Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədrinin Sərəncamı ilə 23 sentyabr 2005-ci ildə yaradılmışdır. Yaradılmasında əsas məqsəd təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması, ekoloji tarazlığın saxlanılması, həmçinin tarixi mədəniyyət, arxeoloji və memarlıq abidələrinin (Gülüstan türbəsi, Culfa körpüsü və s.) qorunub saxlanılması olmuşdur. Bu yasaqlıq Arazboyu ərazilər olan Sədərək, Şərur, Kəngərli, Babək, Culfa və Ordubad rayonlarının inzibati ərazilərində yerləşir. Sahəsi 9118 hektardır.
Yasaqlıqda nadir və nəsli kəsilmək təhlükəsi altında olan bir sıra flora növləri – Qafqaz dağdağanı (Celtis caucasica), qrossheym südlüyəni (Euphorbia grossheimii), qəşəng süsən (Iris elegantissima), sirkənvari həlməl (Zygophyllum atriplicoides), adi əncir (Ficus carica), adi nar (Punica granata) və fauna növləri - Merkuri və Linden iynəcəsi, qısaqanad bolivariya (Bolivaria brachyptera), qıvrımələk qutan (Pelecanus crispus), çəhrayı qutan (Pelecanus onocratalus), adi ərsindimdik (Platalea leucorodia), adi göydimdik (Oxyura leucocephala), kiçik qu quşu (Cygnus bewickii), mərməri ördək (Marmaronetta angustirostris), ağquyruq dəniz qartalı (Haliaeetus albicilla), saqqallı kərkəs (Gypaetus barbatus), imperator qartalı (Aquila heliaca), qamışlıq pişiyi (Felis chaus), manul pişiyi (Otocolobus manul), Kiçik Asiya kərtənkələsi (Parvilacerta parva), Suriya sarımsaqiylisi (Pelobates syriacus) mühafizə olunur.