Nazik qaz sipəri olan ozon təbəqəsi Yer kürəsini günəşin məhvedici radiasiyasından qoruyur və beləliklə, planetimizdə həyatı mühafizə edir. Yer kürəsində olan bütün canlıları ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatının qorunması problemi dünya ölkələri üçün birinci dərəcəli problemlərdən sayılır. Beynəlxalq ozon qatının mühafizəsinin devizi belədir: “Səmanı qoru, özünü qoru, ozon təbəqəsini qoru”. 1994-cü ildə BMT-nin Baş Assambleyası sentyabr ayının 16-nı “Beynəlxalq ozon təbəqəsinin mühafizəsi günü” elan etmişdir. Bu gün ozon təbəqəsini dağıdan maddələrə dair imzalanan Monreal protokolunun tarixə salınması məqsədilə təyin olunmuş və dövlətlərə bu tarixi Monreal protokoluna uyğun fəaliyyətlərin təbliğatına həsr etmək təklif edilmişdir. “Ozon təbəqəsinin qorunması haqqında” Vyana Konvensiyasında əks olunan və sonradan dağıdıcı xüsusiyyət daşıyan maddələrə dair Monreal protokolunda həyata keçirilən ozon təbəqəsinin qorunması beynəlxalq təşəbbüsdür. Protokolda iştirakçılar tərəfindən öhdəliyə götürülmüş müəyyən hədlər, ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə dayandırılması müəyyən olunmuşdur. Bu gün Vyana Konvensiyasına 173 dövlət qoşulmuşdur.