Biomüxtəliflik

                                          CİTES Konvensiyası haqqında məlumat

Azərbaycan Respublikası, ”Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiyaya (CİTES) və həmin Konvensiyanın iştirakçı dövlətlərinin “Nərə balıqlarının qorunmasına dair” Qətnaməsinə qoşulmaq barədə Azərbaycan Respublikasının 23 iyun 1998-ci il tarixli 507-IQ nömrəli Qanunu ilə  Konvensiyaya qoşulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin ”Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiyaya qoşulmuş (CİTES) digər tərəflər və Katiblik ilə əlaqə saxlamaq üçün onun Azərbaycan Respublikasında inzibati orqanın təyin edilməsi barədə 8 iyul 1999-cu il tarixli 188 nömrəli Sərəncamı ilə Konvensiyanın məqsədləri üçün Azərbaycan Respublikasında inzibati orqan- sabiq Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi (hazırda ETSN) təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 10 may 2005-ci il tarixli 912-IIQ D nömrəli Qanunu ilə ”Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiyaya (CİTES) və həmin Konvensiyanın iştirakçı dövlətlərinin “Nərə balıqlarının qorunmasına dair” Qətnaməsinə qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunununda dəyişikliklər edilmişdir. ”Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya” üzrə Azərbaycan Respublikasının elmi orqanlarının təyin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 may 2006-cı il tarixli 1472 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (nərə cinsli balıq növləri üzrə) və Azərbaycan Milli Elmlər Akademiyası (digər vəhşi fauna və yabanı flora növləri üzrə) Konvensiya üzrə Azərbaycan Respublikasının elmi orqanları təyin edilmişdir.

Konvensiya Katibliyinin tövsiyələrinə müvafiq olaraq, ”Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin” daxili qanunvericiliyə  uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2009-cu il tarixli 2 nömrəli Qərarı ilə  ”Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları” təsdiq edilmişdir.

CİTES Konvensiyasının əsas məqsədləri, kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin və onların məskunlaşdığı təbii şəraitin qorunmasının təmin edilməsinə diqqətin artırılması, bu növlərin, onların hissələrinin və derivatlarının beynəlxalq ticarətinın Konvensiyanın və daxili qanunvericiliyin tələblərinə müvafiq təmin edilməsindən ibarətdir.

Konvensiyanın I, II və III Əlavələri müəyyən edilmişdir. Populyasiyalar üzv ölkələrin təqdimatı əsasında,  mövcud vəziyyətindən asılı olaraq bu Əlavələrə daxil edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2009-cu il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş ”Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları” ilə də 1-ci, 2-ci və 3-cü əlavələr müəyyən edilmişdir və bu Əlavələrə daxil edilmiş növlər Konvensiyanın I, II və III Əlavələrində yoxdur.