1966-cı ilin may ayında Bərdə və Ağdam rayonlarının ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasının əsas məqsədi Kürətrafı tuqay meşələrini və onların faunasını qoruyub zənginləşdirməkdir. Ümumi sahəsi 7500 hektardır.
Ərazinin təbii bitki örtüyü əsasən qovaqdan ibarət olan kompleksdən, qovaq, söyüd, tut və s. ağaclardan ibarət cavan meşəlikdən, yulğun kollarının üstünlük təşkil etdiyi kolluqlardan, palıd ağaclarının üstünlük təşkil etdiyi meşəlikdən ibarətdir.
Yasaqlıqda məməlilərdən çöl donuzu (Sus scrofa), adi çaqqal (Canis aureus), adi tülkü (Vulpes vulpes), meşə pişiyi (Felis silvestris), qamış pişiyi (Felis chaus), adi porsuq (Meles meles), meşə dələsi (Martes martes), boz dovşan (Lepus europaeus) və s., quşlardan adi qırqovul (Phasianus colchicus), adi turac (Francolinus francolinus), fitçi ördək (Anas crecca), qırmızıbaş dalğıc (Aythya ferina), meşə cüllütü (Gallinago gallinago), alabaxta (Columba palumbus), kiçik qarabatdaq (Microcarbo pygmaeus), böyük qarabatdaq (Phalacrocorax carbo) və s. məskunlaşmışdır.