1969-cu ilin iyul ayında yaradılmışdır. Yasaqlıq əsasən İsmayıllı, qismən də Qəbələ rayonlarının ərazisində yerləşir. Əvvəl ərazisi 34 400 hektar olmuş, müvafiq dövlət qərarı əsasında isə 23 437,85 hektara qədər azaldılmışdır.
Yasaqlığın yaradılmasında əsas məqsəd burada məskunlaşmış heyvanların qorunması və sayının artırılmasıdır.
Ərazinin bitki örtüyü alp və subalp dağ-çəmən və meşə bitkilərindən ibarətdir. Meşə ilə örtülü sahələr əsasən vələs (Carpinus), fıstıq (Fagus) və palıd (Quercus) cinsli ağaclardan ibarətdir. Yasaqlığın ərazisində heyvanlar aləmi həm növ, həm də say etibarilə çox zəngindir. Burada quşlardan adi çil kəklik (Perdix perdix), adi bildirçin (Coturnix coturnix), adi turac (Francolinus francolinus), alabaxta (Columba palumbus), Qafqaz uları (Tetraogallus caucasicus), məməlilərdən boz canavar (Canis lupus), adi çaqqal (Canis aureus), vaşaq (Lynx lynx), meşə pişiyi (Felis silvestris), Amerika yenotu (Procyon lotor), meşə dələsi (Martes martes), boz dovşan (Lepus europaeus) məskunlaşmışdır.