1961-ci ilin noyabrında Laçın rayonunun ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı məməliləri və quşları qoruyub artırmaqdır. Ərazisi 20 000 hektardır.
Ərazi əsasən vələs (Carpinus), cökə (Tilia), ağcaqayın (Acer), palıd (Quercus) cinsli meşələrdən ibarətdir. Burada bir sıra heyvanların da məskunlaşması üçün əlverişli şərait vardır. Yasaqlıqda Bezoar keçisi (Capra aegagrus), Avropa cüyürü (Capreolus capreolus), çöl donuzu (Sus scrofa), boz dovşan (Lepus europaeus), boz canavar (Canis lupus), adi porsuq (Meles meles), meşə dələsi (Martes martes), qonur ayı (Ursus arctos) və s. məməlilərə, adi çil kəklik (Perdix perdix), Qafqaz tetrası (Lyrurus mlokosiewiczi) adi bildirçin (Coturnix coturnix), alabaxta (Columba palumbus) kimi quşlara rast gəlinir.
2020-ci il dekabrın 1-də Laçın rayonu erməni işğalından azad edilmişdir. 30 ilədək işğal dövründə erməni işğalçıları tərəfindən ərazinin təbii sərvətlərinə və təbii mühitinə ciddi ziyan vurulub, meşələr qırılıb, təbii ekosistemlər məhv edilib və vəhşi heyvanlar öz yaşayış areallarını tamamilə itirmişdir.
Hazırda işğaldan azad edilmiş ərazilərdə bioloji müxtəlifliyin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış İşçi qrupun fəaliyyəti çərçivəsində həmin ərazilərdə fauna və flora aləminin növ tərkibinin yenidən öyrənilməsi və təbiət abidələrinin invertarlaşdırılması istiqamətində monitorinq işləri aparılır.