Korçay Dövlət Təbiət Yasaqlığı

1961-ci ilin noyabr ayında Xanlar və Goranboy rayonlarının ərazisində yaradılmışdır. Yaradılmasının əsas məqsədi ərazidəki ov əhəmiyyətli heyvan və quşları qorumaqdır. Yasaqlığın ümumi sahəsi 15.000 hektardır.

Ərazinin təbii landşaftı və coğrafi relyefi eyni adlı Qoruğun relyefi ilə eynidir. Bu ərazilərdə bitki örtüyü çoxillik kserofil ot və yovşanlı-efemerli və yovşanlı-şorangəli bitki formasiyalarından ibarətdir. Korçay vadisində seyrək yulğun kolları, qarğı və qamışdan ibarət bitki qruplaşmaları, Kür çayı boyu isə tuqay tipli meşələr yayılmışdır.

Burada məməlilərdən ceyran (Gazella subgutturosa), boz dovşan (Lepus europaeus), adi tülkü (Vulpes vulpes), adi çaqqal (Canis aureus), boz canavar (Canis lupus), quşlardan adi çil kəklik (Perdix perdix), adi turac (Francolinus francolinus) və s. vardır.