24 noyabr 1988-ci ildə Şuşa şəhərinin ətrafında yaradılmışdır. Sahəsi 450 hektardır. Şuşa şəhəri və Şuşa rayonu Qarabağın, Azərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixi abidəli sahələrindən biridir. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardır.
Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyidir.
Burada palıd (Quercus), vələs (Carpinus), ağcaqayın (Acer), cökə (Tilia), göyrüş (Fraxinus), yemişan (Crataegus), itburnu (Rosa), zoğal (Cornus), əzgil (Mespilus), alma (Malus), armud (Pyrus), alça (Prunus) və s. ağac və kol bitkiləri inkişaf edir. Ərazi endemik və nadir bitkilərlə, həmçinin dərman əhəmiyyətli bitkilərlə zəngindir.
Burada Avropa cüyürü (Capreolus capreolus), çöl donuzu (Sus scrofa), daşlıq dələsi (Martes foina), boz dovşan (Lepus europaeus), boz canavar (Canis lupus), adi çaqqal (Canis aureus) və müxtəlif quş növləri məskunlaşmışdır.
2020-ci il noyabrın 8-də Şuşa şəhəri erməni işğalından azad edilmişdir. 30 ilədək işğal dövründə erməni işğalçıları tərəfindən ərazinin təbii sərvətlərinə və təbii mühitinə ciddi ziyan vurulub, meşələr qırılıb, təbii ekosistemlər məhv edilib və vəhşi heyvanlar öz yaşayış areallarını tamamilə itirmişdir.
Hazırda işğaldan azad edilmiş ərazilərdə bioloji müxtəlifliyin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış İşçi qrupun fəaliyyəti çərçivəsində həmin ərazilərdə fauna və flora aləminin növ tərkibinin yenidən öyrənilməsi və təbiət abidələrinin invertarlaşdırılması istiqamətində monitorinq işləri aparılır.