Şəki Dövlət Təbiət Yasaqlığı

26 fevral 1964-cü il tarixində Şəki rayonunda yaradılmışdır. O, Əyriçayın hövzəsində Yevlax- Şəki və Şəki-Oğuz şosse yollarının arasında yerləşir. 
Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları, xüsusilə qırqovul və turac kimi quşları, qonur ayı və çöl donuzu kimi heyvanları qorumaqdır. Sahəsi 10350 hektardır. 
Ərazi zəngin bitki örtüyünə malikdir. Meşə sahələri palıd, qızılağac, qoz, tut kimi ağaclardan ibarətdir. Çay dərələrində meşə əmələ gətirən ağaclarla birlikdə yemişan, əzgil, böyürtkən, alça kolları keçilməz cəngəlliklər əmələ gətirir. 
Şəki yasaqlığında qonur ayı, çöl donuzu, canavar, çaqqal, tülkü, meşə pişiyi, yenot, porsuq, dovşan, samur, meşə dələsi, sincab kimi məməlilər, qırqovul, turac, meşə göyərçini, alabaxta, bekas, bildirçin, yaşılbaş ördək kimi quşlar məskunlaşmışdır.