Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin ixracı və idxalı üçün icazənin (sertifikatın) verilməsi proseduru:
Hər bir hüquqi və fiziki şəxs “Bir pəncərə” İxraca Dəstək Mərkəzinə müraciət edərək kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazə (sertifikat) ala bilər. Sertifikatı almaq üçün “bir pəncərə” prinsipi əsasında aşağıdakı sənədlər tələb olunacaq:
- Fiziki və ya hüquqi şəxslərin ərizə müraciəti;
- Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və ya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin (dövlət reyestrindən çıxarışın) surəti;
- Elmi orqanın rəyi.
- Nümunələrin Azərbaycan Respublikasının hüdudları daxilində əldə edilməsi (tutulması, vurulması, yığılması) barədə təsdiqedici sənədin surəti və dəyişmə, alqı-satqı, bağışlama, vərəsəlik yolu ilə əldə edilən nümunələrin təbii mühitdən götürülməsinin qanuniliyini təsdiq edən sənədlər;
Sertifikat tələb edilən vəhşi fauna və yabanı flora növlərinə görə, əlavə sənədlər tələb oluna bilər:
- Konvensiyanın I Əlavəsinə daxil edilmiş nümunələrin ixrac olunacaq ölkənin inzibati orqanı tərəfindən həmin nümunənin idxalına icazə/sertifikatının surəti;
- Baytarlıq və fitosanitar normalara cavab verdiyini təsdiq edən sənədlər;
- Konvensiyanın I və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2009-cu il 2-nömrəli Qərarının 1 nömrəli Əlavələrinə daxil edilmiş nümunələrin süni şəraitdə yetişdirilməsini (onun valideyinlərinin 2-ci nəsli barədə məlumatlar göstərilməklə) təsdiq edən sənədlərin surətləri.
Dövlət rüsumu
Qeyd edək ki, kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazənin (sertifikatın) verilməsi üçün dövlət rüsumu tələb olunmur.
Sertifikatın verilməsi müddəti.
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazənin (sertifikatın) verilməsi ilə bağlı müraciət daxil olandan sonra 5 gün ərzində cavablandırılır.