Azməsrəfli adi texnologiyalardan istifadə etməklə Şirvan kollektorunun suyunu içməli su keyfiyyətinə çatdırmaq mümkündür. Bu gün Dəniz suyunun duzsuzlaşdırılması zavodu və Şirvan kollektorunun suyunun duzsuzlaşdırılması qurğularında gündə 7000 m3 həcmində suvarmaya yararlı su istehsal olunur.
2013-cü ilin yanvarından istismara verilmiş Dəniz suyunun duzsuzlaşdırılması zavodu və Şirvan kollektorunun suyunun duzsuzlaşdırılması qurğularında bu günədək 6 milyon kubmetrdən artıq su istehsal edilmişdir. Hazırda bu sulardan suvarmaya yararlı suyun məhdud olduğu ətraf ərazilərdə salınmış 700 hektar yaşıllıqların, o cümlədən zeytun plantasiyalarının və ildə 1 milyondan artıq əkin materialı yetişdirilən tinglik sahələrinin suvarılmasında istifadə olunur.